Əlaqə Arxiv
news Image
2013.11.21
10:20
| A A A
Moskvanın təhlükəli HHMS oyunları
Rusiya Belarusun Hava Hücumundan Müdafiə Sistemini (HHMS) təkmilləşdirərək Qazaxıstan və Ermənistanla da belə bir müdafiə sistemi formalaşdıracaq.Artıq məlumat verildlyi kimi, bunu Rusiya prezidenti Vladimir Putin yüksək rütbəli zabitlərin təqdim edilməsi mərasimində deyib: "Bu addım Avrasiya regionunda sülhün inkişaf etməsinə yardımçı olacaq".


Putin "Qərb-2013" Rusiya-Belarus strateji təliminin uğurla keçdiyini, gələcəkdə isə Ermənstan, Belarus, Qazaxıstan və Tacikistan qoşunlarının iştirakı ilə regional qruplaşmaların yaradılması məsələsinin gündəmdə olduğunu da bildirib. Bu proses ondan xəbər verir ki, Moskvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistanla hərbi baxımdan iş birliyi günü-gündən artır. Xatırladaq ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk qrupunun həmsədri olaraq neytral mövqe tutmaq əvəzinə, Ermənistana güzəştli şərtlərlə silah-sursat satmaqda davam edir.Bu yanaşma isə işğalçını daha da şirnikləndirməyə bənzəyir. Görəsən, belə vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həllinə nə vəd edir?


 "Azərbaycan öz sərhədləri daxilində işğal olunan ərazilərini azad etməyə başlayacaqsa, bunun Ermənistan və Rusiyaya bir dəxli yoxdur"


Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev Moskva ilə İrəvan arasındakı HHMS-nin yaradılmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə hər hansı bir təsirinin olacağını düşünmür: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasındadır. Ermənistan isə Rusiya ilə bir hərbi blokdadır. Onlar arasında hərbi təhlükəsizliyi ehtiva edən bir sıra sənədlər imzalanıb. Bu, bir gerçəklikdir. Rusiyanın keçmiş sovet respublikaları olan bütün müstəqil dövlətlərin hava məkanını birgə qorumaq təklifinə Azərbaycan heç zaman getməyib və getməyəcək. Azərbaycan Ermənistan deyil ki, hər deyilən təklifə razılıq versin. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, Moskva ilə İrəvan arasında HHMS-nin yaradılmasında təəccüblü, qəribə və yeni heç nə görmürəm ki, onun da konfliktin gedişatına hansısa bir təsiri olsun. Rusiya Ermənistanın Türkiyə tərəfdən sərhədlərini və hava məkanını qorumağı da öhdəsinə götürübsə, bu, o deməkdir ki, İrəvan hər mənada tamamilə Moskvanın əlindədir. Münaqişə Azərbaycanla Ermənistan arasındadır və onun həll perspektivi şəraitində üçüncü dövlətin hansı mövqedə olması, nə iş görməsi məsələsi də mübahisəlidir. Bu işlərin Rusiyaya heç bir aydiyyatı yoxdur. Çünki Azərbaycan öz sərhədləri daxilində işğal olunan ərazilərini azad etməyə başlayacaqsa, bunun nə Ermənistana, nə də Rusiyaya bir dəxli yoxdur. Amma cürbəcür provokasiyalar da ola bilər. Ermənistanda isə hər şey Rusiyanın əlindədir və bu məni təəccübləndirmir".


"Hər halda KTMT-ın münaqişəyə cəlb olunma ehtimalı siyasi baxımdan qabardılır"


Politoloq Elşən Manafov bu qənaətdədir ki, Rusiyanın Ermənistanla hava hücumundan müdafiə sistemi qurmaq niyyəti birbaşa olaraq Dağlıq Qarabağ münaqişəsilə bağlı deyil: "Moskva NATO-nun bu regionda nüfuzunun artmasının qarşısını almaq üçün təbii ki, özünün Cənubi Qafqazda möhkəmlənməsində maraqlıdır. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü olması və Dağlıq Qarabağda hərbi əməliyyatların bərpa olunması ehtimalına gəldikdə isə güman etmirəm ki, bu halda Rusiya və Ermənistan rəsmi şəkildə həmin münaqişəyə cəlb oluna bilərlər. Amma bununla belə bu günlərdə Gümrüdəki 105-ci hərbi bazanın komandanı olan rus zabiti bəyan etmişdi ki, hərbi əməliyyatların başlanacağı təqdirdə, bu bazanın da həmin əməliyyatlara qoşulma ehtimalı böyükdür. Bu isə ondan xəbər verir ki, hər halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının münaqişəyə cəlb olunma ehtimalı siyasi baxımdan qabardılır. Lakin təşkilatın nizamnaməsi və Ermənistanla Rusiya arasında əldə olunan razılıqlar baxımından Moskvanın münaqişəyə cəlbi və ona təsir imkanları hüquqi baxımdan yoxdur. Bununla belə Rusiyanın bölgədəki və Ermənistanla olan maraqlarını qorumaq üçün istisna etmirəm ki, İrəvanın hava hücumundan müdafiə qüvvələrindən də istifadə edə bilər. Yəqin ona görədir ki, Azərbaycan tərəfi də öz ordusunun daha da gücləndirilməsi üçün durmadan islahatlar keçirir. Sevindirici haldır ki, Azərbaycanın hərbə ayırdığı büdcənin həcmi Ermənistanın dövlət büdcəsindən belə bir neçə dəfə çoxdur. Rəsmi baxımdan Rusiya bildirir ki, hava hücumundan müdafiə sistemi məsələsi İrəvanla Moskvanın bölgədəki maraqlarından irəli gəlir və onun Qarabağ münaqişəsinə hər hansı bir təsiri yoxdur. Rusiya ATƏT-in Minsk qrupu həmsədri olaraq münaqişədə bitərəfdir. Bu mənada onun münaqişə tərəflərindən birinə yardımçı olması onun vasitəçilik missiyasını ciddi şübhə altına ala bilər".


"Moskva hər vəchlə çalışır ki, Qarabağ məsələsi həll olunmasın"


Politoloq Vəfa Quluzadə isə dedi ki, HHM-nin yaradılması da münaqişənin həll edilməsinə əngəl olmağa hesablanıb: "Putin başa düşür ki, Ermənistanı itirə bilər. Çünki Ermənistan öz vəziyyətindən olduqca narazıdır. Ermənistan Rusiyanın Qarabağ məsələsindəki mövqeyindən də narazıdır. Bu da Moskvanın Qarabağ məsələsinin həlinə imkan verməməsilə bağlıdır. Ermənistan iki dəfə məsələnin həlli istiqamətində addım atıb və hər ikisində də cəzalandırılıb. Levon Ter-Petrosyan istefaya göndərildi və parlament güllələndi. Ona görə də hər dəfə Moskva müxtəlif variantlar axtarır ki, Erməistanı özünü daha sıx şəkildə bərkitsin. HHMS-nin yaradılması da həmin tədbirlərdən biridir. Ermənistanın HHMS qurmağa heç bir ehtiyacı yoxdur. Türkiyə Ermənistanla sərhədi açıb onunla əməkdaşlıq və kömək etmək istəyir. Azərbaycan da iki dəfə Ermənistanla dil tapıb, üçüncü dəfə də tapacaq. Azərbaycan məsələni sülh yolu ilə həll etməyə hazırdır. Ona görə də HHMS məsələsi tamamilə başqa məqsədə xidmət edir. Qarabağ münaqişəsi isə "ölü"dür, ona görə də Rusiyanın Ermənistanla HHMS sahəsində atmaq istədiyi addımın "ölü"yə nə kimi təsiri ola bilər? Rusiya hələlik Qarabağ məsələsini "öldürüb". O hər vəchlə çalışır ki, bu məsələ həll olunmasın. HHMS-i də bu mənada həmin tədbirlərdən biridir".

Sizin Reklam Yeriniz