Əlaqə Arxiv
news Image
2020.12.05
13:33
| A A A
Kapitulyasiyanın bütün şərtlərinin reallaşmasını gözləmək lazımdır
Nazim Cəfərsoy: “Lavrov həmin məsələni Qərbin maliyyə resurslarının bölgəyə gəlməsi nöqteyi-nəzərindən qaldırıb”
 

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvü olan ölkələrin daha fəal iştirak edəcəyini gözləyir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu fikri ATƏT üzvü olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iştirakçılarına video-müraciətində söyləyib: “Münaqişələrin nizamlanmasında bu təşkilatın potensialına ehtiyac qalır. ATƏT məkanında böhranların həllinə dair əldə edilmiş razılaşmalar iştirakçı dövlətlər tərəfindən daha artıq dərəcədə dəstəklənməlidir. Bu, həmin razılaşmaların reallaşmasına şərait yaradacaq. Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına tətbiqən belə bir dəstək gözləyirik və buna hər vasitə ilə kömək edəcəyik. ATƏT-in Minsk qrupunun üç həmsədri arasında əməkdaşlığı yüksək qiymətləndiririk”.
Xatırladaq ki, ATƏT və Minsk qrupunun üç həmsədrindən ikisi Azərbaycanın həyata keçirdiyi prosesdə demək olar ki, heç bir rol almadı. Bir növ həmsədrlərdən Fransa və ABŞ oyundan kənar vəziyyətə salındı. Həmin mərhələdə bu iki ölkənin kərar qalması əlbəttə ki, Rusiyanın maraqlarına cavab verirdi.  Lakin sonradan gördük ki, digər tərəflər də prosesdə iştirakçı və hətta aktiv olmaq istəklərini ortaya qoydu. Belə ki, bəzi ölkələr və yaxud onun siyasi elitası tərəfindən Qarabağ münaqişəsinin tənzimlənməsinə xidmət edən üçtərəfli sazişi şübhə altına alan fikirlər səsləndirildi. Elə həmin dövrdə Rusiya XİN-in rəhbəri bu ölkələrə işarə edərək bəyan etdi ki,  prosesi əngəlləmək istəyən qüvvələr var.  Ancaq birdən-birə  o, ATƏT üzvlərini nizamlanma prosesində aktiv olmağa səsləyir. Bəlli məsələdir ki, Moskva sözügedən prosesdə aparıcı rola sahib çıxmasaydı, digər qüvvələrin orada iştirakını ümumiyyətlə arzulamazdı. Ancaq indiki halda, kimin istəyib-istəməməsindən asılı olmayaraq prosesdə Moakva aparıcı roldadır. Belə olan halda Kremlin ATƏT-in timsalında digər qüvvələri də prosesdə fəal olmağa səsləməsi nədən qaynaqlanır? Ümumiyyətlə, S.Lavrovun belə bir gözləntini dilə gətirməsi nədən irəli gəlir? ATƏT acizlikdən, yoxsa inciklikdən bu günə qədər münasibətini açıqlamayıb?
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi sədrinin müavini Nazim Cəfərsoyun fikrincə, Rusiya XİN naziri bu fikirləri sadəcə Qərbin maliyyə resurslarının bölgəyə gəlməsi üçün diqqət mərkəzinə gətirib: “ATƏT üzvləri, xüsusən də Fransa bölgəmizdə gedən proseslərdən çox narahat olub. Onlar əsasən də Azərbaycanda Türkiyənin mövqeyinin daha da möhkəmlənməsindən əndişələniblər.  Münaqişə ətrafında cərəyan edən son proseslər ATƏT-in Minsk qrupunun iki həmsədr ölkəsini qıcıqlandırıb. Buna görə hətta Moskvaya səfər də etdilər. Bir neçə dəfə Fransa Prezidenti  Emmanuel Makron Rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi qurdu.  Amerika hökuməti bu məsələdə o qədər fəal olmasa da, Departament səviyyəsində müəyyən cəhdlərdə bulunublar. Hər iki ölkədə erməni diasporası güclüdür.
Bu mənada Rusiya XİN rəhbərinin açıqlaması  həm sözügedən ölkələrlə Rusiyanın ümumi münasibətlərinin bir parçası kimi nəzərdə tutulur. Başqa bir tərəfdən, artıq münaqişə ətrafında hərbi faza başa çatıb. İndi sülh prosesi, quruculuq işlərinin həyata keçirilməsi məsələləri önəmlidir. Bu fonda təbii ki, Lavrov həmin açıqlamanı Qərbin maliyyə resurslarının bölgəyə gəlməsi nöqteyi-nəzərindən də qaldıra bilər. Çünki Rusiya bölgənin bərpası və digər məsələlər üzrə bütün yükü öz çiyninə almaq imkanında deyil.  Ümumiyyətlə, Rusiya humanitar məsələdə öndə olmaqda çox da istəkli deyil. Ona görə də prosesə digər ölkələri, Qırmızı Xaç Cəmiyyəti, BMT-nin Qaçqınlar Komitəsi və digərlərini də cəlb etmək istəyir”.
Digər tərəfdən, həmsöhbətimizə görə, Lavrovun həmin açıqlaması sadəcə diplomatik söz xatirinə deyilən sözlər də ola bilər:  “Çünki ATƏT-in digər üzvləri bölgəyə gəlib nə edəcəklər ki? Həmsədr olaraq Fransa tamamilə obyektivliyini itirib, birmənalı olaraq bu ölkə ermənipərəst mövqe sərgiləyir. Fransa Senatı və Milli Məclisi qondarma rejimi tanımaqla bağlı qərar verib. Belə olan halda, həmin ölkənin nizamlanma prosesində iştirakı necə ola bilər axı? Düzdür, Fransa hökuməti qanunverici orqanların qərarına        qarşı çıxaraq qondarma rejimi tanımayacaqını bildirib”.
Başqa bir tərəfdən N. Cəfərsoy bildirdi ki, Lavrovun ATƏT-i prosesdə fəal olmağa səsləməsi Ermənistanı vəziyyətdən çıxarmaq məqsədi də daşıya bilər: “Bütün hallarda  Rusiya XİN rəhbərinin dedikləri hələ ki, sözdür. Onun reallaşıb reallaşmayacağını indidən söyləmək olmaz.  Onların prosesdə iştirakı üçün münaqişə tərəfləri müzakirəyə başlamalı və buna razılıq verməlidir.  Ona qədər 10 noyabr bəyanaməsinin şərtləri tamamklə həyata keçməlidir.  Bu istiqamətdə xeyli şərtlər hələ ki, reallaşmayıb.  Hələ də bəzi ərazilərdə Ermənistanın və qondarma rejimin müəyyən qanunsuz silahlı birləşmələri qalmaqdadır.  Azərbaycanlı məcburi köçkünlər hələ geri qayıtmayıb.  Bunlar həll olunmadan ATƏT üzvləri bura gəlib nə edəcəklər ki? Ona görə Lavrovun bu açıqlamasının nə dərəcədə real olduğunu zaman göstərəcək. Hazırki situasiyada onun praktiki olaraq dəyər kəsb etdiyini düşünmürəm”.
Rüfət NADİROĞLU
 
Sizin Reklam Yeriniz