Əlaqə Arxiv
news Image
2014.04.10
09:37
| A A A
Müxalifətdə istefa problemi
Aydın Mirzəzadə: " Azərbaycanda müxalifət partiyalarının əksəriyyətində nəinki lider, hətta ümumən siyasi rəhbərlik yerini gənclərə, yeni simalara vermək istəmir " Məmməd Əlizadə: " Sədrlik kreslosundan bərk yapışıblar ki, ən azından bu adla olsa da cəmiyyətə çıxa bilsinlər "

Əksər əcnəbi ölkələrdə müxalifət partiya rəhbərləri adətən seçkiləri uduzduqdan sonra sədrlikdən getməyə üstünlük verirlər. Belə tendensiya Qərb ölkələrində geniş yayılıb. Azərbaycana gəldikdə, radikal müxalif düşərgədə yer alan partiyaların rəhbərləri hələ də kreslolarından əl çəkmək istəmirlər. Lakin müəyyən nailiyyət əldə edən, bununal belə tutduuğ postu tərk etmək niyyətini meydaan qoyan müxalif partiya rəhbərlərinə də rast gəlmək olur. Elə bu günlərdə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı növbəti qurultayda partiya sədrliyindən getmək niyyətində olduğunu açıqlayıb. Bununla o müxalifətdə olan digər partiya sədrlərinə də sanki bir örnək göstərib. Amma deyəsən, daim Avropa demokratiyasından danışan, partiya daxilində demokratik ab-havanın olduğundan dəm vuran digər müxalifət liderləri böyük əksəriyyətlə həmin örnəkdən nümunə götürməyi belə bacarmırlar. Müxalifət partiya rəhbərləri arasına elələri var ki, 15-20 ildir həmin təşkilata sədrlik edir. Bu müddət ərzində isə nə özləri, nə də onların rəhbərlik etdiyi təşkilatlar siyasi arenada hər hansı bir uğura imza ata bilməyiblər. Bu qüvvələr öz rəhbərlərinin başçılığı altında nəinki uğurlara imza atmayıb, hətta son illərin prosesi göstərir ki, həmin liderlər vəzifələrində qaldıqca müxalifət partiyaları daha ağır və zəif duruma düşür. Müxalifətin belə vəziyyətə düşməsinin başlıca günahkarı heç şübhəsiz ona rəhbərlik edən şəxsdir və bu hal onun düzgün olmayan siyasət yürütməsinin nəticəsidir. Bununla belə, sanki heç nə olmayıbmış kimi müxalifət liderləri yenə də sədrlik kreslosundan bərk-bərk yapışmaqda davam edirlər.

Millət vəkili Aydın Mirzəzadənin fikrincə, müxalifət liderlərinin əksəriyyətində istefa mədəniyyətinin olmaması onların şəxsi ambissiyaları ilə bağlıdır: "Müxalifət partiyalarının seçkilərdə məğlub olmalarının səbəblərindən biri də uzun zamandır sədrlik postunda əyləşən liderlərində istefaya getmək mədəniyyətinin olmamasıdan ibarətdir. Partiya uzun müddət bir nəfərin rəhbərliyi altında uğur qazana bilmirsə, dünya praktikasında həmin təşkilatda yeni lider seçilir və kursunda korrektlər edilir. Amma Azərbaycanda müxalifət partiyalarının əksəriyyətində nəinki lider, hətta ümumən siyasi rəhbərlik yerini gənclərə, yeni simalara vermək istəmir. Nəticədə onlar hər seçkidən seçkiyə daha ağır formada məğlubiyyətə düçar olurlar. Bu da şübhəsiz ki, siyasi ambissiyalar, politoliji qanunları dərindən bilməmələri, siyasi patriya marağından daha çox öz marağını güdməyindən irəli gələn məsələlərdir.Belədə isə, siyasət mübarizədir və bu hal həmin partiyanın zəifləməsinə, tərəfdarlarının ondan uzaqlaşmasına gətirib çıxarır. Vaxtilə bir neçə min üzvü olan müxalifət partiyalarının bu gün bir çoxu nəinki nüfuzlu deyil, heç siyasətdə aktiv də deyillər. Bu baxımdan seçim həmin o partiyanın və onun tərəfdarlarınındır. Onların gələcəyi özlərinin nə edəcəyindən asılıdır".

Politoloq Məmməd Əlizadə isə qeyd etdi ki, başqa sahələrdə iş görməyi bacarmayan müxalif liderlər partiya sədrliyində qalmaqla ən azından öz quru adlarını da olsa saxladıqlarını düşünürlər: "Bildiyimə görə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı növbəti qurultayda sədrliyə namizəd olmayacaq. Bu insan Azərbaycan cəmiyyətinə kifayət qədər tanış simadır. Onun Azərbaycanın azadlığı uğrunda xidmətləri var. Bununla belə, , sədrlikdən gedəcəyini bəyan etməklə gənclərə yol açdığını ortaya qoymuş olur. Amma təəssüf hissi ilə qeyd edilməlidir ki, hər hansı bir siyasi və digər sahələrdə cüzi uğura belə imza atmağı bacarmayan əksər müxalifət liderləri stoldan bərk-bərk yapışmaqda davam edirlər. Onlara ən azından Sabir Rüstəmxanlıdan nümunə götürməyi tövsiyə edirəm. İstefaya getmək niyyəti olmayan digər müxalif liderlərinə gəldikdə, onlar bilir ki, başqa çıxış yolları da yoxdur. Sədrlikdən getməklə hər şeyləri, cəmiyyətdə olan-qalan hörmət və nüfuzları da əldən gedəcək. Onsuz da son 20 il ərzindəki fəaliyyətləri bu müxalif liderləri alt-üst edib. Bu səbəbdən sədrlik kreslosundan bərk yapışıblar ki, ən azından bu adla olsa da cəmiyyətə çıxa bilsinlər. Amma unudurlar ki, cəmiyyət artıq onların sədrliyindən cana doyub. Belədə müxalifətə üzv olmaq istəyənlər də yox səviyyəsindədir".

Sizin Reklam Yeriniz