Əlaqə Arxiv
news Image
2021.06.21
11:59
| A A A
İşğala son qoyan birlik

Azərbaycan xalqı hələ də 10 noyabr günü elan edilən bu böyük zəfərin bayram ovqatı içindədir. 2020-ci ilin 27 sentyabr günündən düşmənin hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatlarını uğurlu nəticə ilə başa çatdıran Azərbaycan Ordusu həm də yeni bir səhifə açdı. Bu səhifədən ölkəmizin və ümumilikdə regionun parlaq gələcəyi, Cənubi Qafqazda davamlı sülh və inkişafı təmin edəcək fərqli bir reallıq başlanır. Bunu 2021-ci il 16 iyun tarixdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdə etdiyi çıxışdan da aydın görmək olar.

Bu günlər həm də Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərinin yeni salnaməsidir. Türkiyə öz dəstəyini heç zaman Azərbaycandan əsirgəməyib. Azərbaycan da Türkiyənin hər zaman yanında olub. Doğma ölkənin apardığı haqq işinə yardım etməyi, həmrəylik nümayişini həmişə özünə mənəvi borc bilib. Son tarixi proseslər isə Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə münasibətlərini dəyərləndirərək irəli sürdüyü "Bir millət, iki dövlət" formulunu gerçək həyatda bir daha reallığa çevirdi. Biz bu qələbəmizlə qardaş Türkiyə ilə yeni tarixi nailiyyətlərə imza atacaq, daha böyük uğurlar qazanacağıq.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə həmin məsələyə diqqət çəkərək birmənalı şəkildə bildirmişdir ki, bu, tarixin sınaqlarından çıxmış dostluq, qardaşlıq münasibətlərinin növbəti təntənəsidir: "Bu bayram qardaş Türkiyədə bizdəki kimi qeyd olunur. Bu, təbiidir. Çünki biz bir millət, iki dövlətik. Bu günlər ərzində əziz Qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəfələrlə öz təşəkkürümü bildirmişəm. Dünən də telefonla danışmışıq. Yenə də təşəkkürümü bildirdim. Türkiyənin siyasi və mənəvi dəstəyi bu Qələbənin qazanılmasında çox böyük rol oynamışdır. Çünki Prezidentin, Qardaşımın ilk saatlardan dediyi "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi.

Türkiyə hərbi əməliyyatların ilk günündən Azərbaycanın haqq davasında öz dəstəyini əsirgəmədi. Dağlıq Qarabağ münaqişəsində tarixi, hüquqi, mənəvi ədalətin bərqərar olması üçün səsimizə səs verdi. Dünyadakı gücü, təsir imkanları ilə Azərbaycanı ermənilərin havadarlarından qorudu. Torpaqlarımızı da özlərinin hünəri hesabına deyil, məhz havadarlarının əli ilə zəbt etmiş erməni işğalçılarının bu dəfə döyüş meydanında qəhrəman Azərbaycan əsgəri ilə üz-üzə qalmasına şərait yaratdı.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bu ölkənin ən yüksək mənsəbli dövlət rəsmiləri, millət vəkilləri, cəmiyyətin nüfuzlu simaları Azərbaycanın yanında olduqlarını bütün dünyaya açıq şəkildə çatdırdılar. Xalqımıza qarşı kənar təhdidləri uzaqlaşdırdılar. Türkiyə vətəndaşları Azərbaycanın haqq davasını bütün beynəlxalq aləmə çəkinmədən bəyan etdilər.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "A Haber” televiziya kanalına verdiyi müsahibəsində haqlı olaraq bildirdi ki, əgər toqquşmaların ilk saatlarında Türkiyədən bu dəqiq mesajlar gəlməsəydi, bəlkə də bu işlərə başqaları qarışa bilərdi: "Türkiyənin bu mesajları hər kəsə "dur” dedi. Azərbaycan tək deyil. Türkiyə işin sonuna qədər Azərbaycanın yanındadır. Əlbəttə ki, bu gün Azərbaycan-Türkiyə birliyi artıq çox ciddi geosiyasi amilə çevrilibdir və bu, müsbət amildir. Bizim birliyimiz hər hansı bir ölkənin maraqlarına qarşı deyil. Biz, sadəcə olaraq, öz maraqlarımızı müdafiə edirik, öz yolumuzu davam etdiririk. Heç kim bizim işimizə qarışmasın... Sadəcə, biz deyirik ki, bizə də dəyməyin, kənarda durun. Dost olaq, tərəfdaş olaq, işbirliyi edək. Amma sizinki sizdə, bizimki bizdə. Biz bunu istəyirik və buna haqqımız çatır".

Terroru dövlət siyasətinə çevirmiş Ermənistan döyüşlərdə ordumuzun qarşısında aciz durumda qaldı. Və hünər meydanındakı məğlubiyyətlərinin acısını yenə də öz terrorçu, faşist xislətinə uyğun olaraq mülki əhalinin qətliamı ilə çıxmağa çalışdı. Gəncədə, Bərdədə, Tərtərdə kütləvi sayda mülki əhalini qətlə yetirdi. Nə qədər mülki sakinimizin - körpələrin, qadınların, yaşlıların ölümünə bais oldu. Bu məqamlarda da Türkiyənin varlığını hiss etməyimiz, bu ölkənin dövlət rəsmilərinin Ermənistanın terrorçu siyasətinə qarşı verdikləri bəyanatlar, çağırışlar, Azərbaycana vaxtaşırı səfərləri böyük təsəllimizə çevrildi. Türkiyənin yüksək çinli dövlət rəsmiləri, nüfuzlu simaları ölkəmizə səfərlərini yenə davam etdirir, dövlət

başçısı ilə görüşlərində, bəyanatlarında, müsahibələrində Türkiyənin hər an yanımızda olduğunu, qardaş Azərbaycanın timsalında haqqın, ədalətin bərpasında sonadək səy göstərəcəklərini bildiriblər. Türkiyənin hətta ən kritik hadisələr zamanı da ölkəmizi diqqətdən kənarda qoymaması, apardığımız haqq davasını nəzərində saxlaması Dağlıq Qarabağ məsələsinin bizim qədər Türkiyə üçün də şərəf məsələsi olduğunu göstərir.

Türkiyə Azərbaycanın qələbəsindən sonra ərazidə sülhün qorunması prosesində də yaxından iştirak edəcək. Bu məqsədlə yaradılacaq Monitorinq Mərkəzində Türkiyə hərbçiləri də xidmət aparacaqlar. Burada sülhün qorunmasına öz töhfələrini verəcəklər. Artıq bununla bağlı müvafiq memorandum imzalanıb. Türkiyə Böyük Millət Məclisi Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana sülhməramlıların göndərilməsinə dair qərar layihəsini təsdiqləyib. Türk hərbi heyəti Qarabağda qurulacaq Türkiyə-Rusiya müşahidə mərkəzində bir il müddətinə fəaliyyət göstərəcək. Ehtiyac olduqda müddət artırılacaq.

Bu gün dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın olan, bir-birinə güvənən, qarşılıqlı dəstək verən və regionun inkişaf dolu gələcəyi üçün birgə çalışan başqa iki ölkə yoxdur. Bu, ilk növbədə, təbii ki, mənəvi bağlılıqlarımızdan, ortaq tariximizdən, mədəniyyətimizdən gəlir. Amma etiraf edək ki, dünyada tarixi bağlılıqlar etibarilə bir-birinə çox yaxın olub, amma müasir reallıqlardan irəli gələn hansısa maraqlara görə bir-birinə düşmən kəsilən, hətta qanlı müharibələr aparan xalqlar, dövlətlər də var. Ona görə hazırda Azərbaycanla Türkiyə arasındakı münasibətlərin bu səviyyədə olmasının bir əsas səbəbi də iki ölkənin dövlət rəhbərlərinin dostluq, qardaşlıq münasibətləridir.

Müasir dünyamızın iki parlaq lideri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu münasibətlərə nail ola biliblər. Onlar Azərbaycan - Türkiyə arasındakı münasibətləri iki qonşu ölkə arasındakı sıradan bir diplomatik əlaqələri iqtisadi-ticari tərəfdaşlıqların fövqünə ucalda biliblər. Bunu xarakterlərindəki ulu əcdadlarımıza xas comərdlik, qarşılıqlı güvən, verdikləri vədi tutmaları, səsləndirdikləri sözə də imzaları qədər dəyər vermələri ilə bacarıblar.

Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar. Onlara öz yerlərini göstərirlər. Bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur !

İki ölkə rəhbəri arasındakı bu doğmalıq Azərbaycan və Türkiyə arasındakı ikitərəfli əlaqələrin bütün sahələrdə daha da genişlənməsinə öz müstəsna töhfələrini verir. Bu iki parlaq liderin gələcəyə aydın baxışının, həyata keçirdikləri düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq Azərbaycanla Türkiyə arasında bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, humanitar, regional təhlükəsizlik, hərbi və digər sahələrdə əməkdaşlıq ən yüksək səviyyədədir.

Hər kəs üçün faydalı münasibətlər mühitinin formalaşdırılması və inkişaf etdirilməsidir. Bu gün Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri başqa türkdilli ölkələr üçün də birlik modeli yaradır, nümunə göstərir. İki ölkənin təşəbbüsü ilə irəli sürülən qlobal layihələrdə digər türkdilli dövlətlərin də maraqları uzlaşır. Türk dünyasının möhkəm, dayanıqlı birliyi üçün zəmin gücləndirilir.

Elçin Ağayev

Masallı Dövlət Regional Kollecin TGT sədri

Sizin Reklam Yeriniz