Dövlət başçısı: "Belə olmasa, onda onlar o yerlərdə olmamalıdırlar"
"Hər bir vəzifəli şəxs, vəzifəsindən asılı olmayaraq, öz davranışı, addımları ilə yol göstərməlidir. Əgər dövlət o məsuliyyəti onun üzərinə qoyursa, yaxud da ki, Prezident öz qərarı ilə onu bir vəzifəyə təyin edirsə, o cəmiyyət üçün bir nümunə olmalıdır. Yəni, rəhbər kadrlar nümunə olmalıdırlar. Hər sahədə öz işi, bacarığı, insanlara olan münasibəti, şəxsi nümunəsi ilə yol göstərməlidir. Belə olmalıdır. Belə olmasa, onda onlar o yerlərdə olmamalıdırlar".
Mövqe.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev ötə ngün 10-da Bərdədə 866 məcburi köçkün ailəsi üçün yeni salınan beşmərtəbəli 15 yaşayış binasından ibarət məhəllə ilə tanış olan zaman Ağdam rayonundan olan məcburi köçkün, şəhid ailəsi Səfurə Hüseynovanın mənzilində çay süfrəsi ətrafında ailə üzvləri ilə söhbət edərkən bildirib.
Ev sahibi Səfurə HÜSEYNOVA: Xoş gəlmisiniz, cənab Prezident! Sizə çox minnətdarıq. Siz bizə yenidən həyat vermisiniz.
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Sizi təbrik edirəm. Burada gözəl şərait yaradılıbdır, böyük şəhərcik tikilibdir. Burada dörd min köçkün bax bu gözəl şəraitdə yaşayacaqdır. Dörd min köçkünün vəziyyəti yaxşılaşır. Dövlət siyasəti aparılır. Dövlət öz hesabına köçkünləri yerləşdirir, yeni binalar, məktəblər tikilir. Burada indi tanış oldum, gözəl məktəb, uşaq bağçası, gözəl, yaraşıqlı evlər, geniş otaqlar - bütün şərait yaradılır.
Bildiyiniz kimi, hər il Azərbaycanda 20 min köçkün yeni evlərə, mənzillərə köçürülür. Yəni, hər il Azərbaycanda köçkünlər üçün orta həcmli şəhər boyda şəhərcik tikilir. Bu, əlbəttə ki, böyük vəsait tələb edən layihədir. Ancaq Azərbaycan dövləti bunu edir. Hər il Dövlət Neft Fondundan sırf tikinti məqsədləri üçün 300 milyon manat vəsait ayrılır. Eyni zamanda, il ərzində Prezidentin ehtiyat fondundan da müəyyən vəsait ayrılır ki, köçkünləri daha gözəl şəraitlə təmin edək. Əminəm ki, bu proses gələcək illərdə də davam etdiriləcəkdir. Hələ öz növbəsini gözləyən köçkünlər çoxdur, o cümlədən Bərdə rayonunda. Burada dörd min köçkün yaşayacaqdır. Amma təkcə Bərdə rayonunda mənzil şəraiti yaxşı olmayan köçkünlərin sayı 30 mindən çoxdur. Onların da şəraiti yaxşılaşdırılacaqdır. İndi biz əlimizdən gələni edirik ki, tezliklə köçkünləri gözəl şəraitlə təmin edək, Bakıda da, rayonlarda da. Evlərə, mənzillərə təxminən 180 min köçkün köçürülüb. Ancaq hələ də məktəblərdə yaşayanlar vardır. Bax burada yaşayan insanlar əvvəllər məktəbdə yaşamışlar. İndi Bərdə rayonunun bütün məktəbləri boşalır, köçkünlər köçürülür, amma digər rayonlarda hələ məktəblərdə yaşayanlar vardır. Bakının özündə, Sumqayıtda uşaq bağçalarında yaşayanlar vardır. Tədricən bu məsələlər də öz həllini tapacaq və müvəqqəti də olsa sizin məişət probleminiz həll olunacaqdır.
Ancaq əsas məsələ ondadır ki, biz köçkünlərimizi öz dədə-baba torpaqlarına köçürək. Əminəm ki, biz onu da həll edəcəyik, çünki başqa yol ola bilməz. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və edəcəkdir. Bu məsələ ölkəmiz, xalqımız üçün ən vacib məsələdir. Bu ədalətsizliyə son qoyulmalıdır. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Haqq-ədalət bərpa edilməlidir. Əminəm ki, biz buna da nail olacağıq. Bu gün artan iqtisadi, hərbi gücümüz bunu təmin edəcəkdir. Mənim heç bir şübhəm yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa edəcək, köçkünlər Dağlıq Qarabağa, digər torpaqlara qayıdacaqlar. Ondan sonra Dağlıq Qarabağda, Xankəndidə, Şuşada Ağdamda, digər şəhərlərdə bundan da gözəl binalar tikiləcəkdir.
Səfurə HÜSEYNOVA: Ancaq Sizin sayənizdə bu arzumuza çata bilərik, cənab Prezident. Çox sağ olun. Sizə minnətdaram. Allah ulu öndər Heydər Əliyevə rəhmət etsin. Sizin ayağınız çox ruzilidir. Mən inanıram ki, Sizin ayağınız bu evə dəyibsə biz daha da firavan həyat sürəcəyik. Fürsətdən istifadə edib balanızın, - o, bizim də balamızdır, - Heydərin ali məktəbə daxil olması münasibətilə Sizi təbrik edirəm. Arzu edirəm ki, o, babasının və Sizin davamçınız olsun. Biz Sizi çox sevirik. Siz öz balanızın məhz Azərbaycanda təhsil almasını istədiniz. Sizə bu sadəliyinizə, səmimiyyətinizə görə minnətdarıq.
Prezident İlham ƏLİYEV: Sağ olun, bu, doğrudan da vacib məsələdir. Mən çox istəyirəm ki, Azərbaycan gəncləri Azərbaycanda təhsil alsınlar. Mənim oğlum da orada məktəbdə Bakıda oxuyub, ali məktəbdə də Azərbaycanda oxuyacaqdır. Düzdür, mənim bir neçə il bundan əvvəlki təşəbbüsümlə biz gəncləri oxumaq üçün xaricə göndəririk, vəsait də ayrılır. Bu binaların tikintisi üçün vəsait ayıran Dövlət Neft Fondu, eyni zamanda, xaricdə təhsil almaq üçün hər il təxminən 30 milyon manat vəsait ayırır.
Gənclər də gedib xaricdə oxuyurlar. Mən bunu alqışlayıram. Ancaq o vaxt da demişəm, bu gün də demək istəyirəm və öz nümunəmlə bunu təsdiq edirəm ki, elə şərait yaratmalıyıq ki, uşaqlar Azərbaycanda təhsil alsınlar. Azərbaycanda təhsilin səviyyəsi elə yüksək olmalıdır ki, heç kim daha xaricə getməsin, buna ehtiyac olmasın. Tədricən biz bu məqsədlərə də çatırıq. Əlbəttə, mən şadam ki, Prezident kimi bu sahədə də hesab edirəm, bir yol göstərirəm. Xaricdə oxumağın müsbət tərəfləri kimi, mənfi tərəfləri də vardır. Uşaqlar Vətəndən, ailələrindən ayrılırlar, başqa mühitdə yaşayırlar. Biz isə çalışmalıyıq təhsilin səviyyəsi elə yüksək olsun ki, bu uşaqlar, tələbələr Azərbaycanda oxusunlar, necə deyərlər, öz milli köklərindən ayrılmasınlar, milli ruhda böyüsünlər, tərbiyə alsınlar. Bax sizin balalarınız da indi bu gözəl məktəbdə oxuyacaqlar. Yaxşı oxusalar, ali məktəbə qəbul olunacaqlar. Bizə vətənpərvər gənclər lazımdır.
Səfurə HÜSEYNOVA: Balaca Heydərimiz bütün gənclərə sübut etdi ki, Azərbaycanda təhsil almaq lazımdır. Bəzən bu gənclər Bakıya gedirlər, mən təəccüb edirəm ki, nəyə görə?! Prezidentimiz bütün rayonları abadlaşdırıb. O cümlədən Ağdamımızın kiçik bir kəndini böyük bir şəhərə çevirib. Allah atanıza rəhmət etsin. Sizə uzun ömür, cansağlığı arzulayıram. Həmişə dua edirəm ki, Allah, Prezidentimizi qoru!
Prezident İlham ƏLİYEV: Sağ olun. Mən Ağdam rayonunda da dəfələrlə olmuşam. Orada da quruculuq, abadlıq işləri aparılır. Quzanlı kəndi indi şəhər olmuşdur. Orada infrastruktur layihələri həyata keçirilib, sosial obyektlər, xəstəxana, idman qurğuları, yollar tikilib, qaz xətləri çəkilib. Ağdam rayonunun işğaldan azad olunan yerlərində qəsəbələr tikilmişdir. Ağdam rayonunun sakinlərinin təxminən yarısı, bəlkə də yarıdan çoxu yeni qəsəbələrdə yaşayır. Ağdam şəhəri azad olunandan sonra biz onu yenidən quracağıq. Çünki vəhşi, mənfur düşmənlər Ağdamı yerlə-yeksan etdilər. Ağdamın indiki görüntüləri, şəkillər, videogörüntülər vardır. Şəhəri yerlə-yeksan etmək görünməmiş bir vəhşilikdir. Bizim tarixi abidələrimiz, məscidlərimiz, tarixi yerlərimiz dağıdılıb, talan edilib. Bunu kim edib? Ermənilər - vəhşilər ediblər.
Əlbəttə ki, bu vəhşilik cavabsız qalmayacaqdır. Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Çünki müxtəlif amillər vardır. Birincisi, inkişaf edən Azərbaycandır, tənəzzülə gedən Ermənistan. Bu, artıq reallıqdır. Azərbaycan getdikcə güclənir, Ermənistan getdikcə zəifləyir. Azərbaycanın iqtisadi, hərbi gücü artır, Ermənistan isə artıq etiraf edib ki, öz gücünə öz təhlükəsizliyini təmin edə bilmir və son hadisələr bunun əyani sübutudur. Dünya mətbuatı da bunu qeyd edir ki, Ermənistan öz təhlükəsizliyini təmin edə bilmədiyi üçün müxtəlif addımlara əl atır. Ancaq biz tam şəkildə özümüz öz hesabımıza yaşayırıq, öz inkişafımızı da, təhlükəsizliyimizi də özümüz təmin edirik. Ondan sonra demoqrafiya məsələləri vardır. Mən bu məsələni dəfələrlə vurğulamışam. Bizim əhalimiz müharibə dövründən bəri nə qədər artıb?! Azərbaycanda 9 milyon 400 mindən artıq vətəndaş vardır. Ermənistanda isə azalıbdır. İndi iki milyondan azdır. İndiki Ermənistan rəhbərliyi və onların rəhbəri Sarkisyan nə qədər hakimiyyətdə qalsa, bizim torpaqlarımız o qədər də tez azad olar. Çünki o adam və onun ətrafındakılar Ermənistanı uçuruma aparıblar. Artıq uçurumdadırlar. Çünki iqtisadiyyat çöküb, əhali qaçır. Elə onların özlərinin rəsmi statistikasına görə hər il 80 min erməni bu ölkəni birdəfəlik tərk edir. Belə getsə, 5-6 ildən sonra orada bir milyondan az adam qalacaqdır. İndi təmas xəttində bizim mövqelərimiz qorunur, əsgərlər orada dayanıblar, orada Ermənistan tərəfini təmas xəttini qorumaq üçün canlı qüvvə yoxdur. Boşluqlar vardır. Bu proses tədricən daha da sürətlə gedəcəkdir. Çünki həm gücümüz artır, eyni zamanda, biz Ermənistanı müəyyən qədər təcrid vəziyyətində saxlayırıq. Tam təcrid deyil, çünki onların digər qonşularla sərhədləri açıqdır. Ancaq Azərbaycan və Türkiyə sərhədləri bağlı olduğu üçün bu, müəyyən mənada onlara ciddi iqtisadi zərbədir. Əlbəttə ki, torpaqlar işğaldan azad olunana qədər bu vəziyyət belə olacaqdır, belə də olmalıdır.
Səfurə HÜSEYNOVA: Bizim Sizin kimi Prezidentimiz vardır. Prezidentlərdən ən birincisi Sizsiniz.
Prezident İlham ƏLİYEV: Sağ olun. Mən çalışıram ki, xalqın etimadını doğruldum və xalq üçün çalışım.
Səfurə HÜSEYNOVA: Cənab Prezident, Siz ailəliklə Azərbaycan üçün işləyirsiniz. Biz Leyla Əliyeva ilə, Mehriban xanımla fəxr edirik ki, bütün ailə üzvləriniz ancaq Azərbaycan xalqı üçün, Azərbaycanın inkişafı üçün çalışır. Azərbaycan artıq Avropa dövlətlərini keçibdir.
Prezident İlham ƏLİYEV: Bu yaxınlarda Dünya İqtisadi Forumu yeni bir hesabat dərc edib. Orada ölkələrin rəqabətqabiliyyətliliyi əks olunur. Azərbaycan dünya miqyasında 39-cu yerdədir, bu gün çox inkişaf etmiş ölkələri geridə buraxıb. MDB məkanında birincidir, dünya miqyasında 39-cudur. Bax, budur bugünkü reallıq. Hər bir vətəndaş, hər bir ailə üzvü, mən dəfələrlə deyirəm, bir məqsədə qulluq etməlidir ki, ölkə daha da güclü olsun, müstəqillik daha da möhkəm olsun, iqtisadiyyat daha da artsın və biz tezliklə işğala son qoyaq. Mən çox şadam və fəxr edirəm ki, mənim ailə üzvlərim bu işdə fəal iştirak edirlər. Leylanı qeyd etdiniz. Onun təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası bütün dünyada nəyə gətirib çıxardı?!
Artıq beş ölkə Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyır. Yəni, bu, "Xocalıya ədalət" kampaniyasının nəticəsidir. Çünki bu, bir ictimai hərəkat idi. Ondan sonra, mən açığını deməliyəm, dövlət qurumları - nazirliklər, diaspor təşkilatları da bu ictimai hərəkata qoşuldu və böyük bir hərəkat yarandı.
Müxtəlif ölkələrə məktublar, təqdimatlar göndərildi. Bu gün artıq bu proses gedir. Xocalı qırğınını soyqırımı kimi tanıyan ölkələrin sayı getdikcə artacaqdır. Biz düşmənə hər tərəfdən təzyiq etməliyik, iqtisadi, siyasi, hərbi, ictimai, bütün istiqamətlərdən öz siyasətimizi aparacağıq. Çünki bizim bir əsas məqsədimiz vardır: ərazi bütövlüyümüzün bərpası, köçkünlərin öz doğma torpaqlarına qayıtması və tarixi ədalətin bərpası.
Hər bir vəzifəli şəxs, vəzifəsindən asılı olmayaraq, öz davranışı, addımları ilə yol göstərməlidir. Əgər dövlət o məsuliyyəti onun üzərinə qoyursa, yaxud da ki, Prezident öz qərarı ilə onu bir vəzifəyə təyin edirsə, o cəmiyyət üçün bir nümunə olmalıdır. Yəni, rəhbər kadrlar nümunə olmalıdırlar. Hər sahədə öz işi, bacarığı, insanlara olan münasibəti, şəxsi nümunəsi ilə yol göstərməlidir. Belə olmalıdır. Belə olmasa, onda onlar o yerlərdə olmamalıdırlar.
Bir daha demək istəyirəm, mən elə özüm dövlət başçısı kimi təşəbbüs irəli sürdüm ki, xaricdə oxumaq üçün belə bir proqram icra edilsin. Ancaq indiki mərhələdə hesab edirəm ki, yeni bir yol, yanaşma olmalıdır. Əminəm ki, vəzifəli şəxslər bundan ibrət götürəcəklər.
Səfurə HÜSEYNOVA: Cənab Prezident, biz Sizin çıxışınıza həmişə baxırıq. Sizinlə fəxr edirik. Sizi televizorda görəndə elə bilirik ki, bütün dünyanı bizə bəxş edirsiniz. Sizin öz ad günlərinizi xalq içində keçirməyiniz hamıya nümunədir. Hamı nümunə götürsün. Dəbdəbəli toylar edirlər. Onun da haqqında danışmısınız. Sizin bu addımlarınız o qədər ürəyimizcədir ki!
Prezident İlham ƏLİYEV: Belə də olmalıdır. Bilirsiniz, bəzi vəzifəli şəxslər əvvəllər özləri üçün təmtəraqlı yubileylər, bir neçə gün ad günləri keçirirdilər. Xaricdən müğənnilər dəvət edirdilər. Bunlar yolverilməz şeylərdir, bu, qudurğanlıqdır. Buna başqa ad vermək olmaz. Dözülməzdir. Ona görə onlara kəskin sözümü dedim ki, vəzifədən azad edəcəyəm. Ona görə, hesab edirəm ki, bu da dərs oldu. Cəmiyyətdə normal davranış qaydaları olmalıdır. Qanun öz yerində. Qanunun aliliyi hər şeydən üstündür. Ancaq cəmiyyətimizin əsasları, ənənələri, milli dəyərləri vardır. Böyük-kiçik, davranış qaydaları vardır. Biz bunu poza bilmərik. Bizi əsrlər boyu bir millət kimi saxlayan milli dəyərlərimiz olubdur. Böyük-kiçik münasibətləri, normal davranış qaydaları - bizim milli xüsusiyyətlərimizi təsdiqləyən və göstərən amillər bunlardır. Ona görə də yersiz hərəkətlər, təmtəraqlı tədbirlər olmamalıdır. Vəzifəli şəxslər təvazökar, xalqa xidmət edən, dövlətə, dövlətçiliyə sədaqət göstərən şəxslər olmalıdırlar.
Mən sizə minnətdarlığımı bildirirəm. Siz böyük qəhrəmanlıq göstərmisiniz. Siz təkbaşına övladlar böyütmüsünüz. Buna görə sizə minnətdaram. Burada rahat yaşayın və əminəm ki, gün gələcək biz sizinlə Ağdamda görüşəcəyik.
Səfurə HÜSEYNOVA: İnşallah. Bircə arzumuz budur. Ulu Tanrı Sizi qorusun!
Prezident İlham ƏLİYEV: Çox sağ olun.