Əlaqə Arxiv
news Image
2021.05.05
20:27
| A A A
Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Mayın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Movqe.az-a bildiriblər ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin ölkəmizə səfəri çərçivəsində baş tutan görüşdə nazirlər əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə müzakirələr aparıblar.

Həmkarını səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov mövcud səfərin iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi baxımından əlverişli imkan yaratdığını bildirib. Ölkələrimiz arasında mövcud olan möhkəm tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir David Zalkaliani qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Gürcüstanın Baş naziri ilə Azərbaycan Respublikası Prezidenti arasında olduqca məhsuldar görüşün keçirildiyini qeyd edən nazir Zalkaliani ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin gələcəkdə dərinləşdirilməsinin əhəmiyyətini bildirib. O, Gürcüstanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini qətiyyətlə vurğulayıb, öz növbəsində ölkəmizin də Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyi xüsusilə qeyd edib.

Ceyhun Bayramov 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar, mövcud əməkdaşlıq imkanları, dövlətlər arasında münasibətlərin normallaşdırılması üçün yaranan nadir vəziyyət, habelə üçtərəfli Bəyanatın icrası ilə bağlı məsələlər, Ermənistanın razılaşmanın həyata keçirilməsinə maneə törədən davranışı və revanşist bəyanatları, bu xüsusda Azərbaycanın mövqeyi barədə həmkarını məlumatlandırıb.

Nazirlər mövcud yeni reallıqlar fövqündə qarşılıqlı fəaliyyətin uyğunlaşdırılmasının önəmini qeyd ediblər. Tərəflər, həmçinin ikitərəfli gündəliyə daxil olan məsələlər, o cümlədən iqtisadi, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparıblar.

Görüşdə nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Sizin Reklam Yeriniz