Əlaqə Arxiv
news Image
2013.10.24
16:39
| A A A
Belarus prezidenti: “Biz Azərbaycanın rəyi ilə hesablaşmalıyıq”

Belarus prezidenti Aleksandr Lukaşenko "Mir" Teleradio Şirkətinin efirində bildirib ki, onun qazaxıstanlı həmkarı Nursultan Nazarbayev Ermənistanın Gömrük İttifaqına daxil olmasının əleyhinə deyil, lakin bu respublikanın Azərbaycanla həll edilməmiş ərazi məsələsinin olmasına diqqət yetirir.


AzərTAcın məlumatına görə, Belarus lideri deyib: "Deməli, Azərbaycan tərəfinin sualları olacaq. Belə başa düşdüm ki, İlham Əliyev bu sualı artıq qazaxıstanlı həmkarına verib. Biz Azərbaycanın rəyi ilə hesablaşmalıyıq".


Aleksandr Lukaşenko həmçinin bildirib ki, "Avropa belə ərazi problemləri olan ölkələri öz tərkibinə qəbul etməyə bir o qədər də can atmır".


Xatırladaq ki, Avropa Parlamentinin oktyabrın 23-də qəbul etdiyi qətnamədə xüsusi qeyd edilir ki, "Şərq tərəfdaşlığı" dövlətlərindən birinin digər dövlətin ərazisini işğal etməsi "Şərq tərəfdaşlığı"nın əsas prinsip və məqsədlərini pozur. Qətnamədə vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 nömrəli qətnamələrinə və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun 2009-cu il iyulun 10-da Akvildə birgə bəyanatda təsbit edilmiş prinsiplərinə müvafiq olmalıdır.


Onu da xatırladaq ki, Avrasiya Ali İqtisadi Şurası oktyabrın 24-də Minskdə keçiriləcək iclasda Qırğızıstanın və Ermənistanın Gömrük İttifaqına daxil olmaları məsələsinə baxacaq.


AzərTAc bildirir ki, beləliklə, Ermənistanın işğalçılıq siyasəti nəinki uğurla nəticələnmədi, o mənada ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda qondarma rejim heç bir dövlət tərəfindən tanınmadı, həm də təcavüzkar dövlətin çıxılmaz vəziyyətini üzə çıxardı: bu gün onu "Şərq tərəfdaşlığı"na qəbul etmirlər, onun Gömrük İttifaqına daxil olması isə görünür, hamar olmayacaq.


Sizin Reklam Yeriniz