ABŞ-da Cəmil Həsənlinin Müsavat Partiyasını aşağılayan müsahibə verməsi, Gürcüstanda Rüstəm İbrahimbəyovun İsa Qəmbərlə görüşməməsi real dəlillərdir ki, artıq bu iki qurum arasında münasibətlər gərginləşib. Mübarizə tək liderlər yox, ikinci dərəcəli şəxslər arasında da açıq müşahidə edilməkdədir. Belə ki, "Milli Şura barəsində narazılıq subyektiv xarakter daşıyır", deyən Eldəniz Quliyev iddia edir ki, bu narazılıqlar, bir çox halda Müsavat Partiyası tərəfindən yaradılır. Ancaq bu ittihamlar qarşılıqlıdır. Müsavatın fikrincə isə problemlərin kökündə məhz "El" Hərəkatı durur. Bütün bunlar onu göstərdi ki, seçkidən sonra müxalifətin parçalanacağı proqnozları səhv deyil. Eyni zamanda baş verənlər həm də Milli Şurada sədrlik uğrunda mübarizənin kəskinləşməsinin göstəricisidir. Belə Müsavat sədrlik postundan Rüstəm İbrahimbəyovu uzaqlaşdırmaq niyyətindədir. Bunun üçün Rüstəm İbrahimbəyovun Milli Şurada əsas dayağı olan "El" Hərəkatının qurumdan uzaqlaşdırılması da əsas hədəfdir.
Millət vəkili Zahid Oruc bildirir ki, radikal müxalifət heç bir zaman vahid bir qüvvəyə çevrilə bilməz: "Milli Şura hansısa qüvvələrin ciddi siyasi prinsipləri əsasında formalaşmış inteqrasiya mərkəzi deyil. Bir tərəfdən ona görə ki, bu görüntünü aşıb da daha dərinə gedəndə həqiqətlərin bütün tərəflərini görmək mümkün olur. İkinci tərəfdən, bütün parametrlər üzrə ziddiyyətlər var. Liderin müəyyənləşməsi, komandanın hansı əsasda formalaşması, onun ucqarlara qədər mövcud olan məhdud sayda qüvvələr tərəfindən qəbul edilməsi, hədəflər uğrunda eyni prinsiplər əsasında mübarizənin aparılması özünü heç zaman göstərmir. İsa Qəmbəri bütövlükdə qəbul edən cəbhəçiləri siz görməyəcəksiniz, ya da əksinə. Həmçinin, bu dönəmdə sanki yad bir cisim kimi gəlib müxalif həyatın içərisinə daxil olan hərəkatsız "El" Hərəkatı faktiki olaraq Eldar Namazovun məlum siyasi tənha durumuna, onun heç zaman başqa qüvvəyə yovuşmaması halına uyğun davranışlar göstərir. Onsuz da başqa nəsə gözləmirdik. Çünki, Eldar Namazovun siyasi naturası elədir ki, onda birləşdirici amildən çox itələyici qüvvə var. Ona görə də müxalifət əslində, nə qədər yeni təşkilatmaya məruz qalsa da, mahiyyət etibarı ilə hakimiyyət qarşsısında bütöv hala gəlmir".
Müasir Müsavat Partiyasını sədri Hafiz Hacıyev isə problemlərin əsas mənbəsini İsa Qəmbər olaraq görür: "Nə qədər ki, cəmiyyətimizdə İsa Qəmbər kimi satqın, milli mənafedən tamamilə uzaq olan bir insan var, Azərbaycanda heç vaxt normal müxalifət olmayacaq. Hazırda onlarda müsavatçılığa aid nəsə qalmayıb. O, yalnız satqınlar partiyasının sədri ola bilər. O adam imkan vermir ki, normal təfəkkürə malik, milli maraqları müdafiə edən müxalifət yaransın. Müxalifət olmalıdır. Amma bunlar müxalifəti elə günə qoyublar ki, xalq arasında müxalifət "xortdan" obrazında görünür. Milli Şura daxilində də bu məsələləri qarışdıran məhz İsa Qəmbərdir. O bilir ki, partiyasında çox az adam qalıb. Çalışır ki, Milli Şurada həmsədr seçsinlər. Bunu da Milli Şura bilir. Cəmil Həsənli ABŞ-da müsahibə verəndə İsa Qəmbəri ifşa etdi. Bundan başqa Rüstəm İbrahimbəyov Gürcüstanda İsa Qəmbərlə görüşmədi. İsa Qəmbər olan yerdə müxalifət daxilində barışıqdan söhbət gedə bilməz. O şəxs İranın, Rusiyanın, Qərbin sifarişi ilə müəyyən işlər görür və ölkə daxilindəki normal müxalifətə böhran atır. Bizdə olan məlumata görə, yaxın zamanlarda Müsavat Partiyası Milli Şuranın tərkibindən çıxarılacaq. Ümumulikdə, Milli Şura da gələcəyi olmayan bir təşkilatdır. Onlar hər zaman Azərbaycanda təxribat tərəfarı olublar".