ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərini izləməyə gələn seçkiləri müşahidə missiyasının rəhbəri Tana de Zuluetadır. Bu barədə ATƏT/DTİHB-dən Trend-ə daxil olan məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, seçkiləri müşahidə missiyası avqustun 29-da missiyanın rəsmi açılışı münasibəti ilə mətbuat konfransı keçirəcək. Mətbuat konfransında Tana de Zulueta missiyanın rolu və görüləcək işlər barədə məlumat verəcək.
Qeyd edək ki, ATƏT/DTİHB-in uzunmüddətli missiyasının müşahidəçiləri artıq Bakıdadırlar.
Bundan öncə ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Targay jurnalistlərə açıqlamasında bildirib ki, Bakıya 30 nəfər uzunmüddətli, 280 nəfər qısamüddətli müşahidəçi gələcək.
O, həmçinin qeyd edib ki, avqustun 26-dan etibarən 50-55 nəfərin fəaliyyət göstərəcəyi yardımçı ofis fəaliyyətə başlayıb.
Qeyd edək ki, Azərbaycanda prezident seçkisi oktyabrın 9-da keçiriləcək.