Əlaqə Arxiv
news Image
2014.02.11
10:44
| A A A
İrəvan ağasının sözündən çıxır?
Qabil Hüseynli: “Atəşkəs rejiminin pozulmasının günahını təkcə Ermənistanın yox, həm də Rusiyanın ayağına yazmaq lazımdır” Elşən Mustafayev: “Ermənistan artıq Rusiyanın sözün əsl mənasında ayaqlarının altında olan bir dövlətdir”

Tarixən Olimpiya oyunlarında "Olimpiya sülhü"nün elan edilməsi istənilən müharibə və münaqişələrə son qoyurdusa, bu dəfə Rusiyanın çağırışına məhəl qoyan olmadı. Suriyadakı vətəndaş müharibəsi bir yana, burada xüsusi maraq kəsb edən amil o oldu ki, Rusiyanın vassalı olan Ermənistan belə ağasının çağırışnı heçə aldı. Ermənilər məhz Soçi Olimpiyadasının açılış günü cəbhə xəttində atəşəkəsi intensiv şəkildə pozdu. Məsələyə münasibət bildirən ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik də Ermənistan tərəfini ittiham edərək, İrəvanın "Olimpiya sülhü" razılaşmasını pozduğunu qeyd edib. Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da Ermənistanın Rusiyanın atəşkəs təklifinə əməl etməməsinə münasibət bildirib: "Olimpiya oyunları insanlardakı saflıq və alicənablığı üzə çıxarır. Olimpiada ilə bağlı hətta Suriyada da atəşkəs elan olunduğu halda, erməni snayperi azərbaycanlı əsgəri öldürdü. Görünür, hamı bu Olimpiadanın prinsiplərinə əməl etsə də, Ermənistan bunu qəbul etmir". Siyasi şərhçilər isə Ermənistanın Rusiyanın çağırışlarına məhəl qoymamasına fərqli mövqedən yanaşırlar.

"Ermənistan kimdir ki, Rusiyanın çağırışını poza?!"Bu sözləri "Mövqe"yə açıqlamasında politoloq Qabil Hüseynli bildirdi: "Ermənistan Rusiyanın quberniyasıdır. Prezidentlərin və xarici işlər nazirlərinin görüşündən sonra gördülər ki, danışıqlar prosesi yerindən tərpəndi. Elə atəşkəsin pozulmasının ən gərgin vaxtları da xarici işlər nazirlərinin Paris görüşünə təsadüf etdi. Xarici işlər nazirlərindən sonra prezidentlərin yeni görüşü hazırlanırdı. Mətbuata belə bir məlumat sızmışdı ki, guya danışıqlar prosesində irəliləyişlər var. Ancaq Rusiyada müəyyən qüvvələr problemin həllini istəmir. Bu səbəbdən də atəşkəs rejiminin pozulmasına bu və ya digər formada rəvac verirlər. Rusiya sülhdən də danışa, olimpiya andından da söz aça bilər. Amma sonda başqa cür hərəkətlər də edə bilər. Ona görə atəşkəs rejiminin pozulmasının günahını təkcə Ermənistanın yox, həm də Rusiyanın ayağına yazmaq lazımdır".

Digər politoloq Elşən Mustafayevin fikrincə də, Ermənistanın bu addımını məhz Rusiyanın çağırışına saymamazlıq kimi saymaq düzgün olmazdı: "Çünki, Ermənistan artıq Rusiyanın sözün əsl mənasında ayaqlarının altında olan bir dövlətdir. Ermənistan hakimiyyəti elə bir cəsarətə sahib ola bilməz ki, çağırışdan sonra bilə-bilə atəşkəs rejimini pozsun. Məsələyə başqa aspektdən yanaşmaq lazımdır. Rusiyanın bu çağırışı konkret olaraq başqa istiqamətlərə hədəflənmişdi. Sırf Qarabağa ərazilərində mövqe atışmalarının olması Soçi Olimpiyadasına məntiqlə heç bir təhlükə yarada bilməz. Rusiya bu çağırışı etməklə sülhsevər, olimpiyadanın özünün sülhü dəstəkləyən oyunlar olduğunu göstərmək istəyir. Ancaq onu da nəzərə almaq lazımdır ki, olimpiyadadan bir müddət əvvəl müxtəlif terror qruplaşmalarının Soçidə terror hadisələri törətməklə bağlı təhdidləri var idi. Çağırış eyni zamanda həm də ona hesablanmışdı. Yəni, Rusiya hakimiyyətinin bu açıqlamanı verməsi sırf Ermənistan-Azərbaycan sərhədlərində sakitçiliyin olmasına fokuslanmayıb. Digər tərəfdən də Azərbaycan-Ermənistan təmas xəttində hadisələr adətən iki halda pozulur. Onlardan birincisi məhz mərkəzdən - İrəvandan olan tapşırıq nəticəsində baş verir. Digəri isə mövqelərdə erməni komandirlərinin təşəbbüsü vasitəsi ilə olur. Amma atəşkəsin qısa müddətli pozulması adətən ikinci halda olur. Atəşkəsin belə uzun müddət pozulması isə onun məhz Ermənistan hakimiyyəti tərəfindən və bir mərkəzdən qaynaqlandığını göstərir. Amma bununla Ermənistan hakimyyətinin Rusiyanın çağırışına saymamazlıq etdiyini düşünmək sadəövlük olardı. Yəni, Serj Sarkisyan o qədər cəsarət sahibi oldu ki, Putinin tapşırıqlarına məhəl qoymadı? Burada başqa məqsədlər var. Ona görə də "Olimpiya sülhü"nü pozduğuna görə Sarkisyanın qulağını heç kəs burmayacaq".

Sizin Reklam Yeriniz