Əlaqə Arxiv
news Image
2014.01.09
10:30
| A A A
Soçidən Qafqaza uzanan təhlükə
İlqar Altay: “Soçi Olimpiyadası ilə əlaqədar orada anti-Rusiya meyilli qüvvələr vəziyyətdən istifadə etməyə çalıcaqlar” Ərəstun Oruclu: “Rusiya prezidenti faktiki olaraq açıqlamış oldu ki, terrorçuların hədəfi olimpiyadanı pozmaqdır”

Ötən ilin sonlarına yaxın Rusiyada baş vermiş 3 terror olayı dərhal dünyanın diqqətini gələn ay Qış Olimpiya Oyunlarının keçiriləcəyi Soçiyə yönəltmiş oldu. Qlobal miqyaslı bu kütləvi idman tədbiri iştirakçılarının təhlükəsizliyi məsələsini bütün ciddiliyi ilə gündəmə gətirdi. Həmçinin şəhərin Şimali Qafqaz regionu ilə həmsərhəd olması təhlükələrin baş vermə ehtimalını daha da artırır. Xüsusi ilə də nəzərə alaq ki, "İmarət Qafqaz" qruplaşmasının lideri Doku Umarov Soçi Olimpiyadası zamanı bütün Rusiya ərazisində terror aktları törədəcəyi ilə bağlı hədələri olub. Artıq Rusiyanın Soçi şəhərində 2014-cü il Qış Olimpiya Oyunlarında təhlükəsizlik tədbirlərinin tətbiq edilməsini nəzərdə tutan xüsusi rejim qüvvəyə minib. Rusiya prezidenti təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə dair göstəriş verib. Göstəriş qadağan olunmuş zonanın yaradılmasını nəzərdə tutur ki, bu zonaya xidməti və ya istehsalat zərurəti olmadan düşmək mümkün olmayacaq. Habelə yalnız polis yoxlamasından sonra daxil olmaq mümkün olan xüsusi zonalar yaradılacaq. Soçiyə girişə hüquq-mühafizə orqanlarının və daxili qoşunların 30 mindən çox əməkdaşı nəzarət edəcək. Mmükün xoşagəlməz hadisələrin tək Rusiyaya yox, qonşu respublikalara da müxtəlif cür təsir edəcəyini düşünənələr var.

İctimai Tədqiqatlar Mərkəzinin sədri, hüquqşünas-kriminalist, İlqar Altay bildirir ki, Rusiya Azərbaycan ilə həmsərhəddir: "Bundan başqa ölkəmizin Rusiya ilə iqtisadi, ictimai əlaqələri var. Bu baxımdan Rusiyada baş verən hadisələr Azərbaycana təsirsiz ötüşmür. Xüsusi ilə də orada baş verən terror hadisələri, dini ekstremistlərin güclənməsi, kriminal hadisələrin artmasının Azərbaycana təsiri olur. Amma ölkəmiz müstəqil dövlətdir, öz sərhədlərini qoruya bilir. Azərbaycan hüquq mühafizə orqanları ölkəmizdə kriminal vəziyyətə maksimum dərəcədə nəzarət edə bilir. Soçi Olimpiyadası ilə əlaqədar orada anti-Rusiya meyilli qüvvələr vəziyyətdən istifadə etməyə çalıcaqlar. Bununla bağlı Azərbaycanda xüsusi xidmət orqanları öz fəaliyyətlərini gücləndirməlidirlər ki, ordakı aktivləşmənin təsiri burada özünü göstərməsin".

Sabiq MTN əməkdaşı, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun fikrincə, orada ola biləcək təhlükənin ölkəmizə təsirini hesablamaq üçün ilk növbədə Rusiya dövlətinin münasibətini bilmək lazımdır: "Son zamanlar baş verən terror aktları Rusiyaya siqnal xarakterli mesajlar oldu. Bundan sonra Yeni il ərəfəsində Putin terror hadisələrinə münasibət bildirdi və terrorçuların məhv ediləcəyini söylədi. Bununla da Rusiya prezidenti faktiki olaraq açıqlamış oldu ki, terrorçuların hədəfi olimpiyadanı pozmaqdır. Yaxud da olimpiyadanı pozmaq hədəsi ilə hakimiyyətlə hansısa sövdələşmələrə getməkdir. Soçi Olimpiyadası Rusiyanın Qafqaz siyasətinin bir detalıdır. Rusiya bunu geosiyasi aksiya kimi təqdim etməyə çalışır. 50 milyardan çox vəsait xərcləyəcək. Bununla yanaşı unutmayaq ki, 2011-ci ilə qədər Şimali Qafqazın inkişafına Rusiya büdcəsindən 91 milyard dollar pul ayrılıb. Bir çox ekspertlər hesab edirlər ki, bu pulu ayırmaqda Rusiyanın məqsədi Şimali Qafqazada loyallıq əldə etməkdir. Amma eyni zamanda Rusiya rəsmilərinin dilindən də səsləndi ki, heç bir zaman heç bir radikallarla danışıqlar olmayacaq. Artıq bu, Rusiya üçün ciddi problemdir. Onlarla bu və ya digər şəkildə anlaşma əldə olunmasa, olimpiyada ərəfəsində ciddi təhlükələr gözlənilə bilər".

Ərəstun Oruclunun fikrincə, bu təhlükənin bizə birbaşa yox, dolayı təsiri ola bilər: "Xatırlayaq ki, Sovet dönəmində bu cür beynəlxalq tədirlər zamanı Moskvada etibarsız sayılan insanları faktiki olaraq deportasiya etmişdilər. Eyni ilə həmin praktikanı Rusiya Soçiyə və onun ətrafında olan bölgələrə tətbiq edə bilər. Amma həmin bölgədə azərbaycanlılar çox deyil. Ona görə də bunun bizə ciddi təsiri olmayacaq".

Sizin Reklam Yeriniz