Əlaqə Arxiv
news Image
2014.02.07
10:13
| A A A
Ermənistan yenə sülh danışıqlarına zərbə vurur
Asim Mollazadə: "Danışıqlarda irəliləyiş olan kimi ermənilər tərəfindən atəşkəsin pozulması hallarının artması onu göstərir ki, Ermənistan əslində, danışıqların imitasiyası ilə məşğuldur" Elman Nəsirli: " Həmsədrlər Ermənistana səfər zamanı bu ölkə rəhbərliyi ilə atəşkəsin qorunub saxlanılması ilə bağlı razılıq əldə edə biliblər "

Bu günlərdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov son zamanlar təmas xəttində atəşkəsin intensiv olaraq pozulmasına münasibət bildirərkən deyib ki, hər dəfə danışıqlarda bir irəliləyiş nəzərə çarpanda cəbhədə atəşkəs ermənilər tərəfindən indiki kimi pozulur. Həqiqətən də əvvəlki illərə nəzər saldıqda görürük ki, danışıqlar prosesində müəyyən dirçəliş templəri üzə çıxan kimi Ermənistan atəşkəsin pozulması hallarına yol verir. Bu hal özünü danışıqların bütün gedişi boyu göstərib. Hətta vaxtilə danışıqlarda müəyyən nailiyyətlərin olması Ermənistanda o zamankı prezident Levon Ter-Petrosyanın istefası, habelə parlamentin gülləbaran edilərək baş nazir və spikerin öldürülməsi ilə sonuclanıb. Uzun müddət idi ki, münaqişənin tənzimlənməsi üzrə prezidentlər səviyyəsində hər hansı bir görüş baş tutmurdu. Lakin keçən ilin sonlarında nəhayət ki, yenidən belə bir görüş alındı. Həmin görüşün ardınca, xarici işlər nazirləri səviyyəsində təmaslarda da intensivləşmə templəri özünü göstərdi. Bu fonda Minsk qrupu həmsədrləri tərəfindən danışıqlarda ümidverici məqamların olduğu barədə fikirlər də səslənməyə başladı. Lakin bu istiqamətdə irəliləyişin nəzərə çarpdığı bir anda cəbhə xəttində atəşkəs daha kəskin şəkildə pozulmağa başladı. Ermənistan tərəfi yanvarın 20-dən başlayaraq bu günə qədər atəşkəsi dayandırmayıb. Hətta elə günlər olub ki, atəşkəs ermənilər tərəfindən gün ərzində 200 dəfədən də çox pozulub. Ermənistan tərəfi eyni zamanda kəşfiyyat xarakterli hücuma keçmək cəhdində də bulunub. Düzdür, işğalçıların bu addımlarının qarşısı Azərbaycan ordusu tərəfindən yerindəcə alınıb. Nəticədə erməni tərəfi xeyli itki də verib. Amma hər halda Azərbaycan xarici işlər nazirinin vurğuladığı kimi danışıqlarda irəliləyiş olan kimi cəbhə xəttində də atəşkəsin pozulması halları intensivləşir. Bu isə münaqişənin tənzimlənməsi yolunda atılan addımların puça çıxmasına gətirib çıxara bilər. Görünür, Ermənistan tərəfi hər dəfə belə hərəkətlərə yol verməklə öz hamilərinin dəstəyilə məhz danışıqlar prosesində pozitiv məqamların olmasının qarşısını almaq məqsədi güdürlər. Görəsən, belə vəziyyət nədən xəbər verir?

Millət vəkili Asim Mollazadənin fikrincə, danışıqların intensiv xarakter aldığı bir ərəfədə cəbhə xəttində atəşkəsin ermənilər tərəfindən kobudcasına pozulması hallarının artması Ermənistanın yalnız imitasiya xatirinə danışıqlar apardığına bir işarədir: "Danışıqlar prosesində bir irəliləyiş olan kimi ermənilər tərəfindən atəşkəsin pozulması hallarının artması onu nümayiş etdirir ki, Ermənistan əslində, danışıqların imitasiyası ilə məşğuldur. Ermənistanın görünür heç bir halda sülhün bərqərar olması istiqamətində addım atmaq planı yoxdur. Beynəlxalq təzyiqlərlə Ermənistan yenidən danışıqlar masası arxasına oturdulmağa vadar edilir, əvəzində İrəvan cəbhə bölgəsində gərginliyi artırır. Bu tip provokasiyalarla danışıqlar prosesini pozmaq istəyir. Bu ona dəlalət edir ki, Ermənistan sülh istəmir, onlar mövcud status-kvonun qorunub saxlanılmasında maraqlıdırlar. Belədə də İrəvan hökuməti beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Vəziyyətin belə hal almasına qarşı mübarizədə Azərbaycan bütün beynəlxalq təşkilatları ayağa qaldırmalıdır. Çalışmalıyıq ki, beynəlxalq ictimaiyyətin təzyiqlərini davam etdirməklə Ermənistanı sülhə məcbur edək".

Politoloq Elman Nəsirli məsələyə cavabı diplomatik tərzdə oldu: "Öncə onu deyim ki, danışıqlar prosesində irəliləyişin nədən ibarət olması məsələsinə Azərbaycan xarici işlər naziri də aydınlıq gətirmədi. Bu da başadüşüləndir. Çünki danışıqlar konfidensial xarakter daşıyır və məxfi şəkildə aparılır. Onun detalları geniş ictimaiyyətə açıqlanmır. Amma görünən odur ki, həmsədrlərin özləri də bir qədər nikbin ruhda davranırdı. Onların isə bu nikbinliyini prinsip etibarilə başa düşmək mümkün idi. Çünki həmsədrlər həmişə öyünüblər ki, onların münaqişə prosesində ən böyük rolu konfliktin müharibəyə çevrilməsinin qarşısını almaqdan ibarət olub. Hərbi əməliyyatlar məhz onların fəaliyyəti sayəsində başlanmayıb. İndiki halda Ermənistan tərəfi gün ərzində 200 dəfədən çox atəşkəs rejimini pozub. Hesab edirəm ki, həmsədrlər Ermənistana səfər zamanı bu ölkə rəhbərliyi ilə atəşkəsin qorunub saxlanılması ilə bağlı razılıq əldə edə biliblər. Bu razılığı Azərbaycan tərəfdən əldə etməyə isə ehtiyac yox idi. Azərbaycan atəşkəs rejimini hər zaman qoruyub saxlamaqda maraqlı olub və biz yalnız müdafiə xarakterli cavab atəşləri açmışıq. Belədə gözəl dərk edirlər ki, atəşkəsi pozan Ermənistandır. İndiki halın ən böyük uğuru o ola bilər ki, atəşkəs rejiminin bu cür intensiv pozulması fonunda prezidentlər səviyyəsində danışıqlar baş tutursa, bunun özü hardasa irəliyə doğru bir addımdır".

Sizin Reklam Yeriniz