Əlaqə Arxiv
news Image
2014.02.07
19:01
| A A A
Əli Həsənov: "ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar heç bir nəticə vermir"

Bu gün baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ölkəmizdə səfərdə olan İspaniya parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Ə.Həsənov Azərbaycan-İspaniya münasibətlərinin inkişafından danışıb, parlamentlərarası əlaqələrin genişləndirilməsini vacib sayıb. Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışan Ə.Həsənov ölkəmizin bütün dövrlərdə dözümlülük, tolerantlıq məkanı olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu gün müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda dostluq və mehribanlıq şəraitində yaşayırlar. Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları haqqında ətraflı məlumat verən Dövlət Komitəsinin sədri deyib ki, son 200 il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.


Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ən başlıca problemi olduğunu deyən Ə.Həsənov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün hərtərəfli hüquqi baza var. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən problemin tezliklə sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin qeyd-şərtsiz və dərhal boşaldılması, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul edilib. Ermənistanın təcavüzkar siyasəti Avropa Şurası, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib. Ancaq ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən heç bir nəticə vermir.


Ə.Həsənov nəzərə çatdırıb ki, Azərbaycan hökuməti əhalinin həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. İndiyədək 180 min qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.


İspaniya parlamenti nümayəndə heyətinin rəhbəri Xose Maria Çikiyo Ermənistanın Azərbaycana qarşı təcavüzü və doğma yurdlarından qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərindən xəbərdar olduqlarını söyləyiblər. O, Ermənistanın BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələri yerinə yetirməməsinin təəssüf doğurduğunu vurğulayıb, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəklərini bildirib.


Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda İspaniya parlamentinin nümayəndə heyətinə "Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı" kitabı, ispan dilində hazırlanmış Ermənistanda azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətini və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrini əks etdirən buklet və disklər təqdim edilib.

Sizin Reklam Yeriniz