Əlaqə Arxiv
news Image
2020.12.05
09:00
| A A A
Keçmiş münaqişənin həllinə 30 il maneçilik törədən ATƏT-in Minsk qrupu indi nə istəyir?
Faiq Ələkbərli:“Görünür hələ də bəyanat verənlər bu məsələnin hələ də münaqişə şəkilində qalmasında maraqlıdırlar və öz fikirlərini də bu yöndə irəli sürürlər” “Mənə elə gəlir ki, onlar hələ də Qarabağda yaşamağa davam edən ermənilərə bu və digər anlamda hər hansı bir statusun verilib verilməyəcəyi məsələsini ortaya qoymağa çalışırlar”. “Bu, dövlət başçısı səviyyəsində rəsmən bəyan edilmiş bir məsələdir ki, ermənilərə heç bir status verilməyəcək”.
ATƏT-in Minsk qrupu həmsədrlərinin nümayəndə heyəti rəhbərləri Qarabağla bağlı bəyanat veriblər. Bəyanatda bildirilir:”ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsi dövründə, o cümlədən son hərbi əməliyyatlar zamanı didərgin düşmüş insanların könüllü və təhlükəsiz şəkildə geri qayıtması üçün müvafiq şərait yaradılmasının zəruri olduğunu, Dağlıq Qarabağda və ətraf ərazilərdə tarixi, dini mirasın mühafizəsinin əhəmiyyətini də vurğulayıblar”.
Bəyanat müəllifləri həmsədrlərin himayəsilə uzunmüddətli sülh razılaşmasına nail olmaq üçün Azərbaycan və Ermənistanı hazırkı atəşkəsdən yararlanmağa da çağırırlar: “Bu baxımdan həmsədr ölkələr ilk fürsətdə həmsədrləri regionda qəbul edərək razılaşdırılmış cədvələ uyğun olaraq bütün həll olunmamış məsələlərə dair konkret danışıqlara başlamağa israrla çağırırlar”.
“Həll olunmamış məsələlər” dedikdə həmsədrlər nəyi nəzərdə tuta bilərlər və nə üçün “dini mirasın mühafizəsi” məsələsi tez-tez gündəmə gətirilir?
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, siyasi icmalçı Faiq Ələkbərli “Mövqe”yə şərhində bildirdi ki, münaqişənin mövcud olduğu 28-30 ildə indiyə qədər ATƏT-in Minsk qrupu, həmsədr ölkələr Azərbaycanla bağlı obyektiv tutmayıblar, təşkilatın verdiyi son bəyanatda bu qəbildəndir. “ATƏT-in Minsk qrupunun həmsədr ölkələri indiyə qədər Azərbaycanla bağlı heç bir obyektiv mövqe nümayiş etdirməyib, bütün hallarda separatçı Ermənistanı müdafiə edib. Xüsəsn də, Fransanın bu məsələdə mövqeyi məlumdur. Rusiyanın da bu məsələdə hansı mövqe tutması bizə bəlli olmuşdu. Hesab edirəm ki, nisbətən ABŞ Qarabağ münaqişəsinin həlli ilə bağlı obyektiv mövqe tutmağa çalışmışdı. Ancaq bütövlükdə götürdükdə heç də həmişə ABŞ bu obyektivliyi qoruyub saxlaya bilməmişdi. ATƏT-in ATƏT-in Minsk qrupununun “həll edilməmiş” “məsələlər”i səsləndirməsi açıq - aşkar onu göstərir ki, onlar burada hansısa “problem”lərin qaldığını iddia etmək istəyirlər. Mənə elə gəlir ki, onlar hələ də Qarabağda yaşamağa davam edən ermənilərə bu və digər anlamda hər hansı bir statusun verilib verilməyəcəyi məsələsini ortaya qoymağa çalışırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm müharibə zamanı, həm də müharibədən sonrakı  dövrdə bildirdi ki, Qarabağda ermənilərə hər hansı bir status verilməsindən söhbət gedə bilməz. Bu dövlət başçısı səviyyəsində rəsmən bəyan edilmiş bir məsələdir ki, ermənilərə heç bir status verilməyəcək. Bir məqamı qeyd edim ki, Azərbaycan çoxmillətli, çox konfensiyalı ölkədir və burada yaşayan hər bir xalq öz mədəniyyətini, dilini, dinini sərbəst şəkildə yaşadır, onlara heç bir maneçilik yoxdur. Ölkəmizdə bütün etnik qrupların mədəni hüquqları tanınır. Fikrimcə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransa bu məsələnin daha da mürəkkəbləşməsində maraqlıdır. Görünən odur. Atətin Minsk qrupu “həll olunmamış” “məsələlər” dedikdə hazırda Qarabağın dağlıq ərazilərində- Xankəndində, Ağdərədə, Xocavənddə və s yaşayan ermənilərə hər hansısa bir status verilməsi istəklərini öz aləmində dilə gətirmək istəyirlər. Təbii ki, ermənilər də Azərbaycan Respublikasının vətəndaşları kimi bizim konstitutsiyamız çərçivəsində haqq və hüquqlarından istifadə edə bilərlər və etməlidirlər də. Çünki onlar Azərbaycan vətəndaşlarıdır. Ancaq onlara Azərbaycan Respublikasının Konstitutsiyasına zidd olan heç bir haqq və hüquq tanına bilməz. Hesab edirəm ki, bu kimi məsələlərin mahiyyətini ancaq bu cür dərk etmək lazımdı. Son bəyanatlarından da görünür ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqeyində elə də ciddi dəyişiklik yoxdur. Ümid edirdik ki, bəlkə Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonra Minsk qrupunun həmsədrlərinin mövqeyində dəyişiklik baş verə bilərdi. Ancaq biz xüsusən də Fransanın timsalında bunun baş vermədiyini bir daha gördük. Görünür, hələ də bəyanat verənlər bu məsələnin hələ də münaqişə şəkilində qalmasında maraqlıdırlar və öz fikirlərini də bu yöndə irəli sürürlər”.
F.Ələkbərlinin sözlərinə görə bu isə heç də ürək açan məsələ deyil. F.Ələkbərlinin fikrincə, ATƏT-in Minsk qrrupu tərəfindən yayılan son bəyanat rəsmi Bakı tərəfindən dəyərləndiriləcək və onlara tutarlı cavab veriləcək.
Leyla QARAXANLI
Sizin Reklam Yeriniz