Əlaqə Arxiv
news Image
2014.02.04
19:19
| A A A
“Arizona Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

Amerikada çıxan ispandilli "Eurasıa Hoy" qəzetində "Arizona Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" sərlövhəli məqalə dərc edilib. Movqe.az-ın məlumatına görə, məqalədə söhbət Arizona ştatının Nümayəndələr Palatasının Azərbaycanla münasibətləri haqqında yanvarın 30-da qəbul edilmiş qətnamədən gedir. Qətnamədə göstərilir ki, ABŞ və Arizona ştatı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Beynəlxalq birlik Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır. Müəllif daha sonra yazır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupuna bu problemin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, habelə ATƏT-in qəbul etdiyi qərarlar və sənədlər əsasında həll edilməsi tapşırılmışdır. Vurğulanır ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə bu barədə 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. Müəllif yazır ki, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə, Ermənistan tərəfindən Azərbaycana ərazi iddiaları irəli sürülən vaxt başlanmışdır. Münaqişə başlanandan və 1992-ci ildə geniş yayılandan 1994-cü ildə atəşkəs haqqında saziş imzalana qədər erməni silahlı qüvvələri Dağlıq Qarabağda etnik təmizləmə aparmış, 600 minə qədər azərbaycanlını doğma yurdlarından qovmuşlar. Erməni işğalçı qoşunlarının münaqişə zonasından dərhal çıxarılmasını tələb edən qətnamələrin heç biri bu günə qədər yerinə yetirilmir. Qətnamədə həm də Azərbaycanın və bu regionda ABŞ-ın müttəfiqlərinin inkişafı üçün Azərbaycan tərəfindən həyata keçirilən strateji əhəmiyyətli regionlararası enerji və nəqliyyat layihələrindən, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrindən bəhs edilir. Müəllif vurğulayır ki, bu qətnamə Arizona parlamenti tərəfindən Azərbaycana dair qəbul edilmiş ikinci qətnamədir. 2013-cü ilin may ayında qəbul edilmiş birinci qətnamə Amerika-Azərbaycan strateji tərəfdaşlığına həsr edilib. Məqalənin sonunda qeyd edilir ki, ABŞ hökuməti Azərbaycanla sıx əlaqə saxlayır. Sovet İttifaqı dağılandan dərhal sonra Azərbaycanın müstəqilliyini tanımış ilk ölkələrdən biri ABŞ olmuşdur. Vaşinqton və Bakı energetika və təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirir. Arizona ABŞ-ın Meksika ilə həmsərhəd ştatlarından biridir. Ştatın vətəndaşlarının 30 faizə qədəri ispandillidir.

Sizin Reklam Yeriniz