Əlaqə Arxiv
news Image
2021.04.13
18:00
| A A A
Levan Metreveli: Azərbaycan Prezidentinin qətiyyəti sayəsində Cənubi Qafqazda yeni reallıqlar yaranıb

Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti və həyata keçirdiyi uğurlu siyasət nəticəsində təkcə Azərbaycanda deyil, Cənubi Qafqazda, eləcə də dünyada yeni reallıqlar yaranıb, təhlükəsizlik, sülh və birgə inkişaf üçün yeni imkanlar açılıb.

Movqe.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a açıqlamasında İvane Cavaxişvili adına Dövlət Universitetinin Gürcüstanın Kompleks İnkişafı Tədqiqat Mərkəzinin direktoru professor Levan Metreveli söyləyib.

O deyib ki, Azərbaycan 30 il işğal altında qalan torpaqlarını qısa müddətdə azad edib. Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyev regionda həyata keçiriləcək yeni nəqliyyat, enerji və infrastruktur layihələri barədə dünyaya mesaj verib. Azərbaycanda artıq bu istiqamətdə mühüm işlər görülür. Bütün bunlar dünyanın diqqət mərkəzindədir. Hamı, eləcə də Gürcüstan ictimaiyyəti, elm adamları prosesləri diqqətlə izləyirlər.

Professor deyib ki, bu gün Bakıda, ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyev çox maraqlı fikirlər söyləyib. Bu fikirlərdən biri də Azərbaycanın qonşuları ilə bağlı olub. Prezident İlham Əliyev deyib: “İndi qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar. Yeri gəlmişkən, biz regionun gələcəyini, nəqliyyat, logistika, enerji əməkdaşlığı, ticarət və s. ilə bağlı layihələrin necə ola biləcəyini qonşularımızla müzakirə etmişik”.

Azərbaycan Prezidentinin fikirlərinin həqiqət olduğunu vurğulayan professor deyib: “Biz bu yaxınlarda Gürcüstan Milli Elmlər Akademiyasında Azərbaycan səfirliyi ilə birlikdə “Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı Cənubi Qafqazda sülh və inkişafın amili kimi” mövzusunda konfrans keçirdik. Həmin tədbirdə də qeyd olundu ki, Azərbaycanın qətiyyəti sayəsində Cənubi Qafqazda yeni imkanlar, yeni reallıqlar yaranıb. Bütün qonşu dövlətlər bu imkandan istifadə etməli, sülhün və təhlükəsizliyin təmin olunmasına, regionun inkişafına töhfələrini verməlidirlər”.

Onun sözlərinə görə, Gürcüstanın elm adamları qardaş Azərbaycanın sevincinə qoşulur və birgə inkişafımıza töhfə verməyə hazır olduqlarını bildirirlər.

Sizin Reklam Yeriniz