Əlaqə Arxiv
news Image
2021.08.24
16:38
| A A A
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti
Birinci vitse-prezidentin çoxşaxəli fəaliyyəti Azərbaycan xalqının və dövlətinin mənafeyinə xidmət edir

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli və çoxşaxəli fəaliyyəti milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanır. Mehriban xanım Əliyeva ölkəmizi beynəlxalq miqyasda layiqincə təmsil edən, öz fəaliyyəti ilə Azərbaycanın davamlı inkişafına müstəsna töhfələr verən ictimai-siyasi xadim kimi tanınır. Birinci vitse-prezident Mehriban Əliyeva dövlət başçısının və ona ümid bəsləyən insanların etimadını layiqincə doğruldub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva daim sosial məsələlərin həllinə xüsusi diqqət göstərib, mühüm təşəbbüslərlə çıxış edib. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti Ümummilli liderimizin ideyalarına əsaslanır, Azərbaycanın inkişafına, milli məqsədlərin həyata keçirilməsinə müstəsna töhfələr verir. Fondun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz dəyərli - layiqli töhfəsini verir.

Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində də əhəmiyyətli təşəbbüslər irəli sürülür və müvafiq layihələr uğurla reallaşdırılır. Başqa sözlə, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində yaxından iştirak edir. Mehriban xanım Əliyeva həm də mədəniyyətimizin, incəsənətimizin, tarixi irsimizin böyük hamisi və təbliğatçısıdır. Təsadüfi deyil ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu, eyni zamanda, milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində genişmiqyaslı fəaliyyət göstərir, eləcə də Azərbaycanın zəngin tarixi və mədəni irsi dünya ictimaiyyətinə çatdırılır.

Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də məqsədyönlü və ardıcıl iş aparır. Digər tərəfdən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar layihələri sərhəd tanımır, xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir. Heydər Əliyev Fondunun bir sıra xarici ölkələrdə reallaşdırdığı layihələr dünyada tolerantlığın və multikultural dəyərlərin təbliği baxımından müstəsna əhəmiyyətə malikdir. Fond “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Pakistanda, Gürcüstanda, Misirdə, Rusiyada bir neçə məktəbin yenidən qurulmasına, Vatikanda Müqəddəs Roma katakombalarının və Strasburq Kafedral kilsəsinin bərpasına dəstək nümayiş etdirib. Pakistanda qızlar üçün yeni məktəbin tikintisi, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar da xeyriyyəçilik tədbirləri sırasında yer alır. Eyni zamanda, Versal sarayının bir hissəsinin, Luvr muzeyi qalereyasından birinin bərpası, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılması və digər layihələr də Heydər Əliyev Fondunun xeyriyyəçilik işlərini əks etdirən nümunələrdəndir.

Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində ölkəmizin nüfuzlu tədbirlərə uğurla ev sahibliyi etməsi Azərbaycan reallıqlarının təbliği baxımından mühüm əhəmiyyətə malikdir

Mehriban xanım Əliyevanın fəaliyyəti həm ölkə miqyasında, həm də beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Bunun göstəricisidir ki, Mehriban xanım Əliyeva indiyədək mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə, həmçinin ictimai, sosial və mədəni həyatda fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə,

sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Təltif olunduğu çoxsaylı nüfuzlu beynəlxalq mükafatlar - Fransanın “Şərəf legionu” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, Rusiyanın Yüzillik Messenatları Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut xaç” ordeni, II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni onun dünyadakı nüfuzunun göstəricisidir.

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqının və dövlətinin mənafeyinə xidmət edir. Azərbaycanın Birinci vitse-prezidenti ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsinə, milli maraqlardan irəli gələn strateji əhəmiyyətli vəzifələrin reallaşdırılmasına xidmət edən səmərəli fəaliyyəti ilə xalqımızın dərin rəğbətini və sevgisini qazanıb. Mehriban xanım Əliyeva xalqımızın firavanlığı və qüdrətli dövlətimizin tərəqqisini naminə çoxşaxəli fəaliyyəti ilə Prezident İlham Əliyevin və ona inanan, böyük ümidlər bəsləyən insanların etimadını doğrultmağı bacarıb.

Əntiqə Tağıyeva 

Masallı rayon Hişkədərə kənd sakin

Sizin Reklam Yeriniz