Əlaqə Arxiv
news Image
2013.12.25
10:29
| A A A
İlham Əliyev: “Azərbaycan xalqının iradəsi Azərbaycanın inkişafını müəyyən edir”

"Hər bir vətəndaşın taleyi, onun qayğıları, problemləri dövlətin diqqət mərkəzində olmalıdır"

"Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır və mən bunu dəfələrlə bəyan etmişəm. Bu, sadəcə sözlər deyil, bu, reallıqdır, siyasətdir". Bu barədə  Azərbaycan prezidenti İlham Əliyev dekabrın 24-də Bakının Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılış mərasimində sağlamlıq imkanları məhdud gənclərlə görüşündə deyib. Dövlət başçısı Azərbaycanın inamla irəli getdiyini qeyd edərək, cəmiyyətdə heç bir qarşıdurma, ziddiyyətin olmadığını vurğulayıb: "Cəmiyyətdə həmrəylik və birlik var. Biz bir amal ətrafında birləşmişik ki, ölkəmizi daha da inkişaf etdirək, insanlar daha da yaxşı yaşasınlar, Azərbaycanın gücü artsın, dünyadakı mövqeləri möhkəmlənsin, sosial məsələlər həll olunsun, iqtisadiyyat inkişaf etsin və biz müstəqil ölkə kimi əbədi yaşayaq".

 

Prezident İlham Əliyev qeyd edib ki, buna nail olmaq üçün güclü dövlət olmalıdır: "İndi mən görürəm ki, siz də siyasi proseslərə biganə deyilsiniz. Baxırsınız, dünyanı görürsünüz. Elə ölkələr var ki, müstəqil yaşaya bilmir. Yaxud da ki, böyük çətinliklər içində yaşayır. Xaricdən yardım olmadan o ölkələr yaşaya bilmir. Əlbəttə ki, o ölkələrin gələcək müstəqil taleyi şübhə altına düşə bilər. Çünki müstəqillik sadəcə olaraq dövlət atributları deyil".

 

"Biz çalışmışıq və bundan sonra çalışacağıq ki, Azərbaycanı daha da möhkəmləndirək. Bu gün bizə heç kim təsir edə bilməz. Ancaq Azərbaycan xalqının iradəsi Azərbaycanın inkişafını müəyyən edir. Ona görə daha da güclü, daha da möhkəm olmalıyıq. Buna nail olmaq üçün bütün imkanlar var. Cəmiyyətdə, bir daha demək istəyirəm ki, həmrəylik, birlik var. Sosial proqramlar icra edilir, iqtisadi islahatlar aparılır. Bu yaxınlarda böyük qaz layihəsinə start verdik. Bu, bundan sonra ən azı 100 il Azərbaycanın iqtisadi inkişafını təmin edəcək", deyə ölkə başçısı əlavə edib.

 

Dövlət başçısı Azərbaycanın beynəlxalq mövqelərinin güclü olduğunu vurğulayıb: "Bizimlə əməkdaşlıq, dostluq etmək istəyən ölkələrin sayı durmadan artır. Yəni, biz öz müstəqil həyatımızı, öz vətəndaşlarımızı qoruyuruq. Hər bir vətəndaşın taleyi, onun qayğıları, problemləri dövlətin diqqət mərkəzində olmalıdır".

 

"Güclü dövlətləri başqalarından fərqləndirən bu amillərdir. Harada yaşamasından asılı olmayaraq, - Azərbaycanda, yaxud da ki, başqa ölkələrdə, - biz öz vətəndaşlarımızı heç vaxt darda qoymuruq, qoymayacağıq. İmkan daxilində onların bütün problemlərini həll etməyə çalışacağıq", deyə prezident İlham Əliyev qeyd edib.


Sizin Reklam Yeriniz