Əlaqə Arxiv
news Image
2021.05.28
10:50
| A A A
“The Japan Times” qəzeti bir səhifəsini Azərbaycanın 28 May – Respublika Gününə həsr edib

Mayın 28-də Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizin dövlət bayramı 28 May – Respublika Günü münasibətilə Yaponiyanın geniş oxucu auditoriyasına malik ingilisdilli “The Japan Times” qəzetində ölkəmizin müstəqilliyinin bərpasının 30 illiyinə həsr edilmiş xüsusi səhifə dərc edilib.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, qəzetdə səfir Gürsel İsmayılzadənin “Müstəqilliyi qazandıqdan sonra ölkənin böyük nailiyyətləri” adlı məqaləsi və ölkəmizin uğurlarının əks olunduğu fotoşəkillər yer alıb.

Məqalədə müstəqilliyin bərpasının 30-cü ildönümü barədə məlumat verilir, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin dünyada sürətlə inkişaf edən dövlətlərdən birinə çevrildiyi, zəngin karbohidrogen ehtiyatlarına malik ölkə olaraq qlobal enerji siyasətinin formalaşmasında mühüm rol oynadığı, etibarlı tranzit dövlət olduğu qeyd edilib. Vurğulanıb ki, dövlətimizin başçısının və xalqın birliyi, Prezidentin apardığı daxili və xarici siyasətin xalqımız və beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənməsi ölkənin inkişafına mühüm zəmin yaradır.

Məqalədə Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatının 63 faizini təşkil etdiyi, təbii ehtiyatlarla zəngin ölkə olaraq regionun enerji sektorunda mühüm rol oynadığı bildirilib. Avropanın enerji təhlükəsizliyinə töhfə verən Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihələri ilə beynəlxalq bazarlara çatdırılan neft və qazdan söz açılıb, Azərbaycanın qlobal istiləşmə və ətraf mühit problemlərinə dair ümumi narahatlığı bölüşdüyü, davamlı və bərpa olunan enerji mənbələrinə böyük sərmayə qoyduğu qeyd edilib. Ölkəmizin iqtisadi potensialı, o cümlədən nəqliyyat infrastrukturu, informasiya texnologiyaları və tranzit imkanları barədə də məlumat verilib.

Yazıda 2020-ci ilin əvvəlindən etibarən dünyanın COVID-19 pandemiyası səbəbindən problemlərlə qarşılaşdığı, Azərbaycanın koronavirusun yayılmasının qarşısını almaq və onun ölkəmizə mənfi təsirini azaltmaq üçün erkən və nəticə göstərən tədbirləri tətbiq edən ilk ölkələrdən biri olduğu qeyd edilib. COVID-19 ilə milli səviyyədə mübarizə aparmaq üçün zəruri tədbirləri həyata keçirilməklə yanaşı, Azərbaycanın dünyada koronavirusla mübarizə üçün qlobal səviyyədə əməkdaşlığın gücləndirilməsinə mühüm töhfələr verdiyi də qeyd olunub. Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2020-ci ildə BMT-nin Baş Assambleyasının COVID-19-a qarşı qlobal səylərin artırılması məqsədilə xüsusi sessiyanın keçirilməsi, 2021-ci ilin martında BMT İnsan Hüquqları Şurasının 46-cı iclası çərçivəsində COVID-19 əleyhinə peyvəndlərin bərabər, məqbul, vaxtında və universal şəkildə təmin edilməsi ilə bağlı qətnamənin qəbul edildiyi xatırlanır.

Məqalədə əsas məqam olaraq, 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində Qələbə qazandığı, sentyabrın sonunda başlamış 44 günlük müharibədə ölkəmizin 30 ilə yaxın işğal altında olan ərazilərinin azad edildiyi vurğulanıb. Azad olunmuş ərazilərin bərpasının və inkişafının Azərbaycan hökumətinin əsas prioritetləri olduğu bildirilib. Bərpa və quruculuq prosesinin aparılacağı və Qarabağın ən gözəl yaşayış məskənlərindən birinə çevriləcəyi, bu prosesdə dövlət və özəl şirkətlərin, eləcə də xarici ölkələrdən investorların iştirakı qeyd edilib. Səfir yazıda Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirən Zəngəzur dəhlizinin açılması məsələsinə toxunub, bu dəhlizin yalnız Azərbaycan üçün deyil, həm də region ölkələri üçün iqtisadi üstünlük yaradacağını, dəhlizin mövcud marşrutların ayrılmaz hissəsi olacağını və Cənubi Qafqazdan keçən şimal-cənub və şərq-qərb nəqliyyat dəhlizlərinin mühüm seqmentinə çevriləcəyini bildirib.

Məqalədə Azərbaycan-Yaponiya münasibətlərinə dair məlumatlara da geniş verilib, ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyi qeyd olunub. Bildirilib ki, 1995-ci ildən başlayaraq Yaponiyanın nəhəng şirkətləri enerji sektorumuzda işə başlayıb və Xəzər dənizindəki enerji yataqlarının istismarında yaxından iştirak edirlər. Bu şirkətlər, həmçinin BTC neft boru kəmərinin səhmdarlarıdırlar. Səfir qeyd edib ki, Azərbaycanın aparıcı enerji layihələrində iştirak edən nəhəng yapon şirkətləri ilə yanaşı, bu gün orta və kiçik müəssisələrimiz də əməkdaşlıq edir. Artıq Yaponiya bazarlarında Azərbaycanın müxtəlif növ şərablarını, nar şirəsi və balını əldə etmək mümkündür. İki ölkə arasında ticarətin təşviq edilməsi istiqamətində Azərbaycanın “Silk Way West” hava yükdaşıma şirkətinin 2021-ci ilin fevralından iki dövlətin paytaxtını birləşdirən birbaşa Bakı-Narita yük uçuşlarının açılışının geniş imkanlar yaratdığı da qeyd edilib.

Bildirilib ki, aprelin 19-da Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Yaponiyanın “Nippon İxrac və İnvestisiya Sığortası” arasında ümumi əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması ikitərəfli münasibətlərimizə yeni təkan verəcək və iqtisadi əməkdaşlığımız üçün yeni imkanlar yaradacaq.

Yazıda 2022-ci ildə Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyi, bununla əlaqədar bir sıra layihələrin hazırlandığı da bildirilib. Birgə səylərimizlə münasibətlərin bütün sahələrində daha böyük uğurlara imza atılacağına əminlik ifadə edilib.

Qəzetin həmin səhifəsində Yaponiyanın Azərbaycanda fəaliyyət göstərən şirkətlərinin dövlət bayramı münasibətilə təbriklərinə də geniş yer verilib.

Sizin Reklam Yeriniz