Əlaqə Arxiv
news Image
2014.02.25
09:57
| A A A
Ukraynadakı azərbaycanlılar üçün təhlükə
Hatəm Cabbarlı: “Ukrayna vətəndaşları və orada yaşayan miqrantlar hansı problemlərlə qarşılaşacaqlarsa, həmyerlilərimiz də eyni problemi yaşayacaq” Natiq Miri: “Hər bir halda Ukraynada parçalanma olarsa, bu, bizim oradakı həmyerlilərimizn maraqlarına uyğun olmayacaq”

İnqilab nəticəsində növbəti dəfə hakimiyyət dəyişikliyi yaşanan Ukraynada bundan sonra hadisələrin necə davam edəcəyi digər ölkələrin də xüsusi maraq dairəsindədir. Çünki məlumatlar var ki, Ukrayna 2-3 yerə parçalanma təhlükə ilə üz-üzə qalıb. Geosiyasi maraqlarda hələlik Qərbin Rusiya üzərində qələbəsi və Ukraynanın bölünmə təhlükəsi fonunda orada yaşayan miqrantların taleyi maraq doğurur. Necə ki, Kiyevdəki xalq hərəkatı da miqrantlar üçün təsirsiz ötüşmədi. Bir neçə əcnəbinin ölməsi və yaranlanması ilə nəticələndi. Xartırladaq ki, onların arasında azərbaycanlılar da oldu. Siyasilərin qənaətinə görə, orada yaşayan həmyerlilərimizin vəziyyəti hadisələrin inkişaf dinamikasından asılıdır.

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı bildirir ki, Ukraynada son zamanlar yaşanan siyasi böhranın nəticəsi bundan sonra daha çox hiss olunacaq: "Çünki, hadisələr davam edir. Viktor Yanukoviçin hakimiyyətdən getməsindən sonrakı dövrdə vəziyyətin necə olacağı mübahisəlidir. Burada həm Rusiyanın, həm də başda ABŞ olmaqla Avropanın siyasi və geostrateji maraqları var. Siyasi böhranın bundan sonra necə davam edəcəyi prezident səlahiyyətlərini icra edən şəxsdən çox asılıdır. Yanukoviçin getməsindən sonra böyük bir ehtimalla Ukraynanın Avropa ilə münasibətlərində yeni bir mərhələ başlayır. Eyni zamanda Rusiya ilə də yeni bir dövr başalayacaq. Bu gündən sonra Ukraynanın Rusiya ilə münasibətlərinə müəyyən dəyişikliklər edəcəyi istisna edilmir. Vəziyyətin Ukraynada yaşayan həmyerlilərimiz üçün xüsusi bir problemi yoxdur. Ukrayna vətəndaşları və orada yaşayan miqrantlar hansı problemlərlə qarşılaşacaqlarsa, həmyerlilərimiz də eyni problemi yaşayacaq. Amma burada həmyerlilərimizin Ukraynadan deportasiya edilməsi kimi fikir söyləmək yalnış olardı. Çünki, orada yaşayan vətəndaşlığı olan və ya olmayan azərbaycanlıların meydan hərəkatında müəyyən qədər iştirak etdiyini görürük. Bu baxımdan orada yaşayan həmyerlilərimizə təzyiqin olma ehtimalı azdır. Orada yaşayan həmyerlilərimiz bu günə qədər olduğu kimi Ukrayna qanunlarına tabe olacaqlar. Ukraynanın sosial-iqtisadi həyatında bu günə qədər iştirak etdiyi şəkildə iştiraklarına davam edəcəklər. Dövlət olaraq isə Azərbaycan bundan sonra da Ukrayna ilə münasibətinin yüksək səviyyədə qurulmasına cəhd edəcək. Bu günə qədər Azərbaycan ilə Ukraynanın arasında siyasi-iqtisadi problemlər yaşanmayıb. Ümid edirəm ki, Ukraynanın yeni hökuməti də münasibətləri normal qaydada davam etdirəcək. Ona görə də iki ölkə arasında qırılmanın olacağını zənn etmirəm. Hər iki ölkənin əməkdaşlıq potensialı tükənməyib. Önümüzdəki günlərdə müxtəlif vəsilələrlə bu əməkdaşlığın inkişaf etdirilməsi mümkün ola bilər".

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri hesab edir ki, Ukraynada xalq qələbə çalsa da, proseslərin bitməsini birmənalı demək olmaz: "Çünki, Ukraynanın şərq hissəsi əsasən rusdilli əhalidən ibarətdir. Bu zonada Rusiyanın təsir imkanları daha böyükdür. Ona görə də prosesdə Rusiyanın maraqları təmin olunmasa, Ukrayna bölünmə təhlükəsi ilə üz-üzə qala bilər. Ancaq nəzərə almaq lazımdır ki, bu gün Ukranın bölünməsi nə ABŞ-ın, nə Avropa Birliyinin, nə də Rusiyanın marağında deyil. Ukrayanın şərqində əsasən istehsal sahələri yerləşib ki, bu da Sovet dövründən qalıb. Belə bir ərazini, əhalini indiki şəraitdə Rusiya öz çiynində daşımağa hazır deyil. Ancaq hər bir halda Rusiya yeni hökumətlə də bundan sonra əlaqələrin olmasında daha çox maraqlı olmağa çalışacaq. Bundan başqa, ABŞ və AB də Ukraynanın bütövlüyü və suveren qalmasını istəyirlər. İndiki şəraitdə Ukraynanı bölmək Rusiya üçün o qədər də asan başa gəlməyəcək. Çünki, böyük Ukraynada elə bir təhlükəli vəziyyət yarana bilər ki, bu təhlükə indiki şəraitdə məhz Rusiyanı vura bilər. Bu da öz növbəsində Rusiyada elə "alov" törədə bilər ki, Putin hakimiyyəti onun öhdəsindən gəlməkdə çətinlik çəkər. Hazırda belə təhlükə Rusiya ərazisinsdə real görünür. Bunu Putin hakimiyyəti bilməmiş deyil. Ona görə də Ukraynanın parçalanması Rusiyanın maraqları dairəsində deyil. Əksinə, Rusiya yeni hökumətlə müəyyən münasibətlərin yaranmasına çalışacaq. Həm də müəyyən mənada Ukrayna enerji daşıyıcılarında Rusiyadan asılıdır. Ancaq hər bir halda parçalanma olarsa, bizim həmyerlilərimizn maraqlarına uyğun olmayacaq".

Sizin Reklam Yeriniz