"Azərbaycan və UNESCO arasında olduqca doğma, işgüzar bir əlaqə yaranıb. Bu əlaqə qarşılıqlı hörmətə, qarşılıqlı etimada söykənir".
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyev deyib.
Onun sözlərinə görə, son illər ərzində Azərbaycan və UNESCO arasında əlaqələr daha da genişlənir: "Azərbaycanın bir çox maddi və qeyri-maddi sərvətləri UNESCO vasitəsilə çox ciddi şəkildə təbliğ olunur, çox yüksək qiymətlər alır".
E.Əfəndiyev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu məsələdə xüsusi rolu vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycanda çox mühüm tədbir - UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin 8-ci sessiyası keçirilir: "UNESCO-nun bu mühüm sessiyasının Azərbaycanda keçirilməsi bizim mədəniyyət həyatımız və ictimaiyyətimiz üçün çox əlamətdar hadisədir".