Əlaqə Arxiv
news Image
2012.06.20
15:50
| A A A
İran Xəzərdəki Azərbaycan yataqlarına yiyələnməyə çalışır
Azərbaycanla İran arasında ciddi mübahisə yaranacağına dair yeni fikirlər səslənməyə başladı

Son dövrlərdə cənub qonşumuzdan gələn mühüm xəbərlərdən biri də İranın Xəzər dənizində yeni neft və qaz yataqları kəşf etməsi ilə bağlıdır. Məsələn, ötən ay belə məlumat yayılmışdı ki, İran Xəzərdə iri neft yatağı kəşf edib. Bildirilir ki, yeni yataq 8-10 milyard barelə qədər neft ehtiyatlarına malikdir.

Təxminən altı ay öncə isə İran Xəzərdə 50 trilyon kubfuta yaxın ehtiyatlara malik qaz yatağı aşkar etdiyini bildirmişdi. Onu da xatırladaq ki, İran Xəzər dənizində ilk qazma platforması "Əmir Kəbir"i 2009-cu ildə işə salıb. Platforma "Sedra" şirkəti tərəfindən tikilib və iranlı mühəndislər tərəfindən hazırlanıb.

Lakin indi İranın kəşf etdiyi yataqların əslində, Azərbaycana məxsus olmasına dair məlumatlar üzə çıxmaqdadır. Bununla bağlı Astanada keçirilən "Xəzər şelfinin inkişafı -2012" neft-qaz konfransında "Menas Associates UK"in analitiki Aleks Cekson maraqlı fikirlər səsləndirib. O bildirib ki, Xəzərin mübahisəli ərazisindəki neft-qaz yatağının kəşfi təsdiqlənsə, İranla Azərbaycan arasında münaqişə istisna edilmir: "İranın bəyanatı (neft-qaz yatağının kəşfi il bağlı) təsdiqlənsə, Bakı ilə Tehran arasında böhran mümkündür, elə indinin özündə ikitərəfli münasibətlər gərgindir. İndi konkret rəqəmlər yoxdur. İranın rəyinə inansaq, 50 trilyon kubfut qaz və 10 milyard barel neft var. Bu, çox ciddi rəqəmdir". O xatırladıb ki, İran rəsmiləri hələ yatağın dəqiq yerini demir: "Məlumat var ki, o, Neka limanından 250 km şimal-qərbdədir. Demək, Xəzər orta xətlə bölünsə, bu, Azərbaycan ərazisidir. Bu, çox ciddi məsələdir. Ehtiyatlar təsdiqlənsə, Azərbaycanla İran arasında ciddi mübahisə yaranacaq". Analitik məsələni "qapamağın" yollarından birini Rusiyanın müdaxiləsində görür: "Bu (iki ölkə arasında potensial münaqişə), Rusiyanı təhrik edə bilər ki, qalan Xəzəryanı ölkələrin tərəfində durub İranı akvatoriyanın 20 yox, 14%-i ilə kifayətlənməyə məcbur etsin".

Onun fikrincə, İran əvəzində mübahisəli yataqda "operatorluq payı" ala bilər. Britaniyalı ekspert qeyd edib ki, söhbət münaqişənin yaranması və həlli yolları ilə bağlı istisnasız olaraq ehtimallardan gedir:

"Bir çoxları İranın bəyanatına (yatağın ehtiyatı barədə) şübhə ilə yanaşır. Geoloji struktur, prinsipcə, hələ heç nə demək deyil. İndi İran neft şirkətlərinin təmsilçilərindən daha çox, dövlət təmsilçiləri bu bəyanata əlavə vaciblik vermək istəyirlər ki, sanksiyalar tətbiq ediləndən sonra Fars körfəzində problemlərlə üzləşən İran bütün dünya üçün dünya çaplı hasilat ölkəsi olsun".

Qeyd olunduğu kimi İran tərəfi nəinki yeni açılan yatağın coğrafi koordinatlarını, heç adicə oriyentir üçün yeri belə dilə gətirmirlər. Yeganə dedikləri şey, yatağın Xəzərin 700 metr dərinlikdə və "İrana aid sularında yerləşməsi" olmuşdu. Elə sonuncu fraza məsələni daha da qəlizləşdirir. Axı 12 ildən çoxdur ki, İran Xəzərin bölgüsündə özünəməxsus təkliflə çıxış edir - dənizin dibi sahilyanı dövlətlər arasında bərabər, yəni hərəyə 20% olmaqla bölünsün. Tehranın mövqeyini o biri Xəzəryanı dövlət qəbul etmədi və bu günə kimi Azərbaycan, Rusiya və Qazaxıstan "orta xətt" prinsipi ilə bölgü ilə razılaşıb və müqavilə imzalayıblar.

İran isə bu mövqeyindən nəinki əl çəkməyib, hətta onu elə səviyyəyə çatdırıb ki, 2001-ci ilin 23 iyulunda Xəzərin dərin hissəsində yerləşən "Araz-Alov-Şərq" strukturlarında BP şirkəti geofiziki kəşfiyyat işlərini dayandırmağa məcbur oldu. Düzdür, o zaman Azərbaycan tərəfi məsələni daha da mürəkkəbləşdirməmək üçün həmin strukturlarda işləri bu günədək bərpa etməyib və məsələni Xəzərin hüquqi statusu həllini tapanacan təxirə salıb.

Ancaq İranın arzusu tam başqa olub. Belə ki, o, Xəzərin dərin sularında qazma aparmaq istəyirdi. Bunun üçün onun qazma avadanlığı yox idi. Belə bir qurğular Xəzərdə yalnız Azərbaycanda var idi. Öz arzusunu gerçəkləşdirmək üçün İran, nəhayət, 2007-ci ildə Mazandaran vilayətinin tərsanələrinin birində Xəzər sahilində İsveçin GVA şirkəti ilə Müştərək müəssisə quraraq "İran-Alburz" adlı üzən qazma qurğusunun tikintisinə start verdi. 2009-cu ilin fevralında platformanın tikintisi başa çatdı. Aprel ayında platforma qazma nöqtəsinə yola salınarkən onun adı dəyişdirilərək "Əmir Kəbir" adlandırılmış və bir ay sonra İranın "Neft Xəzər" şirkəti qazma işlərinə başlamışdı. İndi isə məlum olur ki, Tehran "Araz-Alov-Şərq" strukturlarında Azərbaycanda apardığı işlərə maneə yaratmaqla kifayətlənməyərək yenidən dənizdə Azərbaycana məxsus yataqları istismar etmək istəyir.

Sizin Reklam Yeriniz