Əlaqə Arxiv
news Image
2021.07.26
16:58
| A A A
İşğaldan azad olunmuş ərazilərimiz yeni görkəm alır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində Avropa İttifaqının Ermənistana 2,6 ,Gürcüstanaa isə 2,3 milyard avro vəsait ayıracağına bu cür münasibət bildirib:” 10 min kvadratkilometr ərazi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilib. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilib. Amma pulu verirlər Ermənistana. Ermənistanda bir dağıntı var? Yoxdur. Mina döşəmişik orada? Yox. Bu qədər işğaldan əziyyət çəkən ölkə olub? Yox. Əlbəttə bu, ədalətsizdir.”

Hər qarışı min cür sərvətlə zəngin olan torpaqlarımız işğalçılar tərəfindən 30 il ərzində məhv edilib. Ermənilər yaşayış və ictimai binalarımızı, bütün infrastrukturu, maddi və mədəni abidələri dağıdıblar.

Vəhşilərin ağlasığmaz vandalizm əməllərinə məruz qalan yurd yerlərimizi dirçəltmək əzmindəyik. Vətən müharibəsindəki qələbə sayəsində geri qaytarılan ərazilərimiz minalardan təmizləndikcə müəyyən ardıcıllıqla, mərhələli şəkildə bərpa edilir. İnfrastruktur, idarəetmə, təhlükəsizlik, məşğulluq və s. nəzərə alınmaqla bütün şəhər və kəndlərimizin bərpası müasir tələblər səviyyəsində həyata keçirilir.

Tarixi abidələrimiz bərpa olunur, yol-nəqliyyat infrastrukturu yaradılır, elektrik sistemi yenilənir. Bərpa işlərinin həyata keçirilməsində pilot layihələrdən, ağıllı texnologiyalardan da istifadə edilir, “ağıllı şəhər”, “ağıllı kənd”, “Yaşıl enerji” konsepsiyaları həyata keçirilir.

Əsas fəaliyyət sahələri kimi kənd təsərrüfatı məhsullarının emalı və turizm sahələri də müəyyənləşdirilib.

Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artıracaq, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcək.

Qarabağda ərazilərin sistemli şəkildə bərpa və yenidənqurma işləri həyata keçirildikcə, əhalinin məskunlaşdırılmasına başlanılacaq, böyük potensiala malik regionun iqtisadiyyatı inkişaf etdiriləcək. Böyük vəsait tələb edəcək və o müqəddəs torpaqlarımızı yenidən cənnət bir məkana çevirəcək bu tədbirlərin maliyyələşdirilməsi sahəsində beynəlxalq təcrübədən də istifadə edilməsi ölkəmiz üçün faydalı olacaq. Dövlətimiz azad olunmuş ərazilərimizin bərpası prosesində iştirak etmək istəyən dost ölkələrlə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Artıq quruculuq və yenidənqurma işlərinə bütün tərəfdaşlar və marağı olan ölkələr cəlb edilməkdədir.

Tezliklə işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin ediləcək, bu region ölkənin ən abad və müasir yaşayış mühitinə çevriləcək.

Südabə Məmmədova,

AJB-nin üzvü

Sizin Reklam Yeriniz