Əlaqə Arxiv
news Image
2021.02.23
13:10
| A A A
Nyu-York prokuroru Trampın vergi bəyannamələrini araşdıracaq

ABŞ Ali Məhkəməsi Nyu-Yorkun böyük münsiflər heyətinin sabiq Prezident Donald Trampın vergi bəyannamələrini yoxlamasına icazə verən qərar çıxarıb. Bu yoxlama Trampın uzun illər boyu mane olmağa çalışdığı cinayət işinin təhqiqatı çərçivəsində aparılacaq.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, ABŞ Ali Məhkəməsi Trampın vəkillərinin keçən il oktyabr ayında aşağı instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamənin ləğv edilməsi barədə vəsatətini rədd edib. Həmin qərara əsasən “Mazars USA” mühasibat firması maliyyə hesabatlarını Manhettenin böyük münsiflər heyətinə təqdim etməyə borcludur.

ABŞ Ali Məhkəməsinin ötən il iyul ayında “lehinə” 7 səs, “əleyhinə” 2 səs olmaqla çıxardığı qərara əsasən, Trampın sənədlər təqdim etmək və ya ifadə vermək üçün məhkəməyə gəlməsi barədə məhkəmə sorğusundan immuniteti yoxdur. Trampın hüquqşünaslar komandası isə iddia edirdi ki, o vaxtkı prezident adi vətəndaşlar üçün əlçatmaz olan imtiyazlara malik idi.

Məhkəmənin bazar ertəsi dərc edilmiş qərarında deyilir: “Hakim Stiven Breyerə təqdim edilmiş və məhkəməyə ötürülmüş vəsatət rədd edilib”.

Bu addım nəticəsində Manhetten dairə prokuroru Sayrus Vens bu işə baxılmasını davam etdirmək, böyük münsiflər heyəti isə Trampın vergi bəyannamələri ilə tanış olmaq imkanı əldə edəcək. Trampın vəkilləri bildiriblər ki, onun vergi bəyannamələrinin təqdim edilməsi sabiq prezidentin təqdim etdiyi müdafiədən məhrum olunması ilə nəticələnə bilər.

 

Sizin Reklam Yeriniz