Əlaqə Arxiv
news Image
2012.05.22
16:09
| A A A
Azərbaycandan Ermənistana növbəti diplomatik zərbə
NATO-nun Çikaqo sammitinin yekun bəyannaməsi Ermənistanın bir daha işğalçı dövlət olduğunu, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini önə çəkir

Siyasi gündəmin ən çox diqqət cəlb edən mövzularından biri də Çikaqoda açılan NATO sammiti ilə bağlı oldu. Bu məsələ Dağılq Qarabağ münaqişəsinə dünyanın ən güclü hərbi təşkilatı sayılan NATO-nun münasibəti baxımından Azərbaycan üçün olduqca mühüm önəmə malik idi.

Sammit və burada qəbul olunan yekun bəyannamə isə Azərbaycanın Ermənistan üzərində növbəti diplomatik qələbəsi ilə nəticələndi. Bir məqamı da qeyd edək ki, son illərdə ilk dəfə olaraq Cənubi Qafqaz və Mərkəzi Asiyadan sammitə cəmi iki prezident qatılıb - Gürcüstan və Azərbaycan liderləri.

Sammitin gedişi göstərdi ki, NATO özünün bir sıra beynəlxalq missiyalarını yerinə yetirmək üçün Qafqaza, ilk növbədə isə Azərbaycana böyük ehtiyac duyur.

Nyu-Yorkda yerləşən Kolumbia Universitetinin professoru, geosiyasi məsələlər üzrə ekspert Linkoln Mitçellə görə, Qafqaz NATO qüvvələrinin Əfqanıstandan çıxması planlarında potensial marşrut olaraq nəzərdən keçirilir: "Çikaqo sammitinə toplanmış liderləri iki əsas sual düşündürür - vaxt və trayektoriya. Vaxt məsələsində fikir ayrılıqları, ilk növbədə, təhlükəsizlik narahatlıqları, maliyyə və eləcə də, üzv ölkələrin daxili siyasətindən asılıdır. Belə ki, əksər NATO liderləri Əfqanıstanı 2014-cü ildə tərk etməyi dəstəklədiyi halda, məsələn, prezident Barak Obama seçki kompaniyası dövründə bunun üçün 2013-cü ilin sonunu elan edib. İşin Cənubi Qafqaz üçün maraqlı tərəfi isə marşrutla bağlıdır. "Azərbaycanla Gürcüstan, Əfqanıstandan qoşunların çıxarılmasında etibarlı qapı ola bilərlər. Bu, həm də region ölkələri ilə Alyans arasında əməkdaşlıq imkanlarını gücləndirərdi".

Qeyd olunduğu kimi sammitdə mühüm məqamlardan biri isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olub. Elə buna görə Ermənistan prezidenti Serj Sarkisyan sammitə qatılmayıb. Bu arada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ölkə prezidenti Serj Sarkisyanın NATO-nun Çikaqo sammitinə qatılmamasının səbəblərini açıqlayıb. Onun sözləriən görə, sammitin yekununda imazalanacaq bəyannamədə Cənubi Qafqaz və Moldovadakı etnik münaqişələrlə bağlı müddəa Ermənistan tərəfini qane etməyib. Buna görə də Sarkisyan səfərdən imtina edib. Məlumat üçün bildirək ki, yekun bəyannamədə region ölkələrinin bu münaqişələrin həllində konstruktivlik və siyasi iradə nümayiş etdirməli və mövcud danışıqlar formatına hörmətlə yanaşmalı olduqları bildirilir. Sammit iştirakçıları həmçinin münaqişə tərəflərini regional təhlükəsizlik və stabilliyi poza biləcək addımlardan çəkinməyə çağırıblar: "Biz Ermənistan, Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü, müstəqillik və suverenliyini dəstəkləməkdə davam edir, həmçinin bu regional münaqişələrin beynəlxalq hüquq norma və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında sülh yolu ilə nizamlanması səylərini dəstəkləyirik".

Məhz bunlar da erməni tərəfini qane etməyib və Cənubi Qafqazın digər iki dövlət başçısından fərqli olaraq Ermənistan prezidenti sammitə getməyib. Bütün bunlar Azərbaycanın növbəti diplomatik qələbəsi hesab olunur. Nalbandyan isə iddia edir ki, Çikaqo bəyannaməsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılan ATƏT-in Minsk Qrupunun mandatına ziddir, qurumun bəyanat və qərarları, NATO-nun sonuncu Lissabon sammitinin bəyannaməsi ilə uzlaşmır: "Çikaqo bəyannaməsinin formulu yalnız danışıqlar prosesini zərbə altında qoymur, həm də Azərbaycanın hərbi xərclərinin artması və bu ölkə rəhbərliyinin hərbi ritorikasının güclənməsi fonunda regiondakı kövrək sülhü təhlükə altına salır. Bu amilləri nəzərə alaraq Ermənistan prezidenti Çikaqo sammitində iştirak etməkdən imtina edib". O da aydın görünür ki, Çikaqo sammitinin bəyannaməsi postsovet regionunda həlli uzanmış münaqişələrin taleyindən narahatlıq ifadə edir. Kanadanın "Carleton" Universitetinin Avropa və Avrasiya Tədqiqatları İnstitutunun direktoru Ceff Sahadeonun fikrincə, əslində Şimal Alyansı Sovetlər İttifaqının dağılması ilə kök atmış ərazi mübahisələrinin həllində yardımçı rolu oynaya bilərdi: "Əgər Rusiya amili olmasaydı. Sirr deyil ki, Moskva hələ də regiona özünü arxa küçəsi kimi baxır. Əgər Cənubi Qafqaz ölkələri gələcəklərini NATO-ya bağlamaq fikrinə düşsələr, Qərb onlara məsələn, Baltik respublikaları kimi, Rusiya orbitini tərk etmək imkanı verə bilərdi. Hərçənd uzun illər Mərkəzi Asiya və Qafqazda Qərbin maraqları daha çox enerji sahəsində cəmlənib, ancaq Əfqanıstan və İraq müharibələri ilə son on ildə diqqət bir qədər təhlükəsizlik sahəsinə də yönəldilib. Siyasi əməkdaşlıq müstəvisində isə qeyri-müəyyənlik davam edir".

Hər halda qeyd edilənlərdən aydın görünür ki, NATO-nun Çikaqo sammiti Azərbaycanın maraqları baxımından olduqca mühüm bir tədbir olub və ölkəmizin Ermənistan üzərində diplomatik qələbəsini daha da möhkəmləndirib.

Səməd CƏFƏROV

Sizin Reklam Yeriniz