Müsavat Partiyasının Milli Şuradan uzaqlaşmasına AXCP-nin cavabı uzun çəkmədi. O da artıq İctimai Palatadan (İP) ayrıldığını bəyan etdi. Partiyanın sədr müavini Fuad Qəhrəmanlı İP-dan uzaqlaşmanı şərh edərkən bildirib ki, Milli Şura yaranandan sonra İctimai Palata ömrünü başa vurmuş hesab edilir: "İctimai Palatanın hər hansı işlək strukturu yoxdur. Müsavat Partiyasının Milli Şurada olduğu dövrdə də demişik ki, əsas aparıcı qurum Milli Şuradır. Paralel strukturları saxlamağa ehtiyac yoxdur. İctimai Palata missiyasını başa vurduğuna görə onu yenidən dirçəltməyə ehtiyac yoxdur". Müxalifətin iki aparıcı partiyasını bir-birinin bəhsinə belə addım atması onlar arasında "dominantlıq etmək" arzusunun olduğunu bir daha aşkar etmiş olur. Haçalanma ətraflarına az-çox yığdıqları elektoratı da günü-gündən seyrəldir. Artıq Zəfər Quliyevin də Milli Şuranı tərk etməsi barədə bəyanat yayılıb. Hesab olunur ki, bundan sonra da qopmalar davam edəcək.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirdi ki, tarixə nəzərdə salsaq, radikal müxaliflərin bütün qurumları müəyyən dairələr tərəfindən yaradılıb: "Amma həmin qurumların heç biri sona qədər fəaliyyət göstərməyib. Əbülfəz Elçibəyin hakimiyyətindən bu günə qədər Azərbaycanda nə pis hadisə baş verirsə, hamısı Qəmbərov İsanın səyi nəticəsində olub. Mən onlarla vaxtı ilə bir yerdə işləməyim tam əsas verir ki, onların satqın olduğunu deyə bilim. Xalq bilməlidir, onun satqını, xarici kəşfiyyata işləyəni kimdir! Bu gün İsa Qəmbəri elə müxalifətin özü "molotov" ləqəbli KQB agenti adlandırır. Bunu vaxtı ilə Sülhəddin Əkbər də deyirdi. Cəmiyyət bilməlidir ki, onun daxilinə sırınmış müxalifət həmin cəbhədə siyasi monopoliyanı ələ alıb. Hansı tapşırıq olursa, onun dalınca gedirlər. Vaxtı ilə Qəmbərov İsa Həsənli Cəmilə "mənim prezidentim" deyirdi. Bu gün nə oldu? Niyə Milli Şuradan uzaqlaşdın? Bunların belə simalarını açıb göstərmək üçün zaman lazım idi. Həmin zaman gəlib çatıb. Sular durulub. Bunlar hər an dövlətçiliyə xəyanətə cəhd edirlər. Qəmbərov İsa öz ətrafına xəyanət edirsə, ölkəyə xəyanət etmirmi? Əslində, radikal müxalifətdə adam da qalmayıb. Qəmbərov İsa ilə Kərimov Əlinin ümidinə qalan müxalifətdir. Onlar onlara ümid edən insanların ümidini qırıblar. Son qədər mübarizə apara bilmirlər. Çünki, ortada tamah var. Arif Hacıyev o boyda villanı hardan alıb? Ortada pul məsələsidir. Hamı onun dalınca qaçır. Ona görə də bir yerdə ola bilmirlər".
Yurddaş Partiyasının sədri Mais Səfərli bildirir ki, bu partiyalar arasında münaqişə yeni məsələ deyil: "O partiylar 1990-cı ilin əvvəlində yaranıblar. O vaxt AXCP iqtidarda olanda İsa Qəmbər hakimiyyətin resurslarından istifadə edib Müsavat Partiyasını yaratdı. O zamandan onlar arasında ciddi konflikt hökm sürür. AXCP üzvləri Müsavatın yaranmasını istəmirdilər. Bəlkə də o hakimiyyətin yıxılmasında səbəblərdən biri o idi ki, orada möhkəm komanda yox idi. Çünki, orada fəal şəkildə partiyalaşma gedirdi. Hərə öz partiyasının məqsədi üçün yararlanmağa çalışırdı. Bütövlükdə xalqın, dövlətin maraqları arxa plana keçmişdi. Bu isə onların hakimiyyətinin çökməsinə gətirdi. O zamandan bu partiyalar arasında barışmazlıq hökm sürür. Bu konflikt müəyyən vaxtlarda gizli formaya keçir, bəzən də çox açıq savaş şəklini alıb. Necə ki, son vaxtlar bunu müşahidə edirik. Yəni, bu partiyaların yaratdığı birliklər də səmimi deyil. Əgər onlar arasında barışmaz ziddiyyətlər varsa, onlar heç vaxt bir yerdə olmayacaqlar. Müxalifət qüvvələrinin bir-birinə belə kəskin üz-üzə durması bütövlükdə müxalif cəbhənin zəif olmasına gətirib çıxarıb. Belə də davam edəcək. Çünki, o partiyaların ambissiyaları bir-birinə ziddir. O vaxta qədər ki, proses davam edəcək ki, bu partiyalar həmin şəxslərin monopoliyasından azad olacaq. İndilikdə o partiyalar rəhbərlərin birbaşa maraqlarına xidmət edir. Belə bir birlik də bütövlükdə uğursuza düçar olmalıdır".