Əlaqə Arxiv
news Image
2014.03.28
10:03
| A A A
Yeni Qarabağ ssenarisi işə salınır
Hatəm Cabbarlı: “Rusiya Dnestryanı məsələsi ilə paralel Gürcüstanda yaşayan erməniləri ayağa qaldıra bilər” Rufiz Qonaqov: “Gürcüstanda olan ermənilərə rus pasportlarının paylanması gürcülərə bir xəbərdarlıqdır”

Rusiyanın Qafqazda təzyiqinin növbəti hədəfinin Gürcüstan olduğu getdikcə daha açıq görünür. Belə ki, Cavaxetiyada etnik ermənilərə Rusiya Federasiyasının pasportları paylanılır. Hətta artıq Gürcüstanda yaşayan etnik erməni əhalisinin əksəriyyətinin Rusiya pasportlarını aldığı söylənilir. Rusiyanın bu addımında yenidən Gürcüstana təzyiq planını görməmək mümkün deyil. Çünki, oxşar hərəkəti rəsmi Kreml 2008-ci il Cənubi Osetiya və Abxaziyaya hərbi müdaxilədən öncə də etmişdi. Həmin vaxt sözügedən bölgənin əhalisinin 80 faizinə rus pasportu verilmişdi.

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı bildirdi ki, Rusiya tək Krımın ilhaqı ilə kifayətlənməyəcək: "Eyni zamanda Moldova-Rusiya arasında yaşanan Dnestryanı problemi də var. Böyük ehtimalla önümüzdəki aylarda bu istiqamətdə ciddi hadisələr yaşana bilər. Bundan başqa Rusiya Gürcüstana yönəlik də hadisələr törətməkdə maraqlı olacaq. Rusiyanın Gürcüstana təzyiq edə biləcəyi ən güclü vasitəsi Cavaxetiya bölgəsində yaşayan etnik ermənilərdir. Rusiya son 20 ildə bu faktordan istifadə edərək Gürcüstan hökumətinə təzyiq göstərib. Xüsusi ilə 2000-ci illərin sonlarına qədər 60-cı hərbi bazasının orda olduğu müddətdə Rusiya Cavaxetiya ermənilərindən Gürcüstana qarşı daha ciddi təzyiq vasitəsi kimi istifadə edirdi. Yenə də oxşar addımların ilk işartıları görünür. Pasprotların paylanması olduqca təhlükəli tendensiyadır. Çünki, Rusiyanın bölgəyə yönəlik siyasətinə nəzər saldıqda, oxşar hadisələrin yaşandığı və Rusiyanın müəyyən nəticələr əldə etdiyi məlum olur. Belə ki, Abxaziya və Cənubi Osetiya problemi önə çıxmadan əvvəl də Rusiya həmin regionların vətəndaşlarına rus pasportu paylayırdı. Bu dəfə rusların Gürcüstanda yaşayan ermənilərə qarşı analoji siyasəti həyata keçirməsi ciddi narahtçılığa səbəb olacaq amillərdən biridir. Amma Rusiya 2014-cü ildə Gürcüstanda yaşayan ermənilərə Gürcüstana qarşı üsyan etmələri, müstəqillik tələbləri olacağını zənn etmirəm. Çünki, Rusiya Krımı işğal etsə də, hələlik beynəlxalq aləmdə mövqelərini istədiyi şəkildə gücləndirməyib. Digər tərəfdən, Rusiyanın Krımdan sonra ilk hədəfi Dnestryanı görünür. Cari ildə Dnestryanıda siyasi təlatümlərin yaşanması ola bilər. Rusiya Dnestryanı məsələsini həll etdikdən sonra Gürcüstanı düşünə bilər. Amma bir məsələni də unutmaq olmaz: Rusiya Dnesteryanı məsələsi ilə paralel Gürcüstanda yaşayan erməniləri ayağa qaldıra bilər. Yəni, Qərbi iki məsələ ilə üz-üzə qoyacaq ki, bu da Qərbin Rusiya ilə bazarlıq etməsini məhdudlaşacaq. Bu baxımdan Rusiya hər iki problemi eyni anda gündəmə gətirməyə çalışa bilər. Əgər Krım problemi Rusiyanın istədiyi şəkildə həll olunsa və sanksiyalara qarşı dura, mövqelərini gücləndirə bilsə, Dnestryanı və Gürcüstandakı etnik erməni problemini eyni zamanda gündəmə gətirə bilər. Burada Ermənistan da geosiyasi fürsətdən istifadə edəcək. 1990-ci ildən günümüzə qədər Cavaxetiyada yaşayan ermənilərin muxtariyyat tələbləri Ermənistan hökuməti tərəfindən rəsmən dəstəklənməsə də, qeyri-rəsmi Cavaxetiyada fəaliyyət göstərən "Zəng", "Ana Vətən" təşkilatları hər zaman Ermənistan hökuməti tərəfindən dəstəklənib. Bu gün Cavaxetiya ermənilərinin siyasi mexanizmi tamamilə Ermənistanın əlindədir. Burada Rusiya müəyyən rol oynayır. "Böyük Ermənistan" laiyəhsi çərçivəsində qurulacaq Ermənistanın bir hissəsi də məhz Gürcüstanı əhatə edir. Odur ki, ermənilər bu fürsətdən maksimum faydalanmağa çalışacaqlar".

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqovun fikrincə, hazırda Gürcüstanda olan ermənilərə rus pasportlarının paylanması heç də təəccüblü hal deyil: "Belə hallar vaxtaşırı olub. Çünki, Ermənistan özünü müstəqil dövlət elan etsə də, əslində, Rusiyanın əyaləti kimi mövcuddur. Onun vətəndaşları da Rusiyanın vətəndaşları sayıla bilər. Rusiyanın bu hərəkəti bir təzyiq vasitəsidir. Gürcüstanda olan ermənilərə rus pasportlarının paylanması gürcülərə bir xəbərdarlıqdır. Amma hazırda açıq şəkildə Rusiyanın Gürcüstana müdaxilə etməsi məsələsi gündəmdə deyil. Heç belə gözlənti də yoxdur. Çünki, Rusiyanın Gürcüstan ilə münasibətində gərginlik çoxdan mövcuddur. Hazırki hakimyyətlə Rusiyanın hakim dairələri arasında normal münasibətlər var. Digər tərəfdən gürcülər də bu işə biganə yanaşmamalıdırlar. Onların ölkəsində yaşayan ermənilər bu cür separatçı hərəkətlər edirlərsə, yaşadıqları torpağın vətəndaşı ola-ola oranı bəyənməyib, Rusiya vətəndaşlığını qəbul edirsə, Gürcüstan ermənilərlə bağlı tədbir görməlidir".

Sizin Reklam Yeriniz