Bu günlərdə Prezident Administrasiyası İctimai-siyasi şöbənin
müdiri Əli Həsənov mətbuata açıqlamasında bildirib ki, bir-iki
müxalifət partiyası və "liderlər"i xaric maliyyələşdirir: "Xaricdən
maliyyələşən bir-iki mətbu orqan var ki, dünyada Azərbaycanla bağlı
nə pis şey varsa, onu çəkib ölkəyə gətirir.
Bu insanlar Azərbaycan dövlətinin uğurlarından əriyir. Millətə pis
olanda onlara yaxşıdır. Müxalifət xarici qüvvələrə deyir ki, bizi
hakimiyyətə gətirin Dağlıq Qarabağ problemini istədiyiniz şəkildə
həll edək". Söz yox ki, bu ampulada olanlar əsas etibarilə radikal
müxalifət təmsilçiləridir. Onlar daim ölkəmizin əldə etdiyi
uğurlara xor gözlə baxmışlar. Çünki Azərbaycan uğur əldə etdikcə,
belə qüvvələrin cəmiyyətdə olan-qalan nüfuzu da yox olub gedir.
Belə vəziyyət isə sözsüz ki, onları qane etmir. Həmin qüvvələr
hakimiyyətə gəlmək üçün millətə xəyanət yolu tutmaq, Azərbaycanın
milli maraqlarını satmaqdan belə çəkinmirlər. Maraqlıdır, cəmiyyət
bu kimi qüvvələrə nə cür reaksiya verir və verəcək?
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirdi ki, onsuz da son
proseslər göstərir ki, cəmiyyət şəxsi maraqları milli maraqlardan
üstün tutanları qəbul etmir: "Cəmiyyətin müxalifətin radikal
kəsiminə reaksiyasını son illər ərzində praktik olaraq həmin siyasi
qüvvələrin tamamilə iflasa uğramasından aydın görmək olar. Bu gün
radikal siyasi xətti kiçik bir qrup istisna olmaqla heç kim müdafiə
etmir. Prezident Administrasiyası şöbə müdirinin bu istiqamətdə
verdiyi açıqlamaları da təbii ki, konkret faktlara və yaxın
tariximizdə hər kəsin gözü qarşısında baş verən hadisələrə
söykənir. Bu hadisələrin motivində hansı məqam və maraqların
dayandığını siyasi prosesləri diqqətlə izləyən insanlar yaxşı
bilir. Ortalıqda olan qənaət tamamilə gerçəkliyi əks etdirir.
Hazırkı zamana qədər bir qrup şəxsin müxalifət adına iddia edərək
Azərbaycanın maraqlarına qarşı hər zaman kəskin mövqedən çıxış
etməsi, bir çox hallarda xarici dövlətlərin vəkili olmaları kimsəyə
sirr deyil. Son hadisələrə diqqət yetirsək, həmin qrupa daxil olan
və onların nəzarətində olan mətbuat orqanlarının Azərbaycanın tale
yüklü məsələlərilə bağlı hansı mövqedə dayandığını görərik.
Azərbaycan "Eurovision" müsabiqəsində qalib gəldikdən və Bakının
gələn il baş tutacaq növbəti müsabiqəyə ev sahibliyinə
yiyələnməsindən sonra həmin qüvvələrin reaksiyalarına yəqin ki, hər
kəs diqqət yetirib. Bu reaksiyanın əsasında ölkəmizin bu uğurunun
gözdən salınması dayanırdı ki, bunu da yalnız düşmən mövqedə
dayanan qüvvələr arzu edə bilər. Söhbət burada konkret hakimiyyətə
qarşı müxalifətçilikdən getmir. Radikal qrup təəssüflər olsun ki,
Azərbaycan dövlətinə qarşı müxalifətçilik edir. Onların siyasi
rəqabət anlayışları sivil, konstitusion siyasi münasibətlərlə
qətiyyən üst-üstə düşmür. Azərbaycan BMT Təhlükəsizlik Şurasına
qeyri-daimi üzv seçiləndə bizə dost ölkələr belə buna sevindi. Bu
məqamda həmin radikal qüvvələr isə tamamilə əks-mövqedən çıxış
edərək ölkəmiz barədə məqsədyönlü şəkildə xarici mətbuatda
yazılanları şişirtməyə çalışdılar. Belədə Azərbaycanın uğuru
üzərinə kölgə salmağa cəhd etdilər. Bu kimi faktlar istənilən
qədərdir. Həmin insanların fəaliyyətində dövlət və milli maraqlar
prinsipial əhəmiyyət kəsb etmir. Özlərinin və himayələrinə
sığındığı xarici qüvvələrin siyasi maraqları əhəmiyyət kəsb edir.
Bunun da cavabı Azərbaycan vətəndaşları tərəfindən hər zaman
birmənalı şəkildə verilib və veriləcək".
Həsən İSLAMOV