Əlaqə Arxiv
news Image
2013.09.04
14:19
| A A A
Müdafiə Nazirliyi nazir müavininin maşınına hücumla bağlı açıqlama verdi

Müdafiə Nazirliyi "Zabitlər evi"nin qarşısında bir qrup vətəndaşın nazir müavini Çingiz Məmmədovun maşınına hücum etməsi ilə məsələyə münasibət bildirib.


Nazirlikdən Mövqe.az-a verilən məlumata görə, dünən "Zabitlər evi"nin qarşısında bir qrup valideynin etiraz etməsinin səbəbi aydın deyil.


Hansısa bir əsas olmadan bu cür vasitələrlə təsir etmək qəbul edilə bilməz.


"Hazırda ölkənin bütün təhsil sistemində olduğu kimi, hərbi təhsil sahəsində də yeniliklər və islahatlar aparılır. Bu mənada əvvəlki illərdən fərqli olaraq artıq neçə ildir ki, Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrinə qəbul TQDK tərəfindən test üsulu ilə həyata keçirilir.


Bundan başlıca məqsəd savadlı gəncləri hərbi məktəblərə cəlb etməkdir. Bunun nəyi pisdir ki, valideynlər belə etiraz edirlər. Lakin onlar övladlarının imtahansız və ya çox aşağı bal toplamalarına baxmayaraq köhnə qayda ilə hərbi məktəblərə qəbul olunmalarını istəyirlər. Biz bunu yolverilməz hesab etməklə həmin valideynlərə hərbi təhsil müəssisələrində tətbiq edilən yeni standartlara hörmətlə yanaşmalarını tövsiyə edirik" - deyə, məlumatda qeyd olunur.


Qeyd edək ki, dünən saat 18:00 radələrində Dənizkənarı Milli Park yaxınlığında yerləşən "Zabitlər evi"nin qarşısında bir qrup vətəndaş yolu bağlayaraq, müdafiə nazirinin müavini Çingiz Məmmədovun maşınına hücum çəkiblər. Yol bir müddət bağlı qalıb.


Narazı insanlar avtomobilin şüşələrini yumruqlayaraq, nazir müavini ilə görüş tələb ediblər. Lakin Ç.Məmmədovu müşayiət edən zabitlər valideynlərin israrına məhəl qoymadan, sürücüyə avtomobili vətəndaşların üzərinə sürmək göstərişi veriblər. Nəticədə bir neçə nəfər müxtəlif bədən xəsarəti alıb.


Məlumata görə, nazir müavini ilə görüş tələb edən valideynləri narahat edən məsələ onların övladlarının Ali Hərbi Məktəbə imtahansız qəbul edilməmələri ilə bağlıdır. Belə ki, sözügedən məzunlar C.Naxçıvanski adına Hərbi Liseyə 2010-cu ildə TQDK tərəfindən keçirilən imtahanlarda tələb olunan balı toplayaraq qəbul olublar.


Üç il liseydə təhsil alaraq, hərbi biliklərə yiyələniblər. Lakin indi onlara bildirilib ki, əvvəlki illərdən fərqli olaraq, bu il liseyi bitirənlər Ali Hərbi Məktəbə daxil olmaq üçün təkrar TQDK tərəfindən keçirilən imtahanda iştirak etməlidirlər. Valideynlər tələb edirlər ki, hərbi liseyi bitirmiş məzunlar əvvəlki illərdə olduğu kimi imtahansız Ali Hərbi Məktəbə qəbul edilsinlər.

Sizin Reklam Yeriniz