Dimitrios Tsounqas diplomatik fəaliyyəti dövründə bu əməkdaşlığın daha da genişləndirilməsi üçün səylər göstərəcəyini vurğulayıb
Azərbaycanın xarici işlər naziri Yunanıstan Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Dimitrios Tsounqası qəbul edib.
Nazir Elmar Məmmədyarov Dimitrios Tsounqası ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və Azərbaycan-Yunanıstan arasındakı münasibətlərin inkişafından məmnunluğunu bildirib. Eyni zamanda yeni səfirin fəaliyyətinin iki ölkə arasındakı əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb və Dimitrios Tsounqasa gələcək fəaliyyətində uğurlar arzulayıb.
Etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edən səfir Dimitrios Tsounqas, ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. Səfir, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyini və diplomatik fəaliyyəti dövründə bu əməkdaşlığın daha da genişləndirilməsi üçün səylər göstərəcəyini vurğulayıb.