Əlaqə Arxiv
news Image
2012.06.08
09:00
| A A A
Klinton Azərbaycan müxalifətinə sarsıdıcı zərbə vurub
Zahid Oruc: “Ağ Ev çox yaxşı bilir ki, Azərbaycanda birlik, təhlükəsizlik məhz ölkə prezidenti İlham Əliyevin siyasəti ilə təmin olunur” Sabir Rüstəmxanlı: ”Onları bölgədəki demokratik proseslərdən daha çox, müharibə ocaqlarının söndürülməsi düşündürür”

Aydın Mirzəzadə: "Klintonun səfəri Azərbaycanın simasında ABŞ-ın çox ciddi bir tərəfdaş gördüyünü ortaya qoydu"

Amerika Birləş -miş Ştatlarının dövlət katibi Hillari Klintonun Cənubi Qafqaz səfəri 6 iyun tarixində Azərbaycanda bitdi. Onun səfəri zamanı ölkə başçısı və dövlət rəsmiləri ilə regiondakı vəziyyət, strateji tərəfdaşlıq və Dağlıq Qarabağ münaqişəsi, habelə enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi. Həmçinin dövlət katibi Bakıda keçirilən XIX Beynəlxalq Xəzər Neft, Qaz, Neftayırma və Neft kimyası Sərgi - Konfransı ilə tanış oldu. Maraqlı məqam isə ondan ibarət oldu ki, Gürcüstandan fərli olaraq xanım Klinton Azərbaycan müxalifətindən kimləsə görüşməyə lüzum görmədi.

Halbuki müxalif media orqanları Klintonun səfərindən öncə bu istiqamətdə təbliğat kampanyasına start vermişdi. Lakin Klinton müxaliflərlə görüşmədi.

Milli Məclisin deputatı Zahid Oruc bunu, ilk növbədə, Amerika Birləşmiş Ştatlarının Azərbaycan hakimiyyətilə sıx təması və bu prosesi davam etdirmək istəyi ilə bağlayır: "Müxtəlif fikirli qüvvələrin necə olmasından asılı olmayaraq Ağ Ev çox yaxşı bilir ki, Azərbaycanda birlik, təhlükəsizlik məhz ölkə prezidenti İlham Əliyevin siyasəti ilə təmin olunur".

Deputat bu gün müxalifətin hakimiyyətə gəlmək və onu idarə etmək üçün potensialının olmadığını bildirdi: "Üstəlik də son dövrlər xüsusi ilə də ayrı-ayrı Avropa dairələrindən Azərbaycan üzərinə müxtəlif siyasi - informativ basqı fonunda ölkə içərisində də müxtəlif qüvvələr fəallaşıb. Bu guya onların iqtidara gəlməsi üçün edilən bir ssenari idi. Müxalifətin isə özünü bu cür təqdim edərək Qərbin əsas müttəfiqi kimi göstərmək təbliğatı xanım Klintonun bu səfəri və onlarla görürüşməməsi kontekstində bir daha iflasa uğramış oldu".

Millət vəkili qeyd edir ki, Klintonun müxaliflərlə görüşü baş tutsaydı belə sırf formal protokol tələbindən irəli gələn məsələ olacaqdı: "Çünki bu görüşlər zamanı sadəcə, hakimiyyət əleyhinə hər hansı bir demarşlar etmək, hansısa insan hüququnun tapdalanması faktını ortaya qoymaq hələ ölkənin xarici və daxili siyasətini ən yüksək düzəydə davam etdirmək imkanına malik olmaq demək deyil. Ağ Evin buradakı təmsilçilərinə, onun kəşfiyyat dairələrinə, iqtisadi proseslərə baxan ekspertlərinə, beyin mərkəzlərinə bu faktlar çox yaxşı bəllidir. Ona görə də xanım Klinton Gürcüstandan fərqli olaraq Azərbaycanda fərqli bir protokol seçdi. Zənn edirəm ki, bu Azərbaycan müxalifətinə xeyli dərəcədə bədbinlik və pessimizm üçün əsas olmalıdır".

Millət vəkili Sabir Rüstəmxanlı isə Klintonun bu səfərini daha çox bölgədəki proseslərlə bağlayır: "Səfər zamanı əsas məqsəd dövlət rəsmilərinin münasibətlərinin, əsasən də İran və Suriya məsələsi ilə bağlı dövlətlərin fikirlərini müəyyənləşdirmək idi. Həmçinin Rusiyanın Suriyaya qarşı mövqeyini dəqiqləşdirmək, Türkiyənin və Amerikanın mövqeyinə yaxınlaşdırmaq müzakirə mövzuları əsas ola bilərdi. Qısası bölgədə hakimiyyətlərin dialoqunu qurmaq. Bəlkə də xanım Klinton belə konkret niyyətlə gəlmişdi. Yəni onları bölgədəki demokratik proseslərdən daha çox bu müharibə ocaqlarının söndürülməsi düşündürür".

Millət vəkili Aydın Mirzəzadə bildirdi ki, Azərbaycanın müxalif dairələri H. Klintonun səfərindən, ilk növbədə, öz siyasi hüdudlarını artırmaq üçün istifadə edirdilər: "Gurultulu bəyanatlarla Klintonun Azərbaycana demokratiya dərsi keçəcəyi, onları dəstəkləyəcəyi barəsində fikirlər bildirirdilər. Bugünkü (dünənki - red.) müxalif qəzetlərində müxalifət liderlərinin çox pərt olduğu, bəzilərinin isə ümumiyyətlə, bu mövzu barəsində danışmaq istəmədiyi hiss olunur. Digər tərəfdən xanım Klinton Azərbaycana hər hansı bir siyasi qüvvəni dəstəkləməyə və yaxud da Azərbaycanın daxili siyasi həyatına müdaxil etmək fikri ilə gəlməmişdi.

Məlumdur ki, vətəndaş cəmiyyəti demokratiyanın baza prinsipidir. Amerika katibi birmənalı şəkildə Azərbaycanda vətəndaş cəmiyyətinin qurulduğunu elan etdi. Bu, çox ciddi mesajdır. H. Klinton Azərbaycanda vətəndaş cəmiyyətinin hökumətin qərarlarına təsir etmək iqtidarında olduğunu gördü. Ümumilikdə götürdükdə onun səfəri Azərbaycanın simasında ABŞ-ın çox ciddi bir tərəfdaş gördüyünü ortaya qoydu".

Sizin Reklam Yeriniz