“Maşa və Ayı. Novruz sərgüzəştləri” Kosa və Keçəl ilə Bakıda
Xəbər verdiyimiz kimi, Bakıda Gürcüstanın "Multi-Pulti dünyası"
teatrının təqdim etdiyi "Maşa və Ayı" tamaşası böyük ajiotajla və
tamaşaçı marağı ilə müşahidə olunmuşdur. Gürcüstanın "Multi-Pulti
dünyası" teatrı Novruz bayramı ərəfəsində də Azərbaycanlı
tamaşaçıları sevindirmək niyyətindədir. Teatr "Maşa və Ayı"
tamaşasının "Maşa və Ayı. Novruz sərgüzəştləri" adlı yeni seriyası
ilə Azərbaycan tamaşaçılarının görüşünə gələcək. Məlumata görə,
balaca tamaşaçılar sevimli personajları Maşa və Ayını, eləcə də
digər sevimli nağıl qəhrəmanlarını martın 18-dən 23-dək Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrında görə biləcəklər. Tamaşa
məxsusi olaraq Azərbaycan tamaşaçıları üçün "Maşa və Ayı" cizgi
filmi və Novruz adət-ənənələri əsasında hazırlanıb. Hadisələr
Novruz bayramı ərəfəsində baş verir. Tamaşada Maşa və Ayı ilə
yanaşı Kosa, Keçəl, Ozan baba, çərşənbələr kimi personajlar da
iştirak edirlər. Tamaşa iki variantda - Azərbaycan və rus
dillərində təqdim olunacaq. Məşhur cizgi filminin motivləri
əsasında, gürcü rejissoru Qoça Kviçianın quruluşunda hazırlanan
tamaşada gürcü və azərbaycanlı aktyorlar çıxış edəcəklər. Balaca
tamaşaçıları cizgi filmlərinin personajları və milli nağıl
qəhrəmanları ilə birgə unudulmaz Novruz şənliyi və çoxlu sürprizlər
gözləyir. Biletləri şəhərin bütün kassalarından əldə etmək
mümkündür.