Əlaqə Arxiv
news Image
2021.04.23
12:13
| A A A
İspaniya - Azərbaycan əlaqələri: "Regional və beynəlxalq İnkişaf" adlı vebinar keçirilib

Beynəlxalq Münasibətlətin Təhlili Mərkəzi və İspaniyanın FESEI beyin mərkəzinin birgə təşkilatçılığı ilə "İspaniya - Azərbaycan əlaqələri. Regional və beynəlxalq İnkişaf" mövzusunda vebinar keçirilib. BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev açılış nitqi ilə çıxış edərək Azərbaycanın İspaniyadan Cənubi Qafqazda aparılan təhlükəsizlik quruculuğu prosesinə daha açıq dəstək gözlədiyini bildirib. Onun sözlərinə görə, İspaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi separatizmdən əziyyət çəkən ölkə kimi İspaniya üçün də əhəmiyyətlidir. "Açıq mövqe nümayiş etdirən İtaliya və Macarıstan kimi İspaniyanın da azad olunmuş ərazilərin bərpasında iştirakını görmək istərdik",- deyə Fərid Şəfiyev bildirib.

Movqe.az-a verilən məlumata görə, daha sonra FESEI-nin prezidenti Xose Mariya Alvarez de Eulate çıxış edərək Azərbaycanın regiondakı mühüm rolundan danışıb, iki ölkə arasında ortaq iş birliyi üçün bir çox sahələrin mövcud olduğunu diqqətə çatıdırıb. O, gələcəkdə əlaqələrin daha da güclənəcəyinə ümid etdiyini bildirib.

Panel müzakirələri zamanı təhlükəsizlik mövzusunda çıxış edən BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərova Azərbaycanın müharibədən sonra regionda sülhün bərqərar olması üçün Ermənistana qarşı atdığı xoşməramlı addımların qarşılıqlı olaraq Ermənistan tərəfindən görülmədiyini deyib. Onun sözlərinə görə, bu kimi hallar regionda sülhün bərpa olunması prosesini ləngidir. Eyni mövzuda çıxış edən FESEI-nin elmi işçisi Alberto Anton İspaniyanın təhlükəsiliyinə təhdid kimi mütəşəkkil cinayətləri, kiber təhlükəsizliyi və onun artan qlobal miqyasını qeyd edib. O, bu kimi qlobal təhlükəsizlik məsələlərində iki ölkənin əməkdaşlığının genişlənməsinin vacibliyini vurğulayıb.

BMTM-in aparıcı məsləhətçisi Vasif Hüseynov Azərbaycanın Avropa və İspaniya ilə əlaqələri haqqında danışaraq ölkəmizin artıq geridə qoyduğu ərazi münaqişəsi ilə bağlı ikili standartlarla üzləşdiyini diqqətə çatdırıb. O, Azərbaycanın enerji mənbələrinin diversifikasiyasını təmin edən ölkə olduğunu deyərək ümumilikdə iqtisadi baxımdan Avropa bazarının Azərbaycan üçün əhəmiyyətini qeyd edib və gələcək əməkdaşlıq perspektivləri barədə danışıb.

İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqnasio Sançez Taboada ikitərəfli münasibətlərə nəzər salaraq dövlət rəhbərləri səviyyəsində səfərlərin olmadığını, habelə Bakıda İspaniyanın Səfirliyinin açılmasının arzuolunan bir məsələ olduğunu bildirib. O, vergilər və xarici ticarətlə bağlı sazişlərin də mövcüd olmadığını deyərək ticarət və investisiyaları təşviq etmək üçün bu məsələlərin vacibliyini vurğulayıb.

BMTM-in aparıcı məsləhətçisi Orxan Bağırov İspaniya və Azərbaycan arasında ticarət əlaqələrindən danışaraq bu ölkənin Azərbaycanda biznes və investisiya sahəsində iştirakı üçün qeyri-neft sektorunu, xüsusilə kənd təsərrüfatı, tekstil, yüngül sənayə və turizm kimi sahələri qeyd edib. Onun fikrincə, Azərbaycan üçün isə İspaniyada avtomobil, maliyyə, daşınmaz əmlak və istehsalat istiqamətində investisiya perspektivləri mövcuddur.

FESEI-nin elmi işçisi Xose Ventura Ballester İspaniyanın Azərbaycana enerji resurslarının diversifikasiyasında, alternativ enerji mənbələrinin inkişafında və hasilatında kömək etmək potensialında olduğunu bildirib. O, həmçinin dövlət idarəçiliyində yeni texnologiyaların tədbiq olunmasında da İspaniyanın Azərbaycanla əməkdaş etməsinin mümkünlüyünü qeyd edib.

Vebinar sual-cavab sessiyası ilə davam etdirilib.

Sizin Reklam Yeriniz