Əlaqə Arxiv
news Image
2014.01.28
19:15
| A A A
Azərbaycanlı millət vəkili AŞPA-nı Dağlıq Qarabağın Azərbaycan və erməni icmaları arasında dialoqun qurulmasına yardım etməyə çağırıb

Bu gün Avropa Şurası Parlament Assambleyası (AŞPA) sessiyasının ikinci gününün plenar iclasında sərbəst müzakirələr aparılıb. APA-nın Avropa müxbiri xəbər verir ki, müzakirələrdə çıxış edən Azərbaycanın nümayəndə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev assambleya üzvlərinin diqqətini Azərbaycanla Ermənistan arasında aparılan Qarabağ danışıqları ilə yanaşı, münaqişə bölgəsində yaşayan Azərbaycan və erməni icmaları arasında təmasların yaradılmasının vacibliyinə yönəldib.

"Çox təəssüflə qeyd etmək istəyirəm ki, mənim ölkəmdə də belə bir münaqişə mövcuddur. Azərbaycanla Ermənistan arasında 20 ildən çox davam edən Dağlıq Qarabağ münaqişəsi gedir. Mən tam əminəm ki, bu münaqişə məhz ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində aparılan danışıqlar yolu ilə aradan qaldırılacaq. Mən bu gün sizə, buradakı həmkarlarıma bildirirəm ki, bu münaqişənin başlanğıcında tərəflər kimi Ermənistan və Azərbaycan dövlətləri, maraqlı tərəf kimi isə Dağlıq Qarabağın Azərbaycan və erməni icmaları qəbul olunub", - deyə o vurğulayıb.

Dağlıq Qarabağın Azərbaycan icmasını təmsil etdiyini və bu icmanın icraçı komitəsinin rəhbəri olduğunu deyən R.Rzayev üç ildən artıqdır Dağlıq Qarabağın erməni icmasının təmsilçiləri ilə təmasların qurulmasına çalışdıqlarını bildirib:

"1990-cı illərin əvvəllərində aramızda mövcud olan problemlərimizi aradan qaldıra bilməyimiz üçün öz aramızda danışıqların başlanmasını təklif edirik. İlk vaxtlarda bu, bəlkə də çətin bir proses ola bilər. Ancaq mən tam əminəm ki, biz danışıqlar masası ətrafında oturub, dialoqa başlasaq, çox şeyə nail ola bilərik və bununla da aparılan sülh danışıqları prosesinə öz töhfəmizi vermiş olarıq. Xanım sədr və zalda əyləşən həmkarlarım, sizdən bizim bu dialoq yaratmaq istəyimizə dəstək verməyinizi xahiş edirəm".

R. Rzayev qeyd edib ki, bu münaqişə davam etdikcə, daha çox problemlər yaranır. "Misal üçün, 3 gün bundan öncə qoşunların təmas xəttində güclü atışmalar baş verib. Bu işdə bizə, yəni azərbaycanlılara və ermənilərə kömək edə bilməsək, gələcəkdə çox dəhşətli nəticələrlə üzləşə bilərik. Buna görə sizə müraciət edirəm və ümüd edirəm ki, siz bizə bu məsələdə yardım edə biləcəksiniz", - deyə o fikrini tamamlayıb.

Sizin Reklam Yeriniz