Lent.az-ın verdiyi məlumata görə, Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə münasibət bildirən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycan Avropa strukturları ilə münasibətlərinə yenidən baxmalıdır.
Səməd Seyidov deyib ki, ötən dövr ərzində Almaniya Bundestaqında, İtaliya parlamentində Azərbaycan həqiqətləri, torpaqlarımızın işğalı ilə bağlı qətnamələr qəbul olunub: "Bundan narahat olan erməni lobbisi başqa bir taktikanı seçdi. Guya Azərbaycanda insan haqları pozulur, problemlər var və guya Azərbaycan bu problemlərin həlli istiqamətində addım atmır. Avropa Şurasına qəbul olanda bir siyahı təqdim etdilər, guya siyasi məhbusdurlar. Buraxdıq. Yenə təkrar siyahı çıxdı. Yəni məqsəd başqadır. Azərbaycan dostları çoxaldığı üçün Azərbaycanın dostu olan insanlara, qurumlara qarşı fəaliyyətə başlayıblar".
O xatırladıb ki, Avropa Şurasında Azərbaycana normal münasibət bəsləyən insanlara qarşı hücum daha güclüdür: "2008-ci ildə Milli Məclis, Prezident Administrasiyası, güc strukturları ilə bağlı bir İşçi Qrupu yaratdıq. Üstündən 2 həftə keçəndən sonra bizə mesaj gəldi ki, İşçi Qrupu ilə işləmirik, sizə məruzəçi göndərəcəyik. Bizə dedilər k, Avropa Məhkəməsinə üzv olun, bütün məsələlər orada həll olunacaq. Avropa Məhkəməsinə üzv olduq, bizə dedilər ki, məhkəməyə baxmayın, sizə siyahılar göndərəcəyik. Digər tərəfdən, Avronest Parlament Assambleyasının üzvü olduq, əməkdaşlıq şərtlərini dəyişməyə başladılar. Ona görə də, Azərbaycanın mövqeyini beynəlxalq təşkilatlara çatdırmalıyıq. Azərbaycan dövləti xalqımızın istəyi ilə Avropa strukturlarında təmsil olunur. Ancaq bizə qarşı çox təzyiqlər ortaya çıxacaqsa, düşünməliyik. Ermənilər hüquqi müstəvidə Dağlıq Qarabağ müharibəsini uduzublar. Ona görə də insan haqları məsələsini qabartmağa başlayıblar. Mən bu fikirləri Avropa Şurası Monitorinq Komitəsində də səsləndirəcəyəm."
Spiker Oqtay Əsədov deyib ki, Azərbaycana həqiqətən təzyiq göstərmək istəyirlər: "Ancaq onlar istəklərinə çatmayacaqlar".