Əlaqə Arxiv
news Image
2013.10.23
16:24
| A A A
Boşalan deputat yerləri üçün seçkilər keçirilə bilər

Baş nazirin müavini təyin olunan Əli Əhmədovun deputatlığına xitam verilməsindən sonra Milli Məclisdə boş deputat yerlərinin sayı üç olacaq. Boş qalan yerlərə seçkilər keçirilə bilərmi?


Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov oktyabrın 23-də "Media forum" saytına açıqlamasında deyib ki, boş qalan yerlərə seçkilərin keçirilməsi prinsipcə mümkündür: "Bu məsələnin iki tərəfi var. Yəni Milli Məclisdə boşalan deputat mandatı varsa, həmin yerə mütləq kimsə olmalıdır. Bu, bir yanaşmadır.


Digər tərəfdən isə kollegial fəaliyyət göstərən qurumlarda, o cümlədən Milli Məclisdə səlahiyyətlilik kvorumu var. Əgər bu kvorum yerindədirsə, prinsipcə orqan fəaliyyət göstərə bilirsə, bu zaman boş qalan yerlərə seçkilərin keçirilməsi zəruriliyini hiss etməyə bilərik. Real situasiya ondan ibarətdir ki, kollegial qurumun fəaliyyət göstərməsi üçün səlahiyyətli tərkib qurumun öz fəaliyyətini davam etdirməsinə imkan verir. Əsas məqam qurumun səlahiyyətlilik məsələsidir. Prinsipcə desəm ki, seçkiləri keçirmək qəti olmaz, bu düzgün deyil. Amma istisna da etmək mümkün deyil".


Hazırda 34 saylı Xətai və 110 saylı Zaqatala seçki dairələrindən deputat yoxdur. 34 saylı dairədən deputat Gülər Əhmədova 2012-ci ilin oktyabrında mandatından imtina edib. 110 saylı dairədən deputat Hikmət Atayev isə 2013-cü ilin martında avtomobil qəzasında həlak olub.


Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Konstitusiyanın 87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, Milli Məclis deputatlığından çıxanların yerinə seçkilər keçirilmir.


Sizin Reklam Yeriniz