Əlaqə Arxiv
news Image
2013.11.30
10:48
| A A A
Türkiyə Ermənistanla sərhədləri açır?!
Hatəm Cabbarlı: “ATƏT-in Minsk qrupu və Rusiya hadisələrin bu cür inkişafını öz xeyrinə çəkə bilər” Natiq Miri: “Məxfi də olsa, Türkiyə Ermənistan arasında hansısa danışıqlar aparır”

Türkiyə mətbuatında biri-birinin ardınca Ermənistanın Azərbaycanın işğal etdiyi bir neçə rayonu geri qaytarmağa hazırlaşması barədə məlumatlar hələ də gündəmin əsas mövzuları sırasında yer almaqdadır. Bildirilir ki, bunun əvəzində Ermənistan-Türkiyə münasibətləri bərpa olunacaq və sərhədlər açılacaq. O da xüsusi diqqət cəlb edir ki, Türkiyə və Ermənistan sərhədləri minalardan təmizlənir. Eyni zamanda Türkiyədən Ermənistana uzanan dəmiryolu xətti Qarsda tam bərpa olunur. Bütün bunlar Türkiyə ilə Ermənistan sərhədlərinin açılmasına hazırlıq getməsinə dair təəssürat yaradır.

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlının fikrincə, əslində, bunlar Türkiyə, həm də Ermənistan mətbuatında dezinformasiya xarakterli məsələdir: "Belə ki, Türkiyə, Azərbaycan torpaqlarının işğal edilməsi ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupunun üzvüdür, amma həmsədr dövləti deyil. 20 ildir ki, problemin həlli istiqamətində həmsədr ölkələr istənilən nəticələri ortaya qoya bilməyiblər. ATƏT-in Minsk qrupu bir kənarda qalaraq Türkiyənin İsveçrə üzərindən Ermənistanla görüşməsi həm diplomatik, həm də məntiqi cəhətdən inandırıcı deyil. Çünki, Ermənistan ilə Azərbaycan arasında hansısa anlaşma imzalanma ehtimalı varsa, yaxud da Ermənistan hansısa rayonları geri vercəksə, bu, birbaşa ATƏT-in Minsk qrupuna aid olan məsələdir. Burada Rusiyanı xüsusi ilə vurğulmaq lazımdır. Prezident Vladimir Putin iqtidara gələndən sonra Rusiya postsovet ölkələrinə doğru təzyiq mexanizmini işə salıb. Bunu hamı vurğulayır ki, Dağlıq Qarabağın həll açarı Rusiyanın əlindədir. Təbii ki, Rusiya bölgəyə təsiretmə mexanizminə sahibdir. Ermənistan 5 və ya 2 rayondan geri çəkiləcəksə, bu, Türkiyənin yox, birmənalı olaraq Rusiyanın üzərindən olmalıdır. Ona görə mətbuatda gedən bu informasiyaları o qədər də ciddi qəbul etmək lazım deyil. 20 ildir bu missiyanı yerinə yetirən ATƏT-in Minsk qrupu və Rusiya hadisələrin bu cür inkişafını öz xeyrinə çəkə bilər. Bundan başqa, 18 noyabr tarixində Ermənistan və Azərbaycan prezidentləri Vyanda görüşdülər. Görüşün nəticələri haqqında o qədər pozitiv məlumatlar verilmədi. Yəni, belə bir şey olsaydı, mütləq Vyana görüşündə əks olunardı və müəyyən nüansları mətbuata sıza bilərdi. Odur ki, yayılan məlumatlara o qədər ciddi münasibət bəsləmək düzgün olmazdı".

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirir ki, əgər 2 rayonun boşaldılması ilə bağlı xəbər doğrudursa, bunu Azərbaycanın mənafeyinə uyğun "yol xəritəsi" hesab etmək olmaz: "Çünki, Türkiyənin aktivləşməsi onun strateji maraqlarına uyğun olaraq baş verir. Türkiyənin aktivliyi 2015-ci ilə qədər yaxın qonşuluq siyasəti çərçivəsində bir çox ölkələrlə, eyni zamanda Ermənistan ilə diplomatik münasibətlərin qurulmasına hədəflənib. Bu, Türkiyənin qarşısında AB-nin qoyduğu müddəlardan biridir. Dağlıq Qarabağ məsələsinə də bu konteksdə baxılır. Çünki, Azərbaycan Türkiyənin strateji mütəffiqidir. Proseslərdə Azərbaycanı kənar saxlamaq mümkün deyil. Bu kontekstdə məxfi də olsa, Türkiyə Ermənistan arasında hansısa danışıqlar aparır. Baş nazir Ərdoğanın Rusiyaya səfəri zamanı Dağlıq Qarabağın müzakirə mövzusu olduğu da danılmazdır.

Ancaq Ermənistanın şifahi vədlərinə inanmaq olmaz. Çünki, Ermənistan o qədər konstruktiv olmayan və sözünün üstündən hər an qaçmağa hazır olan, sürüşkən siyəsət yürüdən ölkədir ki, onun verdiyi sözü heç bir hüquqi sənədə tikmək mümkün deyil. Ona görə də Ermənistan rəsmisinin şifahi açıqlamasına inanaraq diplomatik münasibətlərin qurulması yalnış addım olardı. Lap bu məsələdə səmimi olsalar belə, Ermənistan sözünün üstündə durmaya bilər. Çünki, hələlik Rusiya bu məsələyə hazır deyil. Ermənistan da öz siyasi iradəsinin sahibi olan ölkə kimi tanınmayıb. Rusiyanın icazəsi olmadan hansısa anlaşmaya Sarkisyan imza ata bilməz".

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz