Əlaqə Arxiv
news Image
2021.05.25
17:23
| A A A
“Eurasia Daily Monitor”da Vasif Hüseynovun Zəngəzur dəhlizi ilə bağlı məqaləsi dərc olunub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun ABŞ-ın məşhur Jamestaun Fondunun “Eurasia Daily Monitor” dərgisində “Ermənistanla Azərbaycan arasında qeyri-stabil gərginlik fonunda Zəngəzur dəhlizinin taleyi müəmmalıdır” başlıqlı məqaləsi dərc edilib.

Movqe.az xəbər verir ki, məqalədə Ermənistan rəhbərliyinin Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın şərtlərindən yayınmaq cəhdlərindən bəhs olunur və son günlərdə tərəflər arasında artan gərginlik fonunda bunun Zəngəzur dəhlizinin taleyi haqqında suallar yaratdığı diqqətə çatdırılır. Müəllif qeyd edir ki, Ermənistan hakim dairələri bu dəhlizi yalnız Azərbaycanın qərb rayonları və Naxçıvan arasında əmtəə daşınması üçün dəmiryolu çəkilişi ilə yekunlaşdırmaq istəyirlər. “Məsələn, 19 mayda bir Ermənistanda hökumət iclasında Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan bunu bir daha təsdiqləyib. “Mövcud razılaşmalara görə, Ermənistan (Azərbaycan əraziləri üzərindən) İran və Rusiya ilə dəmiryolu bağlantısı əldə edəcək. Əlbəttə ki, Azərbaycan da Naxçıvanla dəmir yolu bağlantısına nail olacaq”,-deyən Nikol Paşinyan Azərbaycanın qərb rayonları ilə ilə Naxçıvan arasındakı dəmir yolu bağlantısının Ermənistanın quru yolu üzərində suverenliyinin üçüncü tərəfə veriləcəyini nəzərdə tutan “dəhliz” kimi şərh edilməməli olduğuna diqqət çəkib. Üçtərəfli atəşkəs sazişinin imzalanmasından bəri ilk dəfə olaraq Paşinyan bu dəmir yolunun yalnız yük tranziti üçün istifadə olunacağını açıqlayıb. O əlavə edib ki, ən azından “vəziyyətin ümumi tənzimlənməsi” əldə olunana qədər bu belə olacaq və vəziyyət normalaşandan sonra bu istiqamətlərdə sərnişin daşınması məsələsi müzakirə edilə bilər.”

Müəllif xatırladır ki, atəşkəs razılaşmasında yalnız Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəmir yolunun açılmasından bəhs olunmur, eyni zamanda vətəndaşların, nəqliyyat vasitələrinin və məhsulların hər iki istiqamətdə hərəkəti üçün birbaşa nəqliyyat əlaqələri qeyd olunur.

Vasif Hüseynov vurğulayır ki, Ermənistan hökumətinin bu cəhdləri bir fayda verməyəcək, çünki mövcud üçtərəfli bəyannamə müharibədən sonrakı dövrün hüquqi çərçivəsini müəyyənləşdirib və bunun icrası qaçınılmazdır.

Daha ətraflı: https://jamestown.org/program/fate-of-zangezur-corridor-unclear-amidst-precarious-tensions-between-armenia-and-azerbaijan/

 

Sizin Reklam Yeriniz