Əlaqə Arxiv
news Image
2014.02.01
10:06
| A A A
Qoşunların təmas xəttində silahlar yenə susmur
Elman Nəsirli: " Həll prosesinə cavabdeh dairələrin münaqişəyə ikili münasibəti də cəbhə zonasında vəziyyətin gərginləşməsində özünəməxsus rol oynayır" Aydın Ağayev: " Təmas xəttində istənilən tapşırılan, tapşırılmayan hərəkət mütləq qarşılıqlı olaraq barmaqları tətiyə gətirir "

Yanvarın 20-dən başlayaraq cəbhə zonasında vəziyyətin gərginləşməsi dünya birliyini də həmişə olduğu kimi narahat etməyə başlayıb. Artıq ATƏT Minsk qrupunun həmsədr ölkələri olan ABŞ və Rusiya qoşunların təmas xəttində atəşkəsin intensiv olaraq pozulmasından təəssüf hissi keçirdiklərinin bəyan ediblər. Belə bəyanatlarla digər beynəlxalq qurumlarda çıxış edib. Amma maraqlıdır ki, cəbhə zonasında durumun ağırlaşmasından narahat olan beynəlxalq təşkilatlar və dövlətlər bu gərginliyin aradan qaldırılması üçün hər hansı bir konkret addım atmırlar. Onlar sadəcə olaraq, bəyanat verməklə kifayətlənirlər. Bu fonda da işğalçı Ermənistan hələ də atəşkəsi pozmaqda davam edir. Atəşkəsin intensiv şəkildə pozulmasından narahat olduqlarını ifadə edən beynəlxalq dairələr isə bu gərginliyin yaranmasında birbaşa rol oynayan Ermənistana qarşı nədənsə hər hansı bir addım atmırlar. Görəsən, beynəlxalq qurumların tutduğu bu ikili standart cəbhə zonasında vəziyyəti daha da gərginləşdirə bilərmi? Ümumiyyətlə, bu hal regiona nə vəd edir?

Politoloq Elman Nəsirli bildirdi ki, həll prosesinə cavabdeh dairələrin münaqişəyə ikili münasibəti də cəbhə zonasında vəziyyətin gərginləşməsində özünəməxsus rol oynayır: "Nə qədər ki, Minsk qrupu və digər beynəlxalq təşkilatlat tərəfindən işğalçı ilə işğala məruz qalan tərəfə münasibətdə bərabərlik işarəsi qoyulacaq, işğalçı öz adı ilə çağrılmayacaq, münaqişənin həllilə bağlı hər hansı ciddi addımların atılması şansları da bir o qədər buxovlanacaq. Hesab edirəm həmsədrlər də gözəl dərk edir ki, münaqişənin yaranmasının, onun bu vəziyyətdə saxlanılmasının səbəbkarı və torpaqlarımızı işğal altında saxlayan da da Ermənistandır. Buna baxmayaraq, Ermənistana münasibətdə hər hansı hüquq çərçivəsində addımlar atılmır. Bu məsələdə bəzən paralellər aparmaq istəyirəm. Hesab edirəm ki, yerlər dəyişsəydi, yəni Azərbaycan Ermənistan torpaqlarının 20 faizini tutsaydı, onda ölkəmizə qarşı çoxsaylı sanksiyalar, beynəlxalq embarqolar tətbiq olunardı. Lakin torpaqlarımızı işğal edən Ermənistana münasibətdə bunun şahidi olmuruq. Torpaqlarımız işğalda olsa da heç bir beynəlxalq birlik bununla bağlı qətiyyətli addım atmır. Zənnimcə, burada böyük dövlətlərin geopolitik maraqları xüsusi rol oynayır. Həmsədrlər indi ən çox atəşkəs rejiminin qorunub saxlanılması ilə maraqlanır. Atəşkəs rejiminin pozulması onların regionla bağlı maraqlarına xidmət etmir. Bu səbəbdən də maksimum çalışırlar ki, atəşkəs rejimini saxlasınlar. Amma atəşkəs Ermənistan tərəfindən pozulanda da onu cəzalandırmaq deyil, sadəcə olaraq, bütün güclərini əvvəlki vəziyyətin bərpa olunmasına yönəldirlər. Bundan uzağa gedəcək addımlar ata bilmir və yaxud atmaq istəmirlər. ATƏT-in Minsk qrupu ancaq onunla öyünür ki, onların müdaxiləsi olmasaydı, atəşkəs rejimi çoxdan aradan qalxmışdı. Müharibənin başlamamasını özlərinin ən böyük nailiyyəti hesab edirlər. Halbuki, əsas nəticədir, torpaqlar işğal altındadır və onun həlli yolları tapılmayıb. Beynəlxalq birliyin məsələyə passiv reaksiyası Rusiyanın istəyinin hər zaman nəzərə alınması ilə bağlıdır. Bir anlıq təsəvvür edək ki, Ermənistan Azərbaycan münaqişəsində Rusiya faktoru yoxdur. Belə olan təqdirdə hesab edirəm ki, beynəlxalq birliyin özünə ehtiyac qalmazdı. Azərbaycan münaqişəni sürətlə həll edərdi. Minsk qrupunun həmsədr ölkələri olan ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinə görə Rusiya ilə münasibətləri korlamaq istəmir. Ona görə də münaqişə ətrafında hazırda belə bir vəziyyət yaranıb. Rusiya özünün MDB məkanında monopolist mövqeyini əlində saxlamaq istəyir. 2012-ci ildə Moskvanın qəbul etdiyi xarici siyasət konsepsiyasında da aydın şəkildə yazılıb ki, MDB məkanı Rusiyanın xarici siyasətində prioritet məkandır. Bu səbəbdən də münaqişənin həllində heç bir real irəliləyişə nail ola bilmirik".

Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev isə sualı diplomatik tərzdə cavablandırdı: "Cəbhədə son günlər atəşkəsin pozulması beynəlxalq diqqətə də səbəb olub. Bu, bir faktdır. Həm birbaşa bu işlə məşğul olan beynəlxalq nümayəndələr, həm bəzi analitik mərkəz təhlilçiləri cürbəcür mülahizələr söyləyir. Amma vəziyyəti düzgün dəyərləndirmək lazımdır.

Azərbaycan əsgəri öz torpağında müqəddəs vəzifəsini yerinə yetirir. Təmas xətti çox həssas sahədir. Bəzi hallarda üzbəüz dayanırlar. Burada istənilən tapşırılan, tapşırılmayan hərəkət mütləq qarşılıqlı olaraq barmaqları tətiyə gətirir. Yəni, mürəkkəb bir şəraitdir. Ermənilər Azərbaycan torpğının bir hissəsini işğal edərək bununla öz varlılıqlarını göstərmək istəyir. Biz isə onlara qandırırıq ki, siz işğalçısınız və buradan bir addım o yana gedə bilməyəcəksiz və onlar işğal etdikləri torpaqdan da təmizlənməlidirlər. Yəni, dövlətin siyasətinə uyğun olaraq iradə nümayiş etdirilir və bu, mütləq lazımdır. Ermənilər bunu bilməlidir. O ki qaldı ATƏT rəsmiləri tərəfindən verilən bəyanatlara, onlar həmişə nəticəni qiymətləndirir. Atəşkəsin pozulma hallarının intensivləşməsilə bağlı bəyanat verirlər. Amma real olaraq vəziyyətin dəyişdirilib hansısa pozitiv məqamları işğalçı tərəfə qəbul etdirməklə dəyişikliyə nail olmaq iradəsini isə hələlik görmürəm. Çoxlarından fərqli olaraq bunu hansısa müharibənin başlanacağı anonsu kimi qiymətləndirmirəm. Sadəcə, Azərbaycan tərəfinin iradəsi vəziyyətə adekvat olaraq nünayiş etdirilir və bu bundan sonra da belə olacaq. Amma vəziyyəti şişirdib hansısa başqa istiqamətlərdən ictimaiyyətə müxtəlif variantlar təqdim etməkdə də hansısa məqsəd güdülə bilər. Hər bir halda Azərbaycan tərəfi bunları təhlil edir, düzgün qiymətləndirir və lazım olan nəticələr çıxarır".

Sizin Reklam Yeriniz