Əlaqə Arxiv
news Image
2021.01.05
20:54
| A A A
Quruculuq işlərinin aparılmasında hər bir şəxsin göstərəcəyi dəstək güclü Azərbaycan naminə əvəzsiz töhfədir

2021-ci il ölkəmizdə quruculuq ili kimi yadda qalacaq. Cənab Prezidentin dediyi kimi, tezliklə işğaldan azad olunmuş əraziləri biz cənnətə cevirəcəyik. Hazırda işğaldan azad olunmuş ərazilərdə bu məqsədlə ilkin işlər görülür. Mətbuatdan da izləyirik ki, yol, işıq, su, rabitə xətləri çəkilir, hətta Azərbaycan telekanalları artıq işğaldan azad olunmuş ərazilərdə yayımlanmağa başlayıb. Azərenerji əməkdaşları yeni dayaq nöqtələri qurur enerjinin verilməsi üçün. Tezliklə abadlıq-quruculuq işlərinin davamı kimi təmir-tikinti işlərinə başlanılacaq.

Dünən verilən fərman isə görülən işlərin daha da sürətləndirilməsinə təkan verəcək. Dünən cənab Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Fərmanda qeyd edilir ki, Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistan işğalından azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaqdır.

Azərbaycan iqtisadiyyatının tərkib hissəsinə çevrilməsi məqsədilə işğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək, bu ərazilərdə həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələ olması da fərmanda qeyd edilir.

İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin göstərəcəyi dəstək tarixi qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfə olacaq.
Göründüyü kimi bu sahədə bütün potensialın fədakarlıqla səfərbər edilməsi ölkəmizin inkişafında birgə uğur salnaməsi yaradaraq, qələbəmizi daha da parlaq edəcəkdir.

Cənab Prezidentin imzaladığı Fərmana əsasən “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılır.

Müəyyən edilir ki, “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs (bundan sonra – Fond) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir; Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılır.

Müşahidə Şurasının üzvlərinin siyahısı ilə tanış olduqda görürük ki, hər biri cənab Prezidentin etimadını doğrultmuş şəxslərdir. İnanıram ki, fərmandan irəli gələn vəzifə və tapşırıqların yerinə yetirilməsində yenə də dövlətimiz və onun arxasında dayanan xalqımız bütün imkan və bacarıqlarını ortaya qoyacaq, işğaldan azad olunmuş torpaqlarımızın daha tez cənnət-məkana çevrilməsinə nail olacağıq. Biz birlikdə güclüyük!

Məşhur Məmmədov,

Milli Məclisin deputatı

Sizin Reklam Yeriniz