Əlaqə Arxiv
news Image
2021.01.28
11:09
| A A A
ATƏT-in Minsk qrupunun növbəti manevri

 

Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Baptist Lömoynun Azərbaycana səfəri iflic olmuş Minsk qrupunun ikili standartlarını dirçəltmək cəhdi kimi diqqəti cəlb edir. Bir müddət əvvəl Azərbaycan Prezidentinin bu qurumun Fransa və ABŞ-dan olan həmsərdlərinin Bakıya gəlişinə açıq şəkildə bildirdiyi münasibətdən sonra, onların yenidən regiona gəlmələrinin kökündən arzuolunmaz olduğunu göstərmişdi. Görünür, bu səbəbdən dövlət katibinin Bakıya gəlməsi kəşfiyyat xarakteri daşıyır. Sadəcə, Cənubi Qafqaz üzrə geosiyasi münasibətlərdə “əli boşda qalan” Fransa Bakının nəbzini yoxlayır və yeni həmlə üçün yollar axtarır.

“Biz artıq mürəkkəb mərhələdən keçmişik, artıq sülh dövrünün başlaması, barışığın əldə olunması istiqamətində çalışmaq lazımdır” deyə, Jan-Baptist Lömoyn sanki ötən ilin 10 noyabr bəyanatı ilə razılaşdığını diqqətə çatdırır. Əslində sülhdən danışmaqla o, guya artıq asayişin regionda bərpa olunduğunu, dostluq əlaqələrinin çiçəklənməsi vaxtının gəldiyini bildirmək istəyir. Lakin hamıya məlumdur ki, müharibə bitsə də, gərginlik və problemlər bitməyib. Ermənilərin qisas almaq arzularını qızışdıran qüvvələr hələ də fəaliyyətdədir. Üstəlik, Xankəndidə hələ ki, Azərbaycan bayrağı qaldırılmayıb və “dqr” adlandırılan separatçı və qondarma  qurum hələ də formal olsa da öz işindədir. Araik Arutyunyan kimi cinayətkar özünü prezident adlandırır, nazirlər təyin edir, işdən çıxarır və ya dəyişdirir. Fransa isə bu özbaşınalığı “sülh dövrü” adlandıraraq separatçılara dil verir və regiona gələrək onlara daha yaxından dəstək verməyə çalışır.

Fransanın bu mövqeyi bizə lap əvvəldən – hələ Kəlbəcərin ermənilər tərəfindən işğalı zamanı üzərində Fransaya məxsusluğunu bildirən işarə olan iki döyüş vertalyotunun iştirak etməsindən tanışdır. İndi həmin təpki siyasi səhnədə həyata keçirilir. Əgər biz dövlət katibinin missiyasını alqışlasaq, bu, o demək olacaq ki, cinayətkarlar hazırda yerləşdikləri ərazini ələ keçirmək üçün ciddi platforma əldə edəcəklər. Bu səbəbdən Jan-Baptist Lömoynun Bakıdan əlidolu qayıdacağına ümid azdır. Onunla söhbətin mətbuatda dərc olunan məzmununa görə də bunu söyləmək mümkündür. Çünki, fransız siyasətçiyə ümumi sözlərdən başqa qeyri bir vəd verilməyib. Düz də edilib. Çünki, Lömoyn Fransanın Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibidir. Prinsipcə, o, Azərbaycanda himayə etdiyi sahələr üzrə əməkdaşlığın inkişafından danışmalı idi, daha “separatçılarla sülhdən” yox. Ancaq, məhz turizm və frankofoniya ilə məşğul olan dövlət məmurunun Azərbaycana göndərilməsi sübut edir ki, Fransanın Cənubi Qafqaz platformasından avsaytda qaldığının Parisdə fərqindədirlər. Bu gediş bir cəhddir və buraya dəvətlə deyil, birtərəfli qaydada təşəbbüslə təşrif buyurulub.

Bir sözlə, Fransanın ikili standartları davam edir və regionumuzda sülhün bərqərar olmasını yalnız çətinləşdirir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz