Əlaqə Arxiv
news Image
2021.06.30
11:50
| A A A
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasi və inkişaf tarixi

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir.

Tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. O vaxtlar Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı. 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər.

Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi.

AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi.

Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.

Lakin hələ yaxın keçmişdə Azərbaycan ordusu yaradılmasına başlanıldığı vaxtdan müxtəlif təzyiqlərə məruz qaldı. Həm xaricdən, həm də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna yol verməmək idi. Belə ki, sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağrılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi - azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etdi. Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. Bu gün C.Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. Lakin bu nailiyyətlər asanlıqla əldə edilməmiş, çox mürəkkəb və çətin tarixi inkişaf yolu keçmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməli, ölkəmizin ərazi bütövlüyünü qorumalıdır.

Tarixi varislik ənənəsinə uyğun olaraq ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

Elçin Ağayev 

Masallı Dövlət Regional Kollecin TGT Sədri

Sizin Reklam Yeriniz