Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin 9 oktyabr 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə əlaqədar verdiyi bəyanata münasibətdə öz dərin təəssüfünü ifadə edərək bu bəyanatı qəbuledilməz hesab edir. Bu barədə Trend Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, prezident seçkiləri 52 min
yerli və 1300 əcnəbi müşahidəçinin iştirakı ilə Azərbaycan
Konstitusiyası və seçki haqqında qanunvericiliyi əsasında azad,
demokratik, ədalətli və şəffaf mühitdə keçirilib və Azərbaycan
xalqı sərbəst və şüurlu şəkildə öz iradəsini ifadə edib.
Seçkinin nəticələri və ümumilikdə seçki prosesi Avropa Parlamenti
və Avropa Şurası Parlament Assambleyasının müşahidə qrupu, İslam
Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Demokratiya və
İqtisadi İnkişaf naminə Təşkilat - GUAM, Qara Dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və
digər beynəlxalq təşkilatlar, habelə 100 ölkənin seçki müşahidə
missiyası tərəfindən azad, demokratik və ədalətli kimi
qiymətləndirilib.
Seçki prosesində qanunvericiliyin tələblərinə uyğun olaraq
namizədlərin qeydiyyata alınması, seçki təbliğat-təşviqat
kampaniyalarının aparılması və sərbəst toplaşma və özünüifadə
azadlığının təmin edilməsi üçün bütün zəruri tədbirlər tam şəffaf
şəkildə həyata keçirilib.
Ümumiyyətlə, bu seçkilər beynəlxalq və yerli müşahidəçilərin də
qeyd etdiyi kimi, Azərbaycanın demokratik yolla inkişafı prosesində
irəliyə doğru daha bir vacib addım olub. Seçki prosesinin təşkili
bir daha onu sübut edir ki, Azərbaycan hökuməti qəbul etdiyi
beynəlxalq öhdəliklərinə uyğun olaraq demokratik prosesin vacib
elementi olan seçkilərin keçirilməsinin daha da təkmilləşdirilməsi
istiqamətində nəzərəçarpacaq dərəcədə nailiyyətlər əldə edib.
Bəyanatda deyilir: "Bəzi seçki məntəqələrində cüzi pozuntu
hallarına və texniki qüsurlara yol verildiyi təqdirdə, bu barədə
Azərbaycan qanunvericiliyinə uyğun olaraq müvafiq strukturlara
müraciət edilməsi əvəzinə, bunların ümumiləşdirilmiş formada bütün
seçki prosesinə aid edilməsi, prezident seçkilərinin beynəlxalq
standartlara cavab verməməsinin iddia edilməsi və siyasi
mülahizələrlə seçkilərə kölgə salınması cəhdləri heç bir halda
ədalətli hesab edilə bilməz. Bu kimi yanaşma ABŞ-ın Azərbaycana
münasibətdə səmimiliyini şübhə altına qoyur, eyni zamanda, tam
şəkildə qərəzli və qəbuledilməz olaraq, seçkilərdə azad iradəsini
sərbəst şəkildə ortaya qoymuş Azərbaycan vətəndaşlarına münasibətdə
hörmətsizlik kimi qiymətləndirilir.
Bir daha qeyd etmək istərdik ki, Avropa Parlamenti, AŞ PA və İƏT
daxil olmaqla, beynəlxalq müşahidəçilərin mütləq əksəriyyəti, eyni
zamanda, Azərbaycan, ABŞ və Fransadan olan beş müstəqil təşkilatın
keçirdiyi "exit-poll" sorğularının nəticələri hazırkı Prezident
İlham Əliyevin tam və inamlı qələbəsini təsdiqləyirlər".