Əlaqə Arxiv
news Image
2021.08.17
14:46
| A A A
Beynəlxalq ədalətsizlik və “ikili standartlar” siyasətinin təzahürü

Geostrateji əhəmiyyəti ilə seçilən, dünya enerji bazarında önəmli rolu, güclənən iqtisadi qüdrəti ilə diqqəti cəlb edən ölkəmizin son illərdə qazandığı uğurlardan da aydın olur ki, artıq Azərbaycan inkişaf etməkdə olan respublika deyil, özünü hərtərəfli təmin edən, maliyyə və investisiya imkanları güclənən qüdrətli dövlətdir. Sivilizasiyalararası dialoq məkanı kimi tanınan ölkəmizdə keçirilən beynəlxalq siyasi, iqtisadi, humanitar, mədəni tədbirlərin yüksək səviyyədə təşkili deyilənlərə nümunədir.

Güclü dövlətlərin regionlarda mövqelərini möhkəmləndirmək naminə təzyiq vasitəsi kimi istifadə etdikləri ikili standartları ən qorxulu virusdan da təhlükəli adlandıran siyasətçilərin haqlı olduqlarını dünyada baş verən hadisələr təsdiqləyir. Supergüclərin təhlükəli planlarını başqalarına zorla qəbul etdirmək praktikası olan bu «təcrübənin» tətbiqində məqsəd bəhanə gətirilən insan azadlıqlarının və hüquqlarının müdafiəsi deyil, konkret siyasi və iqtisadi üstünlük qazanmaq, «kiçik» dövlətləri arzu olunan güzəştlərə məcbur etməkdir. Daha sadə dildə desək mahiyyətində geosiyasi maraq, mənafe və intriqaların əks olunduğu ikili standartlar fəlakətlər yaradan bəla, özünü qlobal lider rolunda görən dövlətlərin istifadə etdiyi manipulyasiya vasitəsidir. İkili standartların nümunəsi BMT-nin qəbul etdiyi qətnamələrə Ermənistan kimi təcavüzkar dövlətin əməl etməməsidir. Dünyanın müxtəlif bölgələrində baş verən ərazi münaqişələrini törədən işğalçı və təcavüzkarlara ikili standartlar baxımından yanaşılması növbəti separatçılıq üçün münbit şərait yaradır, insanlara fəlakət gətirir.

30 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsində təcavüzkar Ermənistana heç bir təzyiq göstərilmirsə, işğalçı cəzalandırılmırsa, əksinə təcavüzkar onu dəstəkləyən ölkələrdən hər cür maddi, hərbi yardımla təmin olunursa, bu məqamda beynəlxalq hüquq normalarından danışmaq ədalətsizlikdir. Beynəlxalq normalara əməl etməyən, minlərlə günahsız Azərbaycan vətəndaşının qatili olduğu sübuta yetirilən, xalqımıza qarşı soyqırımı törədən Ermənistana nədənsə heç bir sanksiya tətbiq edilmir. Əksinə, separatçı, terrorçuların və narkotik ticarətçilərin məskunlaşdığı oyuncaq Dağlıq Qarabağı tanımadıqlarını üzdə bəyan edən bəzi ölkələrin təmsilçiləri Azərbaycanın icazəsi olmadan qondarma qurumda keçirilən konfranslarda, marafonlarda iştirak edirlər. Bunlar isə ərazisi işğal olunan, doğma yurdundan didərgin salınan, yaxınları erməni qatilləri tərəfindən günahsız qətlə yetirilən Azərbaycan xalqına, beynəlxalq hüquq normalarına hörmətsizlikdir. Hazırda da gün ərzində bir neçə dəfə sərhəd və təmas xəttində atəşkəsi pozmaqla dinc əhalini öldürən, insanları qorxu altında saxlayan Ermənistandan silahlı müdaxilələri üçün hesab sorulmur, sanksiya tətbiq edilmir. Halbuki Ermənistanın prezidenti Serj Sarkisyan xarici mətbuata verdiyi müsahibələrində dəfələrlə etiraf edir ki, Xocalıda törədilən soyqırımında iştirak edib, günahsız körpələri, köməksiz qocaları, qadınları öldürüb, yandırıb, böyük bir şəhərin külə çevrilməsində əli olub. Təbii ki, belə ədalətsizlik, ikili yanaşma bölgədə, dünyada sülhün təminatında fəal iştirak edən, xalqları biri-birinə yaxınlaşdıran, ölkələrin iqtisadi inkişafını sürətləndirən beynəlxalq enerji və nəqliyyat layihələrinin təşəbbüskarı olan Azərbaycanı narahat etməyə bilməz.

Şəfa Şahbazova

Masallı rayonu, Dəmirçi kənd ümumi orta məktəbinin müəllimi

Sizin Reklam Yeriniz