Əlaqə Arxiv
news Image
2021.02.23
09:00
| A A A
Rotterdamda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş sərginin açılışı olub

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə Rotterdam şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş sərginin açılışı olub.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, sərgi Rotterdamın mərkəzində BAK-ın qərərgahında təşkil olunub. Sərgidə Azərbaycan Respublikasının Niderlanddakı Səfirliyinə məxsus Xocalı soyqırımını əks etdirən fotomateriallar, Rotterdam həftəsonu məktəbinin şagirdləri və Haarlemdəki "Körpə fidanlar" teatrının uşaqları tərəfindən Xocalı soyqırımı ilə bağlı çəkilən rəsmlər, eləcə də Niderlandda yaşayan soydaşlarımız- Vəfa Rüstəmova və Rasim Hüseynovun Xocalı qətlyamını əks etdirən əsərləri sərgidə nümayiş olunur. V. Rüstəmova və R. Hüseynovun qətlyamı əks etdirən əsərləri Niderlandın bir çox sərgi və rəsm qalereyalarında nümayiş etdirilib, sənətkar və ziyarətçilərin diqqətini cəlb edib.

Sərginin açılışında BAK-ın idarə heyətinin üzvləri Xocalı faciəsindən söz açıblar. Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Natiqlər qeyd ediblər ki, erməni daşnaklarının 366-cı rus motoatıcı alayı ilə birlikdə törətdikləri vandalizm və genosid aktları heç vaxt unudulmayacaq. Hər bir azərbaycanlı, xüsusilə də xaricdə yaşayan soydaşlarımız Xocalıda mülki əhaliyə qarşı törədilmiş soyqırımı aktının dünya ictimaiyyətinə çatdırılması üçün bütün səylərini səfrəbər etməlidir.

Sərginin açılışında iştirak edən niderlandlılara erməni terrorundan bəhs edən kitablar hədiyyə edilib.

Xocalı soyqırımına həsr edilmiş sərgi iki həftə ziyarətçilərə açıq olacaq.

Sizin Reklam Yeriniz