Əlaqə Arxiv
news Image
2021.06.30
11:38
| A A A
Şanlı aprel döyüşlərindən sonra dərs almayan Ermənistan

Tarixi torpaqlarımızı 30 ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı. Şanlı aprel döyüşlərindən sonra dərs almayan Ermənistan bu ilin iyul və avqust aylarında yenidən hərbi təxribatlara əl atdı, sentyabrın 27-də baş verənlər isə səbr kasasını daşıran son damla oldu. Vətən müharibəsi başlamışdı və bütün Azərbaycan bir neçə dəqiqənin içində cəbhəyə kökləndi. Hamının qəlbi Vətən naminə döyündü.

Xalq öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidi və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri çəkilməyib. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi millət quruculuğu prosesi ona gətirib çıxardı ki, Prezident-Ordu-Xalq birliyi qalib gəldi, düşmən 30 ildir işğal altında saxladığı torpaqlarımızdan qovuldu.

Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. İllərdi qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi. Strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldular. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü. Baxmayaraq ki, biz 30 il səbrlə gözləmişdik. Danışıqlar prosesinə sadiq qalmışdıq. Bütün bunlar münaqişənin dinc yolla, müharibəsiz həllinə hesablanmışdı və Azərbaycan hər dəfə status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayanda məqsəd münaqişənin fəal hərbi əməliyyatlar mərhələsinə keçməsinin qarşısını almaq idi. Ancaq ermənilərin illərlə qoruyub saxladığı həmin status-kvo bir neçə günün içində darmadağın oldu. Təmas xətti yarıldı və rəşadətli Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından xilas etdi.

Prezident İlham Əliyev müharibənin gedişində dəfələrlə bəyan etdi ki, “dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”. Bu əminlik 44 günlük müharibədən Azərbaycanın qalib ayrılmasını şərtləndirdi. Ermənistan bütün hərbi resurslarını itirdi, döyüşdə uduzduğunu görən düşmən isə xilas olmaq üçün bütün vasitələrə əl atdı. Dinc əhalini atəşə tutdu, gecə vaxtı yatan insanların başına ballistik bombalar yağdırdı. Azərbaycan isə onların cavabını döyüş meydanında verdi. Heç vaxt mülki əhaliyə əl qaldırmadı. 1992-ci ildə Xocalı soyqırımını törədəndə də düşmənin məqsədi dinc əhalini qırmaqla Azərbaycan xalqının ruhunu sındırmaq, onu psixoloji böhrana salmaq idi. Bu dəfə də həmin metoddan istifadə etdi. Amma Azərbaycan xalqı öz haqlı davasında axıra qədər getdi.

Prezident İlham Əliyev hər dəfə yeni kənd və şəhərlərimizin işğaldan azad olunması xəbərini xalqa çatdıranda bu, insanlarda qələbəyə böyük ümid yaradırdı. Hətta azad olunmuş ərazilərdə bütün infrastrukturun dağıdılması belə xalqımızın qələbə əzminə təsir etmədi, indi onlar səbirsizliklə doğma torpağa qayıdacaqları günü gözləyirlər. Prezident İlham Əliyev həmişə deyirdi ki, o, nəyi nə vaxt edəcəyini yaxşı bilir. Bu gün döyüş meydanında baş verənlər Azərbaycan Prezidentinin uzaqgörənliyini, onun hadisələrə fərqli yanaşma bacarığını ortaya qoydu. Bu, həm də xalqın öz liderinə sonsuz inamının, ona etimadının təntənəsi idi.

Vətən müharibəsi regional və qlobal miqyasda Azərbaycana dəstəyi də nümayiş etdirdi. Biz kimin kim olduğunu gördük və çoxları nəhayət, anladılar ki, Azərbaycanın ərazi bütövlüyü başqa ölkələrin ərazi bütövlüyü qədər əhəmiyyətli və önəmlidir. Azərbaycan Ermənistandan fərqli olaraq heç kimdən kömək istəmədi. O, yalnız öz gücünə arxalandı, xalqın marağı dövlətin iradəsi ilə birləşib düşmənə sarsıdıcı zərbə vurdu. Bu da ondan irəli gəldi ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin əsas özəlliyi onun Azərbaycanın milli maraqlarını ehtiva etməsidir.

Onun hakimiyyətdə olduğu 17 il ərzində ölkəmizin xarici siyasət kursunda yalnız bu prinsiplər üstünlük təşkil edib: Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu qoruyub saxlamaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək. Və bu da nəticə: Azərbaycan 30 ildir məruz qaldığı təcavüzü aradan qaldırdı, döyüş meydanında olduğu kimi, diplomatiya arenasında da qalib gəldi.

Prezident İlham Əliyevin Azərbaycanın milli mənafelərinin qorunmasına xidmət edən xarici siyasət kursunda əsas müddəalardan biri də ərazi bütövlüyü prinsipinin prioritet elan edilməsi idi. Vətən müharibəsinin gedişi və düşmən üzərində qazanılan parlaq qələbə nəhayət ki, məsələyə son nöqtəni qoydu. Amma bu nəticənin əldə olunması xeyli zəhmət bahasına başa gəlmişdir. Azərbaycan Prezidenti ölkənin xarici siyasətini xoş niyyət üzərində qurub. Biz bütün ölkələrlə qarşılıqlı hörmət və bir-birinin işinə qarışmamaq prinsiplərinə əsaslanan münasibətlər formalaşdırmışıq. Bu, dünya miqyasında, beynəlxalq aləmdə qəbul edilən prinsipdir və Azərbaycan onun ən gözəl örnəyidir. Təsadüfi deyil ki, indi Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Azərbaycan İslam Əməkdaşlığı Təşkilatının fəal üzvüdür, eyni zamanda, Avropa İttifaqı ilə yaxın münasibətləri var. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədlər qəbul edilib. Yəni bu, o deməkdir ki, bizim xarici siyasət gündəliyimiz əməkdaşlığın, tərəfdaşlığın gücləndirilməsi və qarşılıqlı fayda üzərində qurulub. Bir sözlə, Azərbaycanın yürütdüyü xarici siyasət kursu bizə çoxlu dostlar qazandırıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara qoşulub. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə ev sahibliyi edib. Bu görüşlər üçün dünyadakı 200 ölkə arasında məhz Azərbaycanın seçilməsi təbii ki, Prezident İlham Əliyevin müstəqil xarici siyasət kursuna olan hörmətin təzahürüdür.

Çimnaz Yusifova

Masallı şəhər sakini

Sizin Reklam Yeriniz