Əlaqə Arxiv
news Image
2012.05.21
21:02
| A A A
Ermənistana gedən azərbaycanlı deputatlar İrəvanda problemlə üzləşdilər

Mayın 21-də Azərbaycan Milli Məclisinin 3 deputatı – Asəf Hacıyev, Jalə Əliyeva və Musa Quliyev Ermənistan paytaxtı İrəvana gediblər. Azərbaycandan Ermənistana səfər edən deputatlardan xəbər var. Millət vəkillərindən aldığımız elektron məktubda qeyd olunur ki,  düşmən ölkədə onlar üçün telefon əlaqələri məhduddur. İrəvanda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının plenar iclasında iştirak edən azərbaycanlı deputatlar qeyd ediblər ki, digər ölkə təmsilçilərindən fərqli olaraq, onlar Azərbaycanla telefon əlaqəsi saxlaya bilmirlər.

Məsələ ilə bağlı Modern.az-ın əməkdaşı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov azərbaycanlı millət vəkillərinin Ermənistanda üzləşdikləri problemin normal olduğunu bildirib. M.Əmirovun sözlərinə görə, problemin əsas səbəbi Azərbaycanın Ermənistanla rabitə əlaqələrinə malik olmamasıdır.

"Bizim Ermənistanla heç bir sahədə əlaqələrimiz olmadığına görə, rabitə sahəsində də heç bir əməkdaşlığımız yoxdur. Azərbaycan torpaqları işğaldan azad olunmayana kimi bizim Ermənistanla rabitə sahəsində heç bir əlaqəmiz olmayacaq. Bu baxımdan azərbaycanlı deputatların Ermənistanda telefon xəttinə çıxmaması normaldır. Bunun üçün ilk öncə xidmət qurulmalıdır, stantiya qurulmalıdır. Biz ermənilərlə müharibə şəraitində yaşadığımıza görə, rabitə əlaqəsi mümkün olan məsələ deyil"-deyə nazirlik sözcüsü qeyd edib.

Qeyd edək ki, İrəvandakı tədbirdə Asəf Haciyevin "İnformasiya və kommunikasiya texnologiyaları - davamlı iqtisadi inkişafa yardım" mövzusunda və  "QDİƏT Parlament Məclisinin seçkilərə dair qaydaları" haqqında çıxışları nəzərdə tutulub.

Toplantıda deputatlar Musa Quliyev və Jalə Əliyeva müxtəlif məsələlərlə bağlı məruzələr edəcəklər.

Assambleya çərçivəsində həmçinin qurumun Büro və Daimi Komitəsinin iclasları keçiriləcək, maliyyə və bir sıra təşkilatı məsələlərə  baxılacaq. 

Tədbirin sonunda reqlamentə əsasən təşkilata sədrlik Azərbaycana keçəcək.

Səfər mayın 24-də başa çatacaq.

Sizin Reklam Yeriniz