Əlaqə Arxiv
news Image
2013.12.25
10:05
| A A A
Avropa İittifaqının Qarabağ münaqişəsinə diqqəti artır
Hatəm Cabbarlı: “Avropa İittifaqının Dağlıq Qarabağ məsələsi ilə bağlı status-kvonun qəbuledilməz olduğunu deməsi yeni nüansları ortaya çıxarır Elxan Şahinoğlu: “Real vəziyyət ondan ibarətdir ki, status-kvonun dəyişməsi istiqamətində ciddi fəaliyyət ortada yoxdur”

Ölkəmizin ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik missiyası hələ də arzuedilən nəticəni vermir. Bu gedişlə həmin qrupun hansısa irəliləyişlərə nail ola biləcəyi də inandırıcı sayılmır. Elə buna görə də münaqişənin çözümü üçün başqa vasitəçilərin cəlb olunması aktuallığını qoruyur. Belə vasitəçi qismində isə əvvəlki kimi daha çox Avropa İittifaqının adı çəkilir.

Qeyd edək ki, Avropa İittifaqı Qarabağ münaqişəsində status-kvonu qəbuledilməz hesab edir və vurğulayır ki, problemin sülh yolu ilə nizamlanmasi əsas prioritet olaraq qalır. Bu günlərdə məsələ ilə bağlı birliyin yaydığı məlumatda bildirilir ki, Avropa Ittifaqı Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü və onların münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqları davam etdirmək barədə razılığa gəlməsini alqışlayır. ATƏT-in Minsk qrupunun sülhməramli fəaliyyət üzrə səylərini bundan sonra da dəstəkləməyə hazır olduğunu açıqlayan qurum qoşunların təmas xəttində insidentlərlə əlaqədar narahatlığını açıqlayıb və tərəfləri gərginliyi artıracaq və danışıqları pozacaq hərəkət və bəyanatlardan çəkinməyə çağırıb. Ancaq hesab edilir ki, Avropa Ittifaqı vasitəçi qismində münaqişənin həllinə cəlb olunarsa, daha böyük nəticələr əldə etmək mümkün olar.

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlının sözlərinə görə, prezidentlərin Vyanadakı son görüşünün nəticələrindən belə məlum olur ki, ATƏT-in Minsk qrupu həmsədrləri tərəfləri ortaq məxrəcə gətirə bilməyiblər: "Son vaxtlar Azərbaycanda ATƏT-in Minsk qrupunun effektiv işləmədiyi haqqında fikirlər səslənir. Bu, onu göstərir ki, qurum özünü doğrultmayıb. Avropa İttifaqnın (Aİ) son zamanlarda Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində fikirlər bildirməsi onun bölgəyə yönəlik xarici, təhlükəsizlik məsələlərinə ciddi diqqət etməsinin ortaya çıxmasına işarə edilə bilər. Bundan başqa, son zamanlar bölgədə cərəyan edən hadisələri də diqqətə almaq lazımdır. Belə ki, Rusiyanın postsovet ölkələrinə yönəlik daha aqressiv və iqtisadi, siyasi təzyiq mexanizmlərindən "uğurla" istifadə etməsi Aİ-nin həmin ölkələrə yönəlik diqqətini artırır. Ona görə də Aİ üçün Cənubi Qafqaz siyasətini yenidən nəzərdən keçirmək ehtiyacı ortaya çıxarır. Cənubi Qafqaz ölkələrinin Avropa Şurasına üzv olandan sonra əslində, Aİ və Avropa Şurasının (AŞ) bölgə ölkələrinə yönəlik siyasətində durğunluq hiss olundu. Belə ki, Aİ və AŞ bölgə dövlətlərinin demokratikləşməsini ön plana çıxararaq Avropa standartlarını tətbiq etməyə çalışdı. Aİ-nin Dağlıq Qarabağ məsələsi ilə bağlı status-kvonun qəbuledilməz olduğunu deməsi böyük bir ehtimalla məsələ ilə bağlı bizim bilmədiyimiz yeni nüansları ortaya çıxarır. Burada Rusiya faktorunu ön plana çıxdığını düşünmək olar. Aİ-nın belə bir bəyanatla çıxışını problemin həllinə yönəlik addım kimi qiymətləndirmək olar. Bu, eyni zamanda Cənubi Qafqaz uğrunda Rusiya-Aİ arasındakı münasibətdən də doğa bilər".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirir ki, bu fikri hər kəs - beynəlxalq müşahidəçilər, böyük təşkilatlar, ATƏT-in Minsk qrupu da deyir: "Amma belə sözlər heç nəyi dəyişmir. Aİ kimi mötəbər bir qurum belə bir fikir deməsi o demək deyil ki, Aİ ATƏT-in Minsk qrupunun həmsədrinə əmr formasında bir müraciət edir və ya durumun dəyişməsini ortaya qoyur. Real vəziyyət fərqlidir. Real vəziyyət ondan ibarətdir ki, status-kvonun dəyişməsi istiqamətində ciddi fəaliyyət ortada yoxdur. Həmsədrlər müəyyən təkliflər verirlər. Amma bu, Azərbaycanla Ermənistan arasındakı münaqişəyə baxışı ortadan qaldırmır. Deyilən söz siyasi çəkiyə malik olmalıdır. Bunun üçün də Ermənistana təzyiq edilməlidir. Amma bu istiqamətdə iş getmir. İş getməyincə də "status-kvo dəyişməlidir" ifadəsinin elə bir anlamı olmayacaq".

Sizin Reklam Yeriniz