Yeni Azərbaycan Partiyası Tarif Şurası tərəfindən qiymətlərin artırılmasını tənzimləmə kimi qiymətləndirir.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında qərarla rabitə tariflərinin xeyli aşağı salındığını da xatırladıb: "Azərbaycan vətəndaşları ən çox rabitə sistemindən istifadə edir ki, onların da qiyməti aşağı salınıb. Yanacağın qiyməti ilə bağlı olanlar isə sırf tənzimləmə məsələsidir. Buna baxmayaraq, sərnişin daşımalarında və digər nəqliyyat sistemində də qiymətlər artmayacaq. Yəni Tarif Şurasının bu qərarının vətəndaşa, insanlara heç bir ciddi təsiri olmayacaq".
YAP nümayəndəsi qeyd edib ki, bazarlarda baş verə biləcək süni qiymət artımı dövlətin ayrı-ayrı strukturları tərəfindən nəzarətdədir: "Büdcənin müzakirəsində də bildirildi ki, bu qiymət artımı müəyyən standartlara uyğunlaşdırılmalıdır. Çünki bizi əhatə edən dövlətlər, qurumlar var. Əgər biz öz bazarımızı qorumasaq, bizdə olan məhsullar tamamilə başqa yerlərə başqa qiymətlərlə daşınmağa başlanacaq".
S. Novruzovun sözlərinə görə, əhalinin gəlirləri də dövlətin diqqət mərkəzindədir: "Prezidentin sərəncamları ilə mütəmadi olaraq müxtəlif peşə sahiblərinin əmək haqları artırılır".
S. Novruzov sosial şəbəkələrdə qiymət artımı ilə bağlı şəhərin mərkəzində aksiyanın keçirilməsi, sosial narazılıqların ifadə olunması ilə bağlı çağırışlara da toxunub: "Azərbaycanda heç vaxt sosial partlayış, sosial narazılıq ola bilməz. Çünki Azərbaycan dövlət büdcəsi sosial yönümlüdür".