Əlaqə Arxiv
news Image
2013.09.09
11:03
| A A A
Dünya güclərinin «soyuq savaşı» Qafqazı da təhdid edir
Hatəm Cabbarlı: “Suriyada məsələ tam olaraq həll edilmədiyi üçün ABŞ və Rusiya arasındakı siyasi problemlərin Cənubi Qafqaza birbaşa eskalasiya olması gözlənilmir” Natiq Miri: “Yaxın Şərq məsələsi birmənalı Avroatlantik gücün xeyrinə həll ediləndən sonra Cənubi Qafqazda kimin-kimi sıxışdırması məsələsi başlayacaq” Dünya siyasi arenasında baş verən hadisələr ABŞ ilə Rusiya arasında "soyuq müharibə"ni kritik həddə çatdırıb. Bu münasibətlər Suriya münaqişəsinin həllində yaranmış ziddiyyətlərdə daha çox hiss edilməkdədir. Setyabrın 5 –də Sank Peterburqda baş tutan G20 sammit də kəskin fikir ayırlığı ilə keçdi. Həmin vaxt Vladimir Putin Əsədin kimyəvi silaha əl atdığına dair Amerika kəşfiyyatının məlumatlarına inanmadığını deyib. Hətta Rusiya prezidenti vaxtı ilə ABŞ-ın İraqa da əlində kütləvi qırğın silahlarına dair sübutları olmadan müdaxilə etdiyini xatırladıb. Rəsmi Vaşinqton isə hələlik hərbi müdaxilə fikrində israrlıdır. Bundan başqa, ABŞ-ı ifşa etmiş Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Edvard Snoudenə ilk siyasi sığınacaq verən ölkənin Rusiya olması da iki ölkə arasında münasibətlərin heç də xoş olmadığını göstərir. Siyasi şərhçilərin fikrincə, sözügedən hegemon dövlətlərin belə barışmaz münasibətləri Cənubi Qafqaza da təsir göstərə bilər.

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlının sözlərinə görə, ABŞ-ın Suriyaya müdaxiləsi və orada geniş çaplı hərbi əməliyyatların başlaması biraşa olmasa da, dolayısı ilə Cənubi Qafqaza təsir edə bilər: "Belə ki, ordakı istifadəsi ehtimal edilən kimyəvi silahların və ya Dəməşq ətrafında olduğu bildirilən atom elektrik stansiyasının zədələnməsi sadəcə Yaxın Şərqi yox, Cənubi Qafqazı da ekoloji olaraq təhdid edir. Bundan başqa, regionda yaşayan bu anlaşmazlığın daha da kəskinləşməsi Cənubi Qafqaz ölkələrinə də təsir edə bilər. ABŞ-ın Yaxın Şərqdə hegemoniyasını bərpa etdikdən sonra diqqətini Cənubi Qafqaza yönəldərək bu regionda da Rusiyanın mənafelərini zəiflətmək və ya tamamən sıxışdırıb çıxartması ehtimalı var. Yenə də regionda ciddi siyasi proseslərin yarana bilər. Amma hələlik Suriyada məsələ tam olaraq həll edilmədiyi üçün ABŞ və Rusiya arasındakı siyasi problemlərin Cənubi Qafqaza birbaşa eskalasiya olması yaxın zamanlarda gözlənilmir. ABŞ Suriya problemini həll etdikdən sonra böyük bir ehtimalla növbəti hədəfi İrandır. İran da buna görə bütün maddi və siyasi dəstək olur ki, Əsəd rejimi məhv olmasın. Eyni zamanda növbəti hədəf İran olmas da, Yaxın Şərqdə ciddi qeyri-ənənəvi İslamın – vəhhabiliyin hökmran olduğu siyasi və dini atmosfer yarana bilər. İranın da şiə dövlət olduğunu nəzərə alsaq, bunun İrana qarşı təzyiqlərdən biri olduğunu ehtimal etmək olar".

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirir ki, hələlik Cənubi Qafqaz ABŞ üçün xarici siyasətdə prioritet deyil: "Bu gün Yaxın Şərq siyasəti əsas prioritet təşkil edir. ABŞ-ın xarici siyasətində Yaxın Şərq bölgəsi həm enerji daşıyıcıları, həm də strateji müttəfiq olan İsrailin təhlükəsizliyi baxımından prioritet sayılır. Ancaq hər bir halda Suriya hadisəsi tədricən bizim bölgəyə də yaxınlaşır. Çünki, Suriya prosesləri təkcə Yaxın Şərqlə məhdudlaşaq bir hadisə deyil. Suriya postsovet ölkələri, xüsusi ilə də Rusiya üçün "açar" ölkədir. Balkanlardan tamamilə sıxışdırılıb çıxardılandan sonra artıq Rusiya tədricən Yaxın Şərqdən də sıxışdırılır. Suriya Yaxın Şərqdə Rusiyanın axırıncı qalasıdır. Rusiyanın Suriyadakı hərbi bazası tamamilə ləğv olunandan sonra bu, artıq Rusiyanın Yaxın Şərqi də tərk etmək anlamına gəlir. Bundan sonra hədəf bizim regiona, xüsusi ilə də İrana yaxınlaşacaq. İrana yaxınlaşmaq öz təsirini Cənubi Qafqaza dagöstərmək deməkdir. Odur ki, Suriya prosesinin hansı yöndə həll olunması məsələsi Cənubi Qafqazı maraqlandırmalıdır. Bu gün Dağlıq Qarabağ cəbhəsində hansısa ciddi dəyişiklik baş verməsə də, Suriya prosesləri öz məntiqi nəticəsinə çatandan sonra Dağlıq Qarabağ, Abxaziya və Osetiya məsələləri də ciddi şəkildə gündəmə gələcək. Yəni, bunlar ABŞ üçün prioritet məsələyə çevrildiyi təqdirdə problemlər öz həllini tapmalıdır. Çünki, bu gün Azərbaycan, Gürcüstan və Ermənistanda hərbi münaqişələrin olması qəbulediləsi deyil. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, Yaxın Şərq məsələsi birmənalı Avroatlantik gücün xeyrinə həll ediləndən sonra Cənubi Qafqazda kimin-kimi sıxışdırması məsələsi başlayacaq. Burada Rusiya üçün ABŞ ilə rəqabət aparmaq o qədər də asan olmayacaq. Artıq bu yöndə Rusiyanın konkret təzyiqləri hiss olunmaqdadır. Bu, Ermənistanda özünü göstərdi. Ermənistana o qədər siyasi təzyiqlər olundu ki, Gömrük İttifaqına daxil olmaqla bağlı razılıq verdi. Düzdür, hələlik məsələ bitmiş hesab olunmur. Çünki, Aİ ilə assosiativ müqavilə məsələsi ortadadır. Ona görə də bu gün Ermənistan ciddi seçim qarşısındadır. Belə bir təzyiqlərin Azərbaycana da qarşı olması gözləniləndir. Odur ki, bunların hamısı Qərb ilə Rusiya arasındakı rəqabətin təzahürüdür. Yaxın Şərq prosesi bitəndən sonra bu rəqabət ortada görünəcək".

Sizin Reklam Yeriniz